Türk xəbər məkanında ermənidilli saytlar – Azərbaycan nə zaman hərəkətə keçəcək?

Son zamanlar  Türkiyədə bir neçə yeni qəzet və xəbər portalı  fəaliyyətə başlayıb. Bunlardan biri- “Ermeni Haber Ajansı” Türkiyədə ermənidilli xəbər agentliyidir. Agentliyin daxilində ayrıca erməni işğalı altındakı Qarabağa dair bölmə var və daimi olaraq müxtəlif xəbərlər paylaşılır. Qeyd edək ki, rəsmi olaraq bu ilin fevralında Türkiyədə erməni dilində televiziya – “Luys TV” də fəaliyyətə başlayır. 6 yanvarda test yayımına başlayan “Luys TV”-nin İdarə Heyətinin nümayəndəsi Harutyun Kural bildirib ki, 15 gündə bir yayımlanan bu kanal Türkiyədə ilk olacaq: “Bundan sonra yeni xəbər televiziyasının erməni və türk dilində yayımı həyata keçiriləcək”. 

Bəs qardaş ölkədə yaşayan azərbaycanlıların kütfəvi informasiya vasitəsi varmı?  Azərbaycanla bağlı məsələlər necə işıqlandırılır?

Diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk  Cebhe.info-ya bildirib ki, Türkiyədə Azərbaycan təbliğatını yayımlayan saytlar olub: 

“Amma onların fəaliyyəti istənilən səviyyədə olmayıb. Çünki bunun üçün ciddi maliyyə imkanları və kadr potensialı lazımdır. Vətənpərvər insanlarımız öz imkanları daxilində nə lazımdırsa, onu da ediblər. Söhbət sistemli, hesablanmış fəaliyyətdən gedir. Amma son illər proseslər müsbətə doğru dəyişməyə gedir. Türkiyədə bu yaxınlarda “Xəbər Qlobal” televiziyası fəaliyyətə başlayıb. Orada Azərbaycanla bağlı doğru-düzgün, sistemli şəkildə verilişlər yayımlanır. Hələ təzə fəaliyyətə başlayıblar, ancaq televiziya peşəkar komandadan təşkil olunub. Onların qarşıda uğur qazanacağına inanıram. Bununla yanaşı, Türkiyədə yaşayan Səidə Ömərin aparıcılığı ilə “Bengü Türk” televiziyasında “Azərbaycan Rüzgarı” adlı veriliş yayımlanır”. 

Elnur Eltürk əlavə edib ki, əksər Türkiyə mediasının Azərbaycana münasibəti yaxşıdır:

“Azərbaycanın maraqları çərçivəsində məlumatlar yayımlanır. Düzdür, ara-sıra Azərbaycana qarşı təxribata cəhd baş versə də, qısa zaman ərzində qarşısı alınır. Erməni lobbisi birmənalı olaraq Azərbaycana qarşı ciddi, sistemli mübarizə aparır. Bu gün Türkiyədə 500 mindən çox erməni yaşayır və onların əlində kifayət qədər böyük maliyyə vəsaiti var. Bundan başqa dərnəklər, fondlar fəaliyyət göstərir. Həmin fəaliyyətlər isə dünyada yaşayan ermənilərin maraqlarının qorunmasına və güclənməsinə xidmət edir”.