Müəllimlərə əlavə maaş: Ali məktəblər pulu nədən qazanacaq?

Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə (əməkhaqqına əlavələrə və digər stimullaşdırıcı ödənişlərə) yönəldiləcək. Bu, “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə öz əksini tapıb. Bu, ali məktəblərin şəxsi büdcə məsələsini gündəmə gətirib. Qeyd edək ki, Azərbaycandan fərqli olaraq, dünya ölkələrində ali məktəblərin şəxsi büdcələri var və bu büdcədən stimullaşdırıcı ödənişlərə sərf olunur. Ölkəmizdə isə universitetlər büdcədən asılıdır. 

Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, ekspert Kamran Əsədov “Cümhuriyət” qəzetinə dünya ölkələrində şəxsi büdcədən maliyyələşən universitetlərin siyahısını və büdcələrinin məbləğini açıqlayıb:

“1. Harvard Universiteti – 32 milyard dollar
2. Yale Universiteti – 19 milyard 174 milyon dollar
3. Prinston Universiteti – 17 milyard 162 milyon dollar
4. Stənford Universiteti – 16 milyard 502 milyon dollar
5. Massaçusets Texnologiya İnstitutu – 9 milyard 712 milyon dollar
6. Kolumbiya Universiteti – 7 milyard 789 milyon dollar
7. Miçiqan Universiteti – 7 milyard 725 milyon dollar
8.Pensilvaniya Universiteti – 6 milyard dollar, 582 milyon dollar
9.Notr Dam Universiteti – 6 milyard 383 milyon dollar
10. Duk Universiteti – 5 milyard 747 milyon dollar

 

Türkiyə universitetləri:

1. İstanbul Universiteti – 786 milyon 510 min TL
2. Hacettəpə Universiteti – 551 milyon 282 min TL
3. Ankara Universiteti – 541 milyon 982 min TL
4. Qazi Universiteti 537 milyon 509 min TL
5. Ege Universiteti – 479 milyon 132 min TL
6. Doqquz Sentyabr Universiteti – 421 milyon 122 min TL
7. Atatürk Universiteti – 382 milyon TL
8. Anadolu Universiteti – 378 milyon 833 min TL
9. Mərmərə Universiteti – 373 milyon 529 min TL
10. Səlcuq Universiteti – 342 milyon 805 min TL
11. Yaxın Şərq Texniki Universiteti – 336 milyon 810 min TL
12. Çuxurova Universiteti – 335 milyon 92 min TL
13. Uludağ Universiteti – 310 milyon 501 min TL

İlk növbədə, qeyd edim ki, 2019-cu il dövlət büdcəsinin təhsil sektoru üzrə xərcləri üçün 2 milyard 274 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Təhsil xərcləri üçün ayrılan vəsaitin 618.8 milyon manatı təhsil sahəsində digər müəssisələr və tədbirlərə (dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi ilə bağlı xərclər və bir sıra dövlət proqramları və tədbirlərin maliyyə təminatı və s.) ayrılacaq. Bundan başqa, təhsil pillələri üzrə ayrılan məbləğlər də burada yer alıb. Bildirək ki, məktəbəqədər təhsil xərclərinə 233.8, orta ixtisas təhsilinə 44.8, ali təhsilə 46.1, ilk-peşə ixtisas təhsilinə 39.7 milyon, 2.2 milyon manat isə əlavə təhsilin maliyyələşdirilməsinə yönəldiləcək. Son illər dövlət büdcəsindən ali təhsilə 180 milyon manata yaxın vəsait ayrılır. Bu məlumatda deyildiyi kimi, onun 35-40 milyon manatı Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun tələbə hesabı maliyyələşmə mexanizminə keçməyən 5 universitetə ayrılır. Yerdə qalan 140 milyon manata yaxın vəsait isə digər universitetlər arasında tələbə hesabı maliyyələşmə mexanizminə əsasən bölüşdürülür”. Ekspertin sözlərinə görə, inkişaf etmiş ölkələrin təcrübəsinə görə, təhsil xərclərinin öyrənilməsi dövlət maliyyələşməsi, özəl maliyyələşmə, beynəlxalq maliyyələşmə, qarışıq maliyyələşmə hissələrindən ibarətdir: “Amma bizdə buna rast gəlmək mümkün deyil. Türkiyə ölkənin 2019-cu il üzrə büdcə layihəsinə baxıram. Cəmi büdcə xərclərinin 18%-i təhsililə ayrılacaq və təhsil 1-ci yerdədi. Bizdə bu göstərici 10% ətrafındadı və 3-cü yerdədir. Eyni zamanda, Türkiyədə gələn il bütün təhsil xərclərinin 25%-i universitetlərə gedəcək. Bizdə 9%-dən azdır. Türkiyədə gələn ilki cəmi büdcə xərclərinin 5%-i ali təhsilə gedir, bizdə həmin göstərici 1.5% ətrafındadır. Ötən illər ərzində ölkənin maliyyə imkanlarının genişlənməsi sosial sferaya, o cümlədən təhsilə ayrılan vəsaitlərin həcminin artırılması üçün şərait yaradıb. Bununla belə, 2018-ci ildə təhsilə ayrılan xərclərin ÜDM-də xüsusi çəkisi 2.8% olub. Xatırladım ki, analoji göstərici Avropa ölkələrində 5-8% arasında dəyişir. Məsələn, Almaniyada təhsil xərclərinin ÜDM-dəki payı 2011- ci ildə 5.1%, Norveçdə isə 2018-ci ildə 7.3%-ə bərabər olub. Halbuki, sadaladığımız ölkələrdə təhsil xərclərində dövlətin payı ölkəmizdəkindən təxminən iki dəfə azdır. Azərbaycan həmin il bu göstəriciyə görə, dünya ölkələri arasında 148-ci yerdə qərarlaşıb. Etiraf edim ki, ötən illər ərzində dövlət büdcəsinin xərcləri sürətlə artsa da, təhsilə ayrılan xərclərin artım tempi büdcənin artım tempindən xeyli geri qalıb. Düzdür son 2 il ərzində təhsil sahədə çalışanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Lakin, bu sahəsində daha ciddi islahatlara ehtiyac var. Faktiki olaraq təhsil sektorunda çalışanların böyük bir qisminin digər iqtisadi fəaliyyət sahələrində aktiv fəaliyyət imkanlarının olmaması onların əlavə gəlirlər əldə etmək imkanlarını azaldır və nəticədə, bu sahədə çalışan insanların maliyyə təminatı zəif hesab edilir. Çünki, müəllimlərin təxminən 300 manat məvaciblə ailə büdcələrini formalaşdırdığı halda, onların fəaliyyətindən keyfiyyət tələb etmək mümkün deyil. Ölkə sosial infrastrukturun bərpası istiqamətində aparılan işlər təhsil infrastrukturunun da yenilənməsi və bərpasına səbəb olub. Bu sahəyə ayrılan vəsaitlərin önəmli bir qismi məhz infrastruktur xərclərinə aid edilib. Ölkənin şəhər və kəndlərində son 10 il ərzində 3500-ə yaxın məktəb tikilib istifadəyə verilib. Məktəbəqədər təhsil müəssisələrinin tikilməsi və yenilənməsi istiqamətindədə işlər görülüb. Hesab edirəm ki, təhsil sektorunda investisiya qoyuluşlarının şəffalığının artırılmasına ciddi ehtiyac var. Ali təhsil müəssisələrinin maliyyə fəaliyyəti ilə bağlı isə ümumiyyətlə şəffaflıq yoxdur. Universitetlərin maliyyə hərəkətliliyini görmək olmur. Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri olaraq bu sahədə apardığım araşdırmalar göstərir ki, bir çox hallarda təhsilə qoyulan dövlət investisiyası səmərəsiz istifadə edilir. Belə ki, araşdırma nəticələrindən aydın olub ki, eyni ildə yəni, bərabər iqtisadi mühitin diktəsində ABŞ səfirliyi tərəfindən tikilib istifadəyə verilən təhsil müəssisələrində bir şagird yeri üçün orta hesabla 638 manat vəsait xərcləndiyi halda Təhsil Nazirliyinin tikdirdiyi məktəblərdə analoji xərc 3 dəfə çox və ya 1870 manat təşkil edib. Çıxarılan nəticə ondan ibarətdir ki, həqiqətən də hökumət son illər təhsil istiqamətində investisiya xərclərini artırsa da, bu vəsaitlərin xərclənməsi prosesində səmərəlilik, şəffaflıq və effektivlik təmin edilməyib. Lakin qeyd etmək lazımdır ki, ötən illər ərzində həm ümumtəhsil müəssisələrinin və həm də məktəbəqədər təhsil müəssisələrinin tikilib istifadəyə verilməsi vəziyyəti əvvəlki illərlə müqayisədə müəyyən qədər yaxşılaşdırılıb. Ali təhsil müəssisələrinə dövlət tərəfindən ayrılan vəsaitlər düzgün istifadə olunmur, xərclənmir. Bir çox hallarda universiteti idarə edənlərin şəxsi məqsədlərinə, şəxsi bizneslərinə sərf olunur”. 

Kamran Əsədov onu da əlavə edib ki, ali təhsil müəssisələrində daha çox təmir-bərpa işlərinin görülməsi, yeni ali təhsil müəssisələrin azlığı və onların da paytaxtda tikilməsi disproporsional mühit formalaşdırıb:

“Yəni regionlar üzrə məqsədli paylanma həyata keçirilməyib. Universitetlərə ayrılan vəsaitlərdən dəfələrlə az məbləğdə təmir bərpa işlərinin görülməsinin şahidi oluruq. Düzdür, dövlət büdcəsindən təhsilin pilləri üzrə ən az xərc ali təhsilə ayrılır. Amma buna baxmayaraq, universitetlərin özlərinin də tələbələrin təhsil haqlarından kifayət qədər gəlirləri mövcuddur. Bundan sonra, universitetlər təkcə büdcədən asılı olmayacaq, eyni zamanda, ixtisaslara uyğun xidmətlər göstərib gəlir əldə edəcəklər. Bunu da universitet əməkdaşlarının əmək haqqının artmasına yönəldəcəklər. Yəni, artıq universitetlər əmək, istehsal bazarında birbaşa özləri iştirak edəcəklər. Universitetlər layihələr hazırlayacaqlar, kəşflər edəcəklər, tərcümə, təhsil xidmətləri göstərəcəklər”   /Cebhe.info/

83 Baxılıb