“Vikipediya”da Milli qəhrəmanlarımız haqqında xarici dillərdə məqalələrin yaradılması davam edir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında müxtəlif dillərdə məqalələrin yaradılması prosesi uğurla davam edir.

MEK-dən Turkustan.info-ya bildiriblər ki, “Vikipediya”da Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Səyavuş Həsənov haqqında rus və türk dillərində məqalə yaradılıb.

Məqalələrdə Milli qəhrəmanın həyatı və keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilir.

Qeyd edilir ki, S.Həsənov Qarabağı erməni qəsbkarlarının hücumlarından qorumaq üçün ilk yaradılan könüllü müdafiə batalyonlarına yazılır və Goranboy, Şuşa, Gədəbəydə gedən döyüşlərdə uğurla vuruşaraq düşmənə öz gücünü göstərir. 1992-ci ildə Səyavuşun olduğu dəstəyə QırmızıkəndI (Tərtər) düşməndən azad etmək üçün tapşırıq verilir. Dəstə kəndə doğru irəliləyir və güclü atəş səsləri eşidilir. Qumbaraatanla erməni tankını vuran Səyavuşun silahı və mərmisi tükənir. Döyüşün qızğın vaxtında silahsız qalan S.Həsənov qəfildən yerə yıxılır və həlak olur. Cəsur döyüşçünün cəsədi bir həftə sonra döyüş meydanından çıxarılır.

Qəhrəman döyüşçü ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Məqalə “Vikipediya” idarəçisi Araz Yaquboğlu tərəfindən yaradılıb.

66 Baxılıb