Gənclərə şad xəbər: Karyera portalı yaradılacaq

Gənclərin peşə təhsilindən əmək bazarına inteqrasiyasının gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın hədəfləri sırasındadır.

Turkustan.info bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, bu məqsədlə sənəddə bir sıra fəaliyyət istiqamətləri əksini tapır. Onlardan biri də karyera (peşə) – məsləhət və karyera – planlaşdırma xidmətlərinin təkmilləşdirilməsi, o cümlədən rəqəmsal texnologiyalardan geniş istifadəyə keçidin təmin edilməsi və mərkəzləşdirilmiş karyera portalının yaradılmasıdır.

Portal ali və orta ixtisas müəssisələrini bitirən gənclərlə bağlı məlumatları əhatə etməklə, işəgötürənlərin bu məlumatlara real vaxt rejimində çıxışına imkan yaradacaq. Portalda əmək bazarında peşə və ixtisaslara olan tələbat barədə dolğun və real məlumatlar toplanacaq. Yeni peşə və ixtisas qazanmış gənclərin bu məlumatlarla, eləcə də peşə və ixtisaslarla bağlı işəgötürənlərin tələbləri ilə tanışlığına şərait yaradacaq.

Digər tərəfdən, əmək bazarına daxil olmağa hazırlaşan gənclər portal vasitəsilə əmək bazarında rəqabətədavamlı peşə və ixtisaslar barədə məlumatlar əldə edəcəklər. Bu da onların gələcək karyeralarını qurmaları üçün düzgün peşə-ixtisas seçiminə peşəyönümü dəstək verəcək.