C. İyl 19th, 2019

Bakıda nişanlısını öldürüb, anasını yaralayan gənclə bağlı – Qərar/Qapalı

Bakının Sabunçu rayonunda ana və qızını güllələyən 1997-cu il təvəllüdlü Sabir Qədimov haqqında həbs qətimkan tədbirinin uzadılması barədə vəsatətə baxılıb.

Turkustan.info xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə baş tutan qapalı iclasda müstəntiqin vəsatəti təmin edilib.

Əlavə istintaq hərəkətləri aparılması üçün Sabir Qədimovun həbsdə saxlanma müddəti daha 1 ay artırılıb.

Xatırladaq ki, Sabir Qədimov həbs olunan zaman ona istintaq orqanı tərəfindən Sabir Qədimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

İstintaqın gedişi zamanı Sabir Qədimova əlavə olaraq Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə dabam öldürmə), 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə), 29, 120.2.2-ci xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd etmə), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd etmə) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, bundan əvvəl Sabir Qədimovun barəsində həbs qətimkan tədbiri ötən ilin noyabrında iki ay artırılmışdı.

İttihama görə, ötən il mayın 31-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində qəsəbə sakini Sabir Qədimov münaqişə zəminində tüfəngdən açdığı atəşlə tanışı, 17 yaşlı Aytən və onun anası, 55 yaşlı Esmira Cəfərovalara xəsarət yetirib və hadisə yerini tərk edib.

Xəstəxanaya yerləşdirilmiş Aytən orada ölüb, anasına tibbi yardım göstərilib, onun həyatını xilas etmək mümkün olub.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Sabir Qədimov saxlanılıb.

Onun evindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.

O, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib.

Bildirib ki, ailəsi bir neçə gün əvvəl Cəfərovlar ailəsinin qızı Aytən Cəfərovaya elçi gəlib. Əvvəlcə Cəfərovlar qızı Sabir Qədimova versələr də, sonradan məsələ pozulub.

Bu səbəbdən mayın 31-də, axşam saatlarında Sabir Qədimov Aytən Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib.

Sabir Qədimov qızın onunla nişanlanacağını, onunla evlənəcəyini deyib.

Aytən Cəfərova ilə mübahisədən sonra Sabir Qədimov evlərinə qayıdıb. O, babasına məxsus ov tüfəngini götürərək geri dönüb, Aytənlə yenidən mübahisə edib. O, tüfəngi atəş vəziyyətinə gətirən zaman qızın anası qabağa keçib. 21 yaşlı oğlan həm qızı, həm də anasını güllələyib.

Hazırda Sabunçu rayon Prokurorluğunda istintaq hərəkətləri davam edir.  /Teleqraf.com/