Ça. İyn 25th, 2019

Bakıda küləkli havada gəmi dənizə çıxıb: “Azyaşlı uşaqların çığırtısı, ağlaşması …” – ŞAHİD

“SOCAR “28 May” adına NQÇİ-nin işçisi Fəxri Qurbanlı yazır: “Dünən iş vaxtı qurtardı, evə gəlməli idik. “Turan” gəmisinin səhər dəniz vağzalından yola düşməsini eşidib xeyli təəccübləndik””. 

Turkustan.info xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı öz “Facebook” hesabında yazıb.

“Küləkli hava günortadan sonraya proqnozlaşdırıldığından düşündük ki, gəmi geri qayıtmaz. Gəmi gəldi və məlum oldu ki, gəmiyə Çilovda sərnişinlər mindiriləcək, gəmi Neft Daşlarında sərnişinlərinin bir hissəsini düşürəcək və Bakıya gedəcək. Belə də oldu. Gəmi saat dördə işləmiş Çilovdan aralandı, beşin yarısında Neft Daşlarına çatıb sərnişinlərin bir hissəsini düşürdü və saat beşdə Bakıya istiqamət götürdü. Sərnişinlərin arasında körpə, azyaşlı uşaqlar da var idi. Yəqin ki, bunu oxuyanlar arasında dünən Bakıdakı küləkli havanı görənlər məni anlayarlar. Açıq dənizdə külək daha güclü idi. Gəminin içində olanları sözlə təsvir etmək çox çətindir. Gəmi elə atıb tuturdu ki, sərnişinlərin əksəriyyəti qaytardı. Qasırğa elə güclü idi ki, hətta gəmi kapitanı göyərtəyə çıxmamaqla bağlı çağırış etdi,  dənizə apara bilərdi (təmiz hava yırğalanmanın təsirinə dözməyə kömək edir). Azyaşlı uşaqların çığırtısı, ağlaşması lap təsirli idi. Nə isə, axşam onun yarısında sahilə çatdıq. Mən dəqiq bilmirəm küləyin sürəti nə qədər olduqda gəmilər dənizə çıxmamalı, sərnişin götürməməlidirlər. Amma dəqiq bilirəm ki, dünən bu normativlər kobud şəkildə pozulmuşdu. Çünki gəmi heyətinin üzvlərinin dediyinə görə, hətta gəmi də zədələnmişdi”,- deyə hadisə şahidi bildirib.    /Cebhe.info/