Rusiya Xəzərdə gücünü niyə artırır? – Ciddi məqamlar

2027-ci ilə qədər Rusiya 4500 kilometrdən uzaqda yerləşən hədəfləri vura biləcək yeni Kalibr-M qanadlı raketlərini yaratmağı hədəfləyir. “Kalibr” raketlərin hazırkı maksimal uçuş məsafəsi 2 min kilometrə bərabərdir. Rusiya bu raketlərlə xüsusilə Xəzər və Qara dəniz donanmasını təchiz edib. Rusiyanın Xəzər dənizində olan Hərbi Dəniz Donanmasını gücləndirməsinin səbəbləri ilə bağlı Azərbaycan Prezidenti Katibliyinin keçmiş rəhbəri, prezidentin eks-köməkçisi, politoloq Eldar Namazovun Axar.az-a müsahibəsini təqdim edirik:

– Xəzəryanı ölkələr arasında Xəzərin hüquqi statusu ilə bağlı imzalanan Konvensiyanın şərtlərinə görə, Xəzərə digər ölkənin daxil olması qadağan edilib. İndiki ABŞ-Rusiya gərginliyi fonunda “Kalibr” raketlərinin Xəzərdə yerləşdirilməsinin məqsədi nədir?

– Haqlısınız. Belə ki, Xəzərin statusu ilə bağlı Konvensiya imzalanandan sonra hamı artıq Xəzər dənizi hövzəsində hansısa hərbi gərginliyin mövcud olmayacağını gözləyirdi. Eyni zamanda, Xəzər dənizi ətrafında hansısa regional konfliktlərin, təhlükəsizlik sistemlərinin problemləri ilə üzləşməyəcəyimiz ehtimal olunurdu. Ancaq proseslərin başqa istiqamətdə inkişaf etdiyini müşahidə edirik. Birincisi, Rusiya artıq Suriyada apardığı hərbi əməliyyatlar zamanı nümayiş etdirdi ki, Xəzər donanmasından həm Yaxın Şərq, həm də Asiya regionunda istifadə etmək niyyətindədir. Belə ki, Suriyada keçirilən hərbi əməliyyatlar zamanı Rusiya gəmilərindən 100-ə yaxın “Kalibr” raketlər sistemi Suriya istiqamətinə tuşlanmışdı. Bəllidir ki, İran və İraq dövlətləri Rusiyaya bununla bağlı razılıq vermişdi. Çünki həmin raketlər İranın və İraqın ərazisindən uçaraq Suriyada istifadə olunurdu. Bunun üçün rus hərbi gəmiləri İran sərhədinə maksimum yaxınlaşmışdı. Faktiki olaraq, Rusiya tərəfi Xəzərin İran sərhədlərinə çox yaxın hissəsindən “Kalibr” raketləri buraxdı. Asiya regionunda da buna ehtiyac yaransa, Rusiya Xəzər dənizi donanmasındakı həmin raketlərdən istifadə edə bilər. Bu artıq onu göstərdi ki, Xəzər dəniz donanması Rusiyanın hərbi doktrinasında, strategiyasında çox mühüm rol oynayır. Bu təkcə Xəzər dənizi ilə bağlı olan məsələ deyil, bütün Yaxın Şərq və Asiya regionu ilə bağlıdır. Yeni “Kalibr” raketlərinin uçuş məsafəsi iki dəfə artırılacaq. Bu, yenə də Yaxın Şərq və Asiya ilə bağlı Rusiyanın hərbi imkanlarını daha da gücləndirmək istəməsi ilə bağlıdır. Düzdür, formal olaraq, yeni “Kalibr” raketləri istehsal olunandan sonra Xəzər dənizindən Rusiya Avropanın hər bir ölkəsinə, Böyük Britaniya da daxil olmaqla, zərbə endirə bilər. Ancaq bunun üçün Rusiyanın başqa imkanları var: Kallinqrad vilayəti, Baltik dənizi. Ona görə də buna ehtiyac yoxdur. Aydın görünür ki, Xəzər donanması Rusiya üçün Yaxın Şərq və Asiya regionuna nəzarət üçün lazımdır. Bu imkanlardan Rusiya artıq Suriyada müharibə dövründə istifadə edib. Amma buna baxmayaraq, yeni “Kalibr” raketlərinin istehsalı üçün hələ ki, bəzi texniki problemlər var. Yeni raketlərlə bağlı mövcud olan planları həyata keçirmək lazımdır. Məsafəni iki dəfə artırmaq raketlərin ölçülərini də artırmağı tələb edir. İndi Rusiyada mövcud olan “Kalibr” raketlərindən hətta kiçik hərbi gəmilərdə də istifadə edilə bilər. Məsələn, Suriyaya açılan atəş zamanı kiçik raket gəmilərindən istifadə olunmuşdu. Ancaq istehsal olunması planlaşdırılan yeni raketlərin ölçüləri başqadır. Bunlara yeni tipli gəmilər lazımdır. Xəzər dənizində Rusiyanın həmin gəmiləri mövcud deyil. Ona görə Rusiyanın Xəzər donanmasını yaxın zamanlarda gücləndirəcəyi gözlənilir.

– Rusiya və İran Xəzərdə bu yaxınlarda yeni hərbi təlimlər keçirəcək. Nəzərə alsaq ki, Xəzər dənizində hər iki ölkə üçün heç bir mühüm təhdid yoxdur. Belə olan halda bu təlimlər niyə keçirilir?

– Rusiya İranla birlikdə Xəzər dənizində mütəmadi olaraq hərbi təlimlər keçirir. Bu təsadüfi deyil. Çünki tez-tez deyirlər ki, Rusiyanın ətrafında hərbi blok yaranıb, KTMT-nin üzvləri Rusiyanın hərbi müttəfiqləridir. Ancaq həmin təşkilatın üzvlərinin heç biri hələ Rusiya ilə müttəfiq kimi heç bir döyüşdə, müharibədə iştirak etməyib. Rusiyanın real hərbi müttəfiqi bu gün İrandır. Onlar Suriyada İranla birlikdə hərbi əməliyyatlar keçirirlər və hərbi əməliyyatları koordinasiya edirlər. İranla olan hərbi əməkdaşlıq səviyyəsində KTMT-nin üzvlərinin heç biri ilə Rusiyanın əməkdaşlığı mövcud deyil. Rusiyanın Xəzər donanmasını gücləndirməsi, eyni zamanda, İranla bağlı ola bilər. Çünki bu gün İran ətrafında çox ciddi proseslər gedir. İrana qarşı iqtisadi sanksiyalar tətbiq olunub. İranın ətrafında qarşıda ölkənin həm daxilində, həm də qonşu ölkələrlə bağlı konfliktlərin olması nəzərdə tutulur. Ona görə də Rusiya özünə müttəfiq saydığı və sıx əməkdaşlıq etdiyi rejimlə hərbi əməkdaşlığı daha da gücləndirir, öz hərbi qüvvələri ilə İranın sərhədinə yaxın yerdə konfliktlərə hazırlaşır. Bu mənada Rusiya üçün Xəzər donanması xüsusi önəm daşıyır. Rusiya Xəzər dənizində bütövlükdə Yaxın Şərq və Asiya regionuna cavabdeh olan yeni bir hərbi mərkəz yaradır.

– Bütün bu proseslər Azərbaycan üçün hər hansı narahatlıq yaradırmı?

– Azərbaycanın məqsədləri tam fərqlidir. Azərbaycan Yaxın Şərqdə, yaxud Asiyada hansısa konfliktlərdə iştirak etməyi planlaşdırmır. Azərbaycan üçün əsas vəzifə həm öz suverenliyini qorumaq, həm də Xəzər dənizində Azərbaycanın böyük iqtisadi maraqlarını təmin etməkdir. İqtisadi maraqlar dedikdə, neft və qaz ehtiyatlarının mühafizəsini təşkil etmək nəzərdə tutulur. Ancaq mən deyərdim ki, hərbi donanma baxımından Rusiyadan sonra Xəzər dənizində ən böyük işlər görən ölkə məhz Azərbaycandır. Bu sirr deyil. Azərbaycanda yeni hərbi donanmanın bazaları yaradılıb, yeni hərbi gəmilərin tikilməsi ilə bağlı mərkəzlər, zavodlar açılıb. Artıq dünyanın aparıcı dövlətləri ilə birlikdə Azərbaycanın özündə həmin hərbi gəmilər istehsal olunmağa başlayıb. Bununla bağlı bizim İsrail, Fransa, Türkiyə ilə əməkdaşlığımız mövcuddur. İldən-ilə bu əməkdaşlıq daha da güclənir. Bizdə istehsal olunan yeni hərbi gəmilər ən müasir raketlərlə, raket əleyhinə sistemlərlə, radar sistemləri ilə təchiz olunub. Keçən il bu mənada çox maraqlı oldu. Dünyanın bir çox aparıcı ölkələri Azərbaycana bu sahədə əməkdaşlıq təklif etdilər. Fransa və Türkiyə ilə danışıqlar çox uğurla həyata keçirildi. Ona görə də maraqlarının müdafiəsi baxımından Azərbaycan Xəzər dənizindən öz işlərini çox ardıcıllıqla və uğurla həyata keçirir. Bu mənada hesab edirəm ki, Azərbaycan hərbi imkanlar baxımından Xəzər dənizində Rusiyadan sonra ikinci dövlətdir. Biz artıq bu statusa son illərdə nail olmuşuq. Öz imkanlarımızı daha da genişləndiririk. Lakin bütün hallarda Xəzər dənizinin hövzəsindən Yaxın Şərq və Asiyada mövcud olan kofliktlərə, müharibələrə Rusiyanın müdaxiləsi Azərbaycan üçün də narahatlıq yaradır. Ona görə ki, Rusiyanın bu hərbi imkanlarına qarşı çıxan ölkələr öz raket sistemlərini artıq Xəzər dənizində Rusiya hərbi donanmasına qarşı yönəldəcək. Yəni haradan zərbə açılıbsa, o tərəfə də əks istiqamətdə raketlər tuşlanır. Bu mənada Xəzər dənizinin bu şəkildə militarizasiyası Azərbaycanın maraqlarına ziddir. Biz çox istəyərdik ki, Xəzər dənizində əməkdaşlıq məhz yeni iqtisadi layihələr, boru kəmərləri, neft və qaz yataqları ilə bağlı beynəlxalq layihələrin üzərində qurulsun. Xəzər dənizinin balıq ehtiyatları və digər imkanlarının istifadəsi nəzərə alınsın. Təəssüf ki, hər şey heç də arzulanan yolla getmir. Ona görə də Azərbaycan yalnız öz maraqlarını müdafiə etmək üçün hərbi imkanlarını genişləndirir.

39 Baxılıb