Milli Məclis, Xarici İşlər Nazirliyi və Disporla İş üzrə Dövlət Komitəsi – Xaricdə ən böyük uğur platforması

Bizi birləşdirən nədir? Bir vətəndə millət, xalq və dövlət olaraq birliyimizdən söhbət gedir. Yəni ümumi dəyərlərimiz var və bizi birləşdirən də budur.     

Harada yaşamağıımızdan asılı olmayaraq, Vətənimiz, dövlətimiz, bayrağımız kimi qürur hissi daşıyırıq. Vətəndən uzaqda olan hər kəs, sevdikləri yaxınında olsa belə, şüuraltı olaraq darıxır, doğma Vətən həsrəti çəkir…

Bu mənada, Vətən və onun keşiyində duran dövlət qürbətdəkilərin də dayağıdır, ümid yeridir, deyə bilərik. Xaricdəki həmvətənlərimizin də təbii olaraq güvənc yeri, umacağı var və nə yaxşı ki, bu gün onların ümidləri özünü doğruldur.

Bəzən şəxsi mövqelərin toqquşması səbəbindən xaricdəki həmvətənlərimizi birləşdirən təşkilatlar arasında,xaricdəki dövlət təmsilçilərinin şəxsi münasibətləri çərçivəsindəmüəyyən çəkişmələr yer alır, xalqımızın, dövlətimizin maraqlarına uyğun olmayan anlaşıılmazlıqlar baş verir. Lakingörünən odur ki, bu ötəri məqamlar Vətən və dövlət adlı dayaq gücünü qopara bilmir, ümid yerini sarsıtmağa qabil deyil. Dövlət hər zaman öz möhtəşəmliyini  tarixi vətənindən uzaq düşənləri unutmadığı ilə sübut edir. Diasporla İş Üzrə Dövlət Komitəsində (DİDK) dövlət tərəfindən aparılan son islahatlardan sonra demək olar ki, bütün gərginliklər aradan qaldırılıb.  Nəticə isə budur ki, artıq Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi (XİN) və Milli Məclisin parlammentlərarasıəlaqələr üzrə işçi qrupları birgə yola çıxıblar.

 Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov düşünür ki, elə bu cür də davam etmək lazımdır.

“Soydaşlarımızın koordinasiya olunması çox önəmlidir. Bu istiqamətdə səylərimizi davam etdirməliyik. Çünki elə təşkilatlar var ki, hansısa qüvvələrin təsiri altındadır. Hər halda, konfliktləri də kimsə arzulamır. Soydaşlarımızın koordinasiya olunmasının müsbət tərəfləri var. Bu zaman təşkilatlar koordinasiya olunmuş formada təşkilatlansalar, onların eyni rəhbərə yönəlməsini görsələr komitə ilə bir mövqedən çıxış etməyin vacibliyini dərk edəcəklər. Zaman-zaman komitə və təşkilatlar ayrı-ayrı mövqedə olublar. Bunun da müsbət tərəfləri yoxdur. Çünki soydaşlarımız bərabər addımlamağı öyrənməlidir. Artıq bir çox ölkələrdə Koordinasiya Şuralarına rast gəlmək mümkündür.  Ona görə də Diaspor Komitəsinin, Xarici İşlər Nazirliyinin və Milli Məclisin beynəlxalq fəaliyyətinin bir araya gəlməsi çox sevindiricidir. Təsəvvür edin: soydaşlarımızın qeydinə 3 qurum birdən qalacaq. Bu işə könüllü şəkildə başlanılıb. Belə də davam etmək lazımdır”

Diasporla İş üzrə Dövlət Komitəsinin beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Vüqar Məmmədov deyir ki, əvvəllər diaspor təşkilatları nəinki səfirliklərlə, heç bir-biri ilə yola getmirdi, hətta birgə tədbir keçirmirdilər.

“Bəzən olub ki, niyyət yaxşı olsa da, eyni şəhərin müxtəlif yerlərində   Novruz  bayramı, yaxud da Xocalı soyqırımı tədbiri təşkil olunub. Bu da diaspor təşkilatlarının arasında əlaqələrin olmadığını göstərirdi. 2018-ci ilin əvvəlində Dövlət Komitəsində dəyişiklikdən sonra məsələlər fərqli formada inkişaf etməyə başladı. Bütün diaspor təşkilatları bir araya gətirildi. Üstəlik təkcə diaspor fəaliyyəti ilə məşğul olanları deyil, xaricdə oxuyan tələbədən tutmuş orada yaşayan yaşlı insanlara qədər bütün azərbaycanlılar  bir araya gətirildi. Xüsusilə, bir çox xarici ölkələrdə yaradılan Koordinasiya şuraları da birləşmədə böyük rol oynadı.

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları da bu məsələdə aktivdir. Çünki azərbaycanlılar yaşadıqları ölkələrin siyasi proseslərində də yaxından iştirak edirlər. Ona görə də Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Milli Məclisin işçi qrupları birgə addımlamağa başlayıb.Artıq XİN və DİDK arasında əməkdaşlıq haqqında razılaşmaya uyğun olaraq Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərinə birgə fəaliyyətlə bağlı müvafiq məktub göndərilib. Bu istiqamətdə digər əlaqələndirmə tədbirlərinin həyata keçirilməsi də gündəlikdə duran məsələlərdəndir. Azərbaycanın həqiqətlərinin təbliği, mədəniyyətinin  tanıdılmasında hər bir qurumun öz  rolu var: XİN icra orqanını təmsil edir,DİDK birbaşa azərbaycanlılarla işləyir, Milli Məclis isə həmin ölkələrin siyasətçiləri ilə çalışır. Ona görə də üçlüyün birgə ideyasını alqışlayıram. Bilirik ki, “güc birlikdədir”. 3 qurumun birgə fəaliyyəti soydaşlarımızın inkişafına daha yaxşı xidmət edəcək.

Bizim işimiz ölkə rəhbərliyinin qarşıya qoyduğu siyasəti həyata keçirməkdir və buna borcluyuq”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, deputat  Sevinc Fətəliyeva da hər 3 qurumun birgə fəaliyyətinin müsbət cəhətlərindən danışıb.

“Hər bir məsələdə olduğu kimi, bu məsələdə də birlik olsa, böyük nailiyyətlər əldə etmək mümkündür.  Sadəcə, hər bir təşkilat müəyyən istiqamətdə fəaliyyət göstərir. Parlament səviyyəsində işçi qrupları  digər ölkələrin parlamentariləri ilə sıx əməkdaşlıq edərək dövlətimizin maraqlarını dünyaya  çatdırır. Düşünürəm ki, bu formada xeyli işlər görülür. Bu istiqamətdə parlamentin fəaliyyəti çox yüksək qiymətləndirilməlidir. Məsələn, bu il parlamentin 100 illiyinin keçirilməsini cənab Prezident İlham Əliyev xüsusi qeyd etdi. Yubiley tədbirində dünyanın müxtəlif parlamentlərindən təşrif  buyuran dostlarımız, işçi qruplarının rəhbərləri, üzvləri Azərbaycana gələrək böyük tarixi bayramda iştirak etdilər. Bu da  işçi qruplarının birgə fəaliyyətinin uğurlu olmasının bariz nümunəsidir. Diaspor təşkilatlarının fəaliyyətinə gəldikdə isə hansı ölkədə yaşamasından asılı olmayaraq,  hər bir azərbaycanlının ürəyi Azərbaycanla döyünməlidir. Təbii ki, xaricdə yaşayan hər bir azərbaycanlının fəaliyyətinin əsas istiqaməti dövlətini, vətənini təbliğ etməkdir. Əsas da, Azərbaycanı narahat edən, xüsusilə, Dağlıq Qarabağ məsələsini dünyaya çatdırmaqdır. Düşünürəm ki, bu istiqamətdə dövlət tərəfindən ciddi iş aparılır. Burada mütləq Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək lazımdır. “Xocalıya ədalət” kampaniyası bütün dünyada səs salıb. Bu layihədə, bu işdə  hər bir azərbaycanlının fəaliyyəti çox önəmlidir. Çünki bir milyondan artıq məcburi köçkünümüz var ki, onların işğal zamanı hansı dəhşətlərlə üz-üzə qaldığından bütün dünya agah olmalıdır. Xaricdə müxtəlif təşkilatlar mövcuddur. Onların arasında ən əsası sağlam rəqabətin olmasıdır. Rəqabət sağlam aparılanda və uğurlu nəticələr verəndə faydalıdır. Nə qədər faydalı fəaliyyətlə məşğul olarıqsa, bunun dövlətimiz üçün nəticəsi də uğurlu olar. Ən əsası birgə fəaliyyətimizi gücləndirməliyik. Bu zaman daha böyük uğurlarımızın olacağı qaçılmazdır”.

Belçika-Hollandiya Koordinasiya Şurasının əlaqələndiricisi, EuroAzNL cəmiyyətinin sədri  Emil Əliyev də 3 qurumun birgə fəaliyyətindən çox şeylər gözlədiyini bildirib.

“Diaspor Komitəsindəki son dəyişiklikdən sonra xeyli irəliləyiş nəzərə çarpır. Artıq Diaspor Komitəsinin müasir saytı, TV-si, radiosu  yaradılıb, yeni ideyalar dəstəklənir, diaspor fəalları və təşkilat rəhbərlərinə əməkdaşlıq təklif olunur. Hər bir diaspor fəalının fikirləri, layihələri nəzərə alınır. Koordinasiya şuralarının da fəaliyyəti müsbətdir. Düşünürəm ki, səfirliklərimizlə diaspor fəallarının birgə addımlaması çox yaxşı nəticələr verəcək. Əvvəllər təşkilat rəhbərləri ilə səfirlik arasında müəyyən boşluq vardı. Son təyinatdan sonra bu boşluq da yavaş-yavaş aradan qalxmağa başlayıb. Çünki xaricdə yaşayan azərbaycanlıların birləşməsi çox önəmlidir. Bu işə  Milli Məclisin parlamentlərarası işçi qruplarının da qoşulması uğurlu hadisədir. Çünki 3 qurum birgə formada xaricdə yaşayan azərbaycanlılara xidmət göstərəcək. Hər halda, uğurlu nəticələr gözləyirik”.

130 Baxılıb