“Bəzi “məmurcuqlar” Prezidentin gördüyü işlərin əksini edirlər” – Araz Əlizadənin yeni hədəfi

“Əgər insanlar cüzi maddi ehtiyac ucbatından oğurluq edirlərsə, buna görə cəmiyyət utanmalıdır. Maliyyə böhranı, gündəlik tələbat mallarının qiymətlərinin yüksək olması və iş yerlərinin çatışmaması, şübhəsiz ki, əmlak oğurluğu ilə bağlı cinayətlərin sayının artmasına gətirib çıxarır”.

Turkustan.info xəbər verir ki, bunu Sputnik Azərbaycan-a Milli Məclisin deputatı, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, paytaxt mağazalarından ərzaq məhsullarının oğurlanması barədə informasiyaları şərh edərkən deyib.

Əlizadənin fikrincə, yoxsulluqla mübarizənin bir yolu var ki, o da bazarın tənzimlənməsidir: “Bizim bazarda özbaşınalıq hökm sürür. Biz hələ də bazar münasibətləri mədəniyyətini öyrənməmişik. Azərbaycanda biznesmenlər istehlakçılara “sağmal inək” kimi baxırlar, bərabər tərəfdaş kimi deyil. Baxın, geyimləri 70-80 faiz endirimlə satırlar. Gör malların dəyərinə nə qədər əlavə etmək lazımdır ki, onu bu qədər böyük endirimlə satasan. Belə spekulyasiyalar nəzarətsiz buraxıla bilməz”.

Millət vəkili, həmçinin ərzağın qiymətinə də toxunub: “Ərzaq məhsullarının qiyməti hər gün qalxır. Mağazalarda qiymət etiketləri hər gün dəyişir. Məndə belə bir hiss var var ki, böyük şəbəkələr arasında qiymət anlaşması həyata keçirilir. Mən tez-tez bir supermarketin işçisinin digər rəqib marketdəki qiymətləri yoxladığının şahidi oluram. Əgər hansısa məhsulun qiyməti yüksəkdirsə, onda işçi dərhal bu barədə özününkülərə xəbər verir. Camaatı soyurlar”.

Onun sözlərinə görə, “Prezident insanların yaxşı yaşaması üçün çox işlər görür, amma bəzi “məmurcuqlar” bunun əksini edirlər”.

279 Baxılıb