C. İyl 19th, 2019

“Sənə oxşayıram, oğul, get-gedə…” – Ehtiram İlhamın 50 illiyi münasibətilə Vasif Süleymanın yazısı…

Ehtiram İlham-50

Sənə oxşayıram, oğul, get-gedə…

Doğrudan da elə olub, lap oğlu Atilay kimi. Bir az incik, bir az küsəyən, bir az ərköyün. Heç elə bil 50 onun üçün deyil. Dünya onun üçün hələ də hələ də gözəl və işıqlıdır. İşıq Ələkbərin oğlu olduğundandır, – burasını dəqiq bilirəm. Amma hərdən misralarında özünü “həqarət” də edir:

Ehtiyacdandımı, ya yaşdandımı,

Azalır başımda ağıl, get-gedə.

Mən yaşadığımdı cəhənnəm özü,

Bitir cənnət haqda nağıl, get-gedə

Amma deyimi gözəldir. Poeziyanın “nəyi demək” yox, “necə demək” olduğunu ondan gözəl kim bilir ki…  Özü də nəyin fərqindədir, bilirsinizmi… Ehtiram İlham təkcə şeirlərini (nədən yazmasından asılı olmayaraq) böyük SEVGİ ilə yazmır ki, eyni zamanda gündəlik danışıqlarının, söhbətlərinin özü də sevgidir. Hər gün ürəyindən dilinə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin incilərini gətirən də, onu bu qədər saf, müqəddəs saxlayan da o sevgidir.

O sevgidir Ehtirama İlhama

Dünyada qalası dünya malıdı,

Tanrı sevdasıdı, haqq amalıdı.

Oğul atasına oxşamalıdı,-

Sənə oxşayıram, oğul, get-gedə,

deyib yazdıran da.

Ehtiram dünyada yaxşı olmayan hər şeyə üsyan edən, yaxşı olanları ürəyi ilə qoruyan qələm adamıdır. Hamının haqqında ən doğrunu danışdığı kimi, özü haqqında da ən doğrunu özü yazıb:

Yenə bürüyübdü dağlarını çən,

Torpağı tökülən qanla ölçülən.

Bütövlük istəyən bir halal Vətən,

Halallıq diləyən el orucuyam…

Hər deyən  tədbirlərə qatıla bilmədiyimdən məni ürəyindən silmiş olar, yəqin ki… Deyirəm ki, qardaş, Bəxtiyar Vahabzadənin təbirincə desək, – BALA ŞƏHƏRDƏDİR, ANASI KƏNDDƏ, GÖRÜŞƏ BİLMİRLƏR BİR MƏMLƏKƏTDƏ. Bizimki ondandır. Amma incikliyinin də sevgidən olduğunun fərqindəyəm. Adam sevmədiyi adamı görməyi arzulamaz ki…

Dörd il əvvəl mənim 50 illiyimin təşkilatçısı da sən idin. Amma mən qonaq qismindəyəm. Haml  Ehtiram İlham olsaydı, nə varıydı ki… Bir ətrafındakılara, 50 yubileyinin şəninə qoşulanlara nəzər yetir. Görürsənmi, nə boydaşan, dərdiş!

50-yə xoş gəldin. Hər şeyi özün yazıbsan:

Sözün naləsində, səsində azdım,

Qələmin ucuyla gorumu qazdım.

Yazdım… Ürəyimin qanıyla yazdım –

Bu 50 yaşımın 50 şeirini.

Vasif SÜLEYMAN