Be. İyn 24th, 2019

Hacı Gülağa Abişovun 60 illiyinə məktub

Əziz qardaşım, Hacı Gülağa, sabah tezdən yol gedəcəm, səfərim var…
İndi dünya o qədər balaçalaşıb ki, qolf topu kimi ovucda saxlamaq olur…
Amerikadan göndərilən məktubun Azərbaycana çatması üçün aylarla gözləməyə ehtiyac yoxdur. Qarşımdakı sehirli güzgünün möcüzəsi onu sənə anındaca çatdıracaq. Məktubum bir nəfər haqqındadır, oxuyub cavab yazma:
Onun siması nurludur- İlahi işığdır, savab əhlində olur…
Bir dəfə bir xəstənin yaxın qohumu yanıma gəlmişdi. Xahiş edirdi ki, xəstəyə maddi yardım göstərək. Bu barədə bir neçə adama mesaj göndərdim. Axşamçağı xəstəxanaya, xəstəni yoluxmağa gedəndə deldiər ki, o da gəlmişdi. Hal-əhvalı öyrənəndən sonra xəstənin balışının altına pul qoyub getdi…
O, səxavətlidir- Yaradanın rüsumunu bəndələrinə çatdırmağı bacarır. Hər il Qurban bayramında dörd yüzə yaxın adama pay verir. Onların arasında korlar, şikəstlər, imkansızlar çoxluq təşkil edir. Hər dəfə ondan on iki pay götürüb aylarla ətə həsrət qalan adamlara mən vermişəm. Neçə dəfə olub ki, rayonumuzda yaşayan imkansız, tənha qadınlara sovqat aparanda xəbər tutub, zəng edib, sürücüsünə pul verib ki, mənə çatdırsın…
Böyükdür- qohum əqrəbada nə problem oldu, güc ona düşür. Bir neçə gəncin evlənməsində məsrəfləri o, ödəyib. Neçə-neçə imkansız tələbələrin illik təhsil haqqlarını cibindən verib. Bəlkə də on müəllifin kitabının işıq üzü görməsində səbəbkar o, olub…
Heç vaxt xeyir-şərdən dala qalmayıb. Yaşadığı şəhərdə hamının yanında hörməti var. İctimai çəkisi olan sakinlərdəndir. Şəhərin bir sıra məktəblərində təmir işlərinə vəsait ayırıb. Elə düşünməyin ki, bu pullar haram puldur. Əsla elə deyil. Min bir əziyyətlə yaratdığı müəssisədən qazanır…
Çox xeyirxah iş görüb, hamısını sadalamaq çətindir. Hələ Allahla öz arasında nə qədəri sirr qalıb… 
Nə isə, başını çox ağratdım. İndi özün de, belə adamı sevməmək olar?..
Bildinmi kimdən danışırdım? Xahiş edirəm, güzgüyə yaxınlaş, onu görəcəksən…
60 yaşın mübarək, əziz qardaşım!

Hörmətlə, Elman Eldaroğlu

ABŞ, Miçiqan