Dövlət yararsız avtomobillərə görə pul verəcək? – Utilizasiya ilə bağlı MÜSAHİBƏ

Nazirlər Kabineti 2019-2020-ci illərdə İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi ilə birlikdə Azərbaycanda yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqini təmin etməlidir. Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb. Bəs utilizasiya proqramı necə həyata keçiriləcək? 
Turkustan.info bildirir ki, BakuPost-un suallarını Dövlət Proqramının layihəsinin hazırlanmasında iştirak etmiş nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov cavablandırır:
– Gələn ildən nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və həyata keçirilməsində əsas məqsəd nə olacaq?
– Utilizasiya artıq istismar müddətini başa vurmuş, istismara yararlılığını itirmiş nəqliyyat vasitələrinin ləğv edilməsidir. Avtomobil istismara yaramır və Bakı kimi sız məskunlaşmış yaşayış məntəqələrində saxlamağa yer də yoxdursa, artıq lazımız bir şeyə çevrilir, əl-ayağa dolaşır. Hətta bəzən ekoloji problem də yaradır. Ona görə də dünyanın hər yerində utilizasiya var. Həmin avtomobilləri müasir sənaye üsulu ilə məhv edirlər. Yəni təkrar emala yararlı hissələrini götürüb təkrar emal edirlər, digər hissələri də tullantılar kimi ləğv olunur. 
– Nazirlər Kabineti utilizasiya proqramının 2019-2020-ci illərdə hazırlanmasını təmin etməlidir. Neçə illik maşınların utilizasiya tələbi qoyula bilər?  
– Utilizasiya proqramı hazırlanmalı, sonra da bu proqram həyata keçirilməlidir. Azərbaycanda avtomobilləşmə prosesi təzə vüsət alıb, indiyə kimi aktual deyildi. İndi isə bu məsələ aktualdır. Proqramda əsas məsələ il olmayacaq. Çünki dünyanın əksər ölkələrində 40-50 yaşı olan retro avtomobillər var, tam saz vəziyyətdədir. Əsas avtomobilin yaşı deyil, avtomobilə qoyulan texniki tələblərə, standratlara uyğunluqdur. Texniki tələblərə, standartlara uyğun olmayan nəqliyyat vasitələri də ləğv edilməlidir, bu, dünyanın hər yerində belədir.  
– Dünya təcrübəsində ətraf mühitə, ekologiyaya ziyan vuran avtomobillərin utilizasiya məqsədi ilə dövlət tərəfindən müəyyən maddi vəsait ödənilərək alınması təcrübəsi var? 
Картинки по запросу yararsız avtomobil
– Əslində yüksək avtomobilləşmə olan ölkələrdə dövlət utilizasiya çün hətta sahibindən pul da alır. Dövlət tələb qoyur ki, istismar müddəti başa çatmış avtomobili də təhvil ver, hətta utilizasiya üçün pul da ver. Ancaq Rusiyada, Qazaxıstanda yerli avtomobil sənayesini inkişaf etdirmək, əhalinin müəyyən sosial maraqlarını nəzərə alaraq, fərqli proqram qəbul edildi. Məsələn, Rusiyada kimin köhnə avtomobili vardı, onlara dövlət müəyyən məbləğdə pul ayırdı. Ancaq bu, məqsədli təyinat oldu. Tələb qoyuldu ki, həmin pula yalnız yerli istehsal olan avtomobil ala bilərsən. Başqa sözlə, dövlətin verdiyi pulun üzərinə müəyyən məbləğdə də özün pul əlavə etməli və yerli avtomobil almalısan. Həm də əhalinin sosial qrupları arasında fərq qoyuldu. Məsələn, İkinci Dünya Müharibəsi veteranlarına 50-70 faiz güzəşt edildi. Tutaq ki, müasir “Lada” avtomobilinin 70 faizi məbləğində veterana pul verilirdi ki, 30 faiz də özün qoy, təzə avtomobil al, köhnə avtomobilini də təhvil ver. Yəni Rusiyada ikili məqsəd – həm yerli avtomobil sənayesini dəstəkləmək, həm də köhnə, istismara yararsız avtomobilləri yığışdırmaq məqsədi vardı. Amma müasir inkişaf etmiş dövlətlərdə tam əksidir. Fransada, Almaniyada avtomobili təzə alanda insanlar bəri başdan utilizasiya fonduna müəyyən məbləğ ödəyirlər. Bu məbləğ elə də böyük deyil, bir neçə yüz dollar olur. Bu, o deməkdir ki, avtomobil yararsız vəziyyətə düşəndə əlavə ödəniş etmədən utilizasiya üçün təhvil veriləcək. Görək Azərbaycanda necə olacaq. 
– Azərbaycanda əhalinin sosial durumu yüksək olmayan təbəqəsində daha çox 20, 25 il əvvəl istehsal edilmiş, ekoloji tələblərə cavab verməyən avtomobillər var. Təzə avtomobillər isə kifayət qədər bahadır. Sizcə, Azərbaycanda utilizasiya üçün hansı variantın seçilməsi məqbuldur? 
– Amma birinin avtomobili də yoxdur, sosial vəziyyəti avtomobili olandan da pisdir. Bəs avtomobili olmayan da dövlətdən avtomobil almaq üçün pul istəsə, necə olacaq? Ona görə də görək Azərbaycan hökuməti hansı varianta üstünlük verəcək. Mən bunu bəri başdan nəsə deyə bilmirəm.
– Yəni köhnə, ekologiyaya ziyan vuran avtomobillərlə bağlı sərt tədbirlərin görüləcəyi barədə indidən bir söz demək çətindir? 
– Bunu demək mümkün deyil. Görək dövlət Azərbaycanda yaranmış situasiyanı, əhalinin sosial vəziyyətini avtomobilləşmənin perspektivini, indikini vəziyyətini nəzərə alaraq hansı variantı qəbul edəcək. Bu, gələcəyin işidir. İndidən demək olmaz ki,  yararsız avtomobillərə görə adamlara pul verəcəklər, yoxsa pul alacaqlar. Hələ bunu heç kəs deyə bilməz. 
– Ümumiyyətlə, avtomobillərin istismardan çıxarılması üçün əsas tələb nə olacaq? Ekoloji amil əsas götürüləcək?
– Tək ekoloji səbəb əsas olmayacaq.  Məsələn, avtomobilin banı əzik-əzik olubsa, bərpa edilə bilinmirsə, o da utilizasiya olunmalıdır. Utilizasiya odur ki, avtomobil bərpa edilə, istismara yararlı hala salına bilinmir, utilizasiyaya getməlidir.  
– Bu məntiqlə avtomobillərin istismara yararlı olub-olmadığını müəyyənləşdirmək üçün yeni formatda texniki baxış təşkil ediləcək? 
–  Texniki baxış daha da yaxşılaşdırılacaq, indikindən daha yaxşı olacaq. Üstəgəl, bu məsələ ilə bağlı maarifləndirmə işləri aparılmalıdır. İzah edilməlidir ki, birincisi, köhnə avtomobil ətraf mühiti çirkləndirir, ikincisi, insanın özü üçün təhlükədir, bir xırda qəza baş verəndə, ölə bilərsən. Yaxud xırda bir qəza zamanı başqasını öldürə bilərsən.  Ya da köhnə maşına görə külli miqdarda ziyana düşə bilərsən. İnsanları maarifləndirmək lazımdır. Müəyyən standartlar olacaq, yoxlanmamış heç kim deyə bilməz ki, avtomobil yararsızdır. Sadəcə, bunun üçün texniki baxışı mükəmməlləşdirmək lazımdır. 
– Dövlət Proqramında başqa daha hansı mühüm məqamlar var?
– Proqramda yolların infrastrukturu, yol hərəkətinin təşkili, yolların vəziyyəti, yolların işıqlandırılması, yol-nəqliyyat hadisələri baş verəndə ixtisaslı tibbi yardımın göstərilməsi, ümumiyyətlə, yol hərəkəti təhlükəsizliyinin bütün komponentləri yer alıb.   
– Sürücülərin hazırlanması sahəsində hansı yeniliklər olacaq?
– Proqram bir strategiya, məqsəddir. Proqramda sürücülərin daha yüksək səviyyədə hazırlanması da qarşıya bir məqsəd kimi qoyulub. Bu məqsədə çatmaq üçün hansı yeniliklərin olacağı gələcəkdə müvafiq sənədlərdə əksini tapacaq.
63 Baxılıb