Sərxan “Maşın şou”dan getdi – Finalçılar müəyyənləşdi – FOTO+VİDEO

Azərbaycanın ən çox müzakirə olunan realiti-şousu olan “Maşın şou. Hind kinosu”nun finalçıları müəyyənləşdi.

Turkustan.info xəbər verdiyi kimi, layihədə dörd iştirakçı qalırdı, halbuki finalda yalnız üç nəfər qalmalıdır.

Müzakirəyə Ranar Musayevin namizədliyi çıxarıldı. O isə ən emosiyasız iştirakçı kimi tanınırdı.

Ənənəyə sadiq qalaraq şoudan çıxmağa namizəd rəqibini açıqlamadı. “Kor-koranə” oyun həmişə özündə lazımı tamaşaçı səsi toplamamaq riskini daşıyır. Səsvermənin ilk nəticələri – 14 faiz Ranar Musayevin ürəyincə olmasa da, püşk artıq atılmışdı və axıradək oynamaq lazım idi.

Çox gözləməyə ehtiyac qalmadı. Şounun aparıcısı Murad Dadaşov Ranar Musayevi tribunaya dəvət edir və mümkünsüz mümkün olur. Tamaşaçıların təxminən 80 faizi Ranarın layihədə qalmasına səs verdi.

“Mən Sərxan Kərəmoğlunu seçirəm”, – deyə Ranar bildirdi.

Bununla da Sərxan finala bir addım qalmış şounu tərk etməli oldu.

“Mən zərrə qədər təəssüflənmirəm. Özünüz gördünüz və tamaşaçılar nəticə çıxara bilərlər. Yarımfinala çata biləcəyimi düşünmürdüm. Fiziki cəhətdən elə də güclü deyiləm. Məni əsəbiləşdirənlər var idi, onları layihədən kənarlaşdırdım. Finala çatanlar isə doğrudan da avtomobilə layiqdirlər”, – deyə Sərxan vurğuladı.

Öz növbəsində Ranar Musayev ona səs verən bütün tamaşaçılara minnətdarlıq etdi.

“Sərxan Kərəmoğluya görə bir az məyusam. Lakin bu, oyundur və mən oynamalı idim. Əmin idim ki, lazımı səs toplaya bilməyəcəyəm. Lakin möcüzə baş verdi. Bundan sonra əsl oyun başlayacaq. Artıq burada nə ledi, nə centlmen var. Bu oyunda əsas dözümlükdür və axıradək qala biləcəyimə əmin deyiləm. Xəyalə Quliyevanın təcrübəsi var. Səmra Rəhimlidən hər şey gözləmək olar. Ona görə də mübarizə apardığımız avtomobilin kimə çatacağını əminliklə söyləmək olmaz”, – deyə o öz qərarını şərh etdi.

Qeyd edək ki, “Maşın şou. Hind kinosu”nun finalına Səmra Rəhimli, Ranar Musayev və Xəyalə Quliyeva çıxıb.

Sizə videonu təqdim edirik:

ATV telekanalında saat 22.00-da layihənin növbəti buraxılışını qaçırmayın.

Qeyd edək ki, “Maşın Şou. Hind kinosu”na informasiya dəstəyini Oxu.Az və Baku.TV verir.

/oxu.az/

76 Baxılıb