Möhkəm dayan yükü fərəhimiz olan məqamında

Şəmistan Əlizamanlıya kiçik yaşlarımdan bələdəm. Bələdən və məftunam. Onda dədə-babaların ab-havası var. Köhnənin ağır, ağa-bəy kişilərdəndir Şəmistan Əlizamanlı.

Onun meydanında və məclisində mən -“məndən içəri mən” oluram. Bu özünə qayıdan Türkün vüqarlı şəxsiyyəti adama ayrı qürur verir. Mahnıları ürəyimi dağlaya-dağlaya dağa döndərir. Vətənin, millətin tarixinə, dərdlərinə qaynayıb-qarışdırır məni. Vətənin taleyini onda daha çox öz taleyim kimi hiss edirəm. Mənə görə sənətkar üçün bundan böyük səadət yoxdur.
Ruhu şad olsun. Mürşüdümüz Elçi Bəyə heyranlıqla baxardıq. Geridən-geriyə Bəyi görmək belə bəzən bizi günlərlə yaşadardı. İçimizi böyüdərdi. Ancaq bir dəfə öz gözlərimlə gördüm Bəyin Şəmistan bəyi necə böyük bir sevgi ilə heyran-heyran süzməyini. Bəxtəvərlik bu olsa gərək.
Bu gün Anya da, Sonya da papulyarlıqda Şəmistan Əlizamanlı olmaq üçün Vətəndən, millətdən oxuyur. Olsun. Belə də gözəldir. Ancaq Şəmisatan bəy özü olanda Vətəndən- millətdən oxuyur, Vətəndən- millətdən oxuyanda ÖZÜ olur. Budur məsələ.Onun səsi dodağından yox mahiyyətindən gəlir.
Şəmistan bəy şəxsiyyət vitaminidir. Ruhu və şəxsiyyəti millətin xidmətində durur deyə səsi də millətin xidmətindədir.
Şəmistan Əlizamanlının mahnıları onun ürəyinin və ömrünün şəklidir. Onun ömründən barıt qoxusu gəlir. Şəmistan bəyin mahnıları hələ də öz qiymətini almayıb. Bir gavur əsiri deyirmiş ki, kamandirimiz onun səsindən elə vahimələndi ki, gələn səsi susdurmaq üçün radyoya 8 güllə sıxdı. Bəzən mənə elə gəlir ki, Şəmistan Əlizamanlı elə günü bu gün də düşmən üçün həmən o vahiməli səsinin , Türkçülüyünün, Vətənpərvərliyinin, şəxsiyyətinin, kişiliyinin cəzasını çəkir. Nə yaxşı ki, Vətəni böyüdəni kiçiltmək olmur.
Böyük Mustafa Kamal Atatürkün bir şüarı var:”Hər şey Vətən üçün”. Mən o adamı sevirəm ki, o məni irəli apara bilsin. Vətəni, milləti irəli apara bilsin. Şəmistan Əlizamanlı həmən insandır. Onun təvəllüdü neçə olsa da gerçək yaşı əsgər yaşıdır. Dünən də bu gün də sabah da. İgid əsgər möhkəm dayan. Möhkəm dayan yükü fərəhimiz olan məqamında. Məqamın mübarək olsun!

sevgilərlə Həmid ORMANLI

 

295 Baxılıb