Ç. İyn 26th, 2019

“Xaos yaratmağa çalışan qüvvələr var” – Prezidentin köməkçisi Fuad Ələsgərov

“Azərbaycanın müstəqilliyini, onun inkişafını qəbul etməyən, cəmiyyətdə xaos yaratmağa çalışan qüvvələr, xalqımıza düşmən kəsilmiş insanlar var. Bu qüvvələr istər ölkə daxilində, istərsə də ölkə xaricində anti-Azərbaycan təbliğatı ilə məşğul olurlar. Bu məsələlərdə hər birimiz ayıq-sayıq olmalıyıq”. 

Modern.az azvision.az-a istinadən xəbər verir ki, Bunu Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov 2 Fevral Gənclər günü ilə bağlı açıqlamasında deyib.

F. Ələsgərov bildirib ki, müstəqilliyi, sabitliyi qorumaq heç də asan iş deyil. “Hər birimiz bu yolda əlimizdən gələni əsirgəməməliyik, dağıdıcı qüvvələrə qarşı öz gücümüzü göstərməliyik. Siz gənclər belə məsələlərdə fəal vətəndaşlıq mövqeyi nümayiş etdirməlisiniz”

Fuad Ələsgərov vurğulayıb ki, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı üçün sağlam gəncliyinin olması vacib şərtdir. Sağlam gənclik isə ilk növbədə vətənini sevən, dövlətinə, xalqına, bayrağına sadiq olan gənclik deməkdir. 

“Orduda xidmət edən zabit və əsgərlərin vətənpərvər olması xüsusilə vacibdir. Çünki onlar vətənin keşiyində durur, düşmənlə birbaşa təmasda olurlar. Eyni zamanda, unutmaq olmaz ki, torpaqlarımızın bir hissəsi hələ də Ermənistanın işğalı altındadır və bu torpaqların işğaldan azad edilməsi vəzifəsinin ağırlığı ilk növbədə hərbçilərimizin çiyinlərinin üzərinə düşür. Bu baxımdan, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi başlıca məqsəddir. Bu məsələdə hərbi hissə komandirləri də aktiv olmalı, tabeliyində olan əsgər və zabitlərlə ideoloji işi gücləndirməlidirlər. Bu, Ali Baş Komandan cənab İlham Əliyevin qarşımızda qoyduğu vəzifədir. 

Hesab edirəm ki, xüsusilə orta məktəblərin yuxarı siniflərində oxuyan gələcək əsgərlərin hərbi hissələrə səfərlərinin təşkili, onların qəhrəman əsgər və zabitlərimizlə təmasda olması şagirdlərdə artıq məktəb illərindən hərbi vətənpərvərlik hisslərinin güclənməsinə kömək edər. Bu, həm də şagirdlərin hərbi xidmətə marağını daha da artırar, onların vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyə edilməsinə töhfə verər”.