“Düzəlib hər yarağımız, qalıb saqqal darağımız” – Deputatdan həmkarının ay adları barədə təklifinə reaksiya

Milli Məclisin deputatı Fəzail İbrahimli millət vəkili həmkarı Tahir Kərimlinin təqvim aylarına milli adların verilməsi təklifinə münasibət bildirib.

Turkustan.info bildirir ki, F.İbrahimli “Ölkə.Az”a açıqlamasında bu cür təklifin məntiqsiz olduğunu söyləyib:

“İnanmıram ki, Tahir Kərimlinin bu cür düşüncəsinə kimsə şərik olsun. Axı ayların adını dəyişməkdə məqsəd nədir? Misal var ki, düzəlib hər yarağımız, qalıb saqqal darağımız. İndi mən bu təklifi başa düşə bilmirəm. Belə fikirləri söyləmək olmaz. Tahir Kərimli tarixin sınaqlarından çıxmış ağıllı adamdır. Hesab edirəm ki, belə fikirlər onun nüfuzuna xələl gətirir”.

Deputat Tahir Kərimlinin bu cür təkliflər səsləndirməsinə inanmadığını bildirib:

“Mən inanmıram ki, Tahir Kərimli belə desin. Bunu başqası deyə bilər, amma Tahir Kərimlinin dediyinə inanmıram. Mən Tahir Kərimlini normal adam kimi tanıyıram. Ona kifayət qədər hörmətim var. Mən Tahir Kərimlinin belə sözlər dediyinə inanmıram”.

Xatırladaq ki, Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli təqvim aylarına milli adların verilməsi təklifilə çıxış edib.

Tahir Kərimli “modern.az”a bildirib ki, zaman-zaman böyük dövlətlərdən asılılıq, digər hakim dillərin həyatımıza daxil olması səbəbindən dilimizin əsaslarının zəiflədilməsi prosesi gedib:

“Hesab edirəm ki, ana dilimizin ictimai, məişət və ədəbi həyatımızda daha üstün yer tutmasını təmin etməliyik. Övladlarımıza mümkün qədər daha çox milli adlar qoyulmalı, milli soyad sonluqları seçilməlidir. Yaradılmış hüquqi şəxslərə – müəssisə və məkanlara milli adlar verilməlidir. Bunun qanunvericilikdə nəzərdə tutulması da mümkündür”.

Deputat bir sıra dövlətlərin təqvim adlarını dəyişmək cəhdlərinin uğursuz olmasının, həmçinin, qarşılaşa biləcəyimiz digər çətinlikləri nəzərə alaraq, Qriqorian təqvimini saxlamaqla, paralel olaraq, təqvim aylarına aşağıdakı milli adları təklif edib:

1. İlk ay (yanvar)

2. Soyuq (çillə ay) ay (fevral)

3. Boz ay (mart)

4. Yağış ayı (aprel)

5. Çiçək ayı (may)

6. Əkin ayı (iyun)

7. İsti ay (iyul)

8. Biçin ayı (avqust)

9. Məhsul ayı (sentyabr)

10. Qızıl ay (oktyabr)

11. Xəzəl ayı (noyabr)

12. Son ay (dekabr)

“Sadə və anlaşılan bu sözlər 100 illərlə xalq dilində işlənib. Və mənasını hamı anlayır. Ukraynalılar “Serpen”, “Jovtnya”, “Listopada” ay adları işlətməklə özlərinə böyük hörmət aşılatdıra biliblər. Biz də ən azı məişət və ədəbiyyatda bu adlardan istifadə edə bilərik”.

Deputat əlavə edbi ki, bizdən asılı olacaq qədər dilimizdəki əcnəbi sözləri çevirib işlədə bilərik:

“Məsələn, “nəzərinizə çatdırırıq” sözü əvəzinə “baxışınıza veririk”, “təklif edirəm” sözü əvəzinə “irəli sürürəm”. “Feil” sözü əvəzinə “hərəkət”, “və” bağlayıcısı əvəzinə “ilə” və s. yüzlərlə belə sözləri öz dilimizdə anlaşılan şəkildə işlədə bilərik”.

Tahir Kərimli həmçinin qeyd edib ki, milli identifikasiyamızı təsdiq etmək üçün geyim, mətbəx və mədəni həyatımızda özünəməxsusluğu qoruyan atributlarımıza vətəndaşlıq hüququ qazandırmalıyıq.

Deputat eyni zamanda insanları bu təşəbbüsə qoşulmağa və dəstəkləməyə çağırırıb.