ADAU-nun tələbə evində Mübariz İbrahimovun doğum günü qeyd edilib

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə evində Milli Qəhrəman, qəhrəmanlığı  dillər əzbəri olan gizir Mübariz İbrahimovun doğum günü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə şəhidlərin ruhu yad edilib.

Tərbiyə işləri üzrə prorektor Aidə Qasımova çıxışında bildirib ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Bilsəuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olub. 2005-ci ildə isə orta təhsilini başa vuraraq hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra gizirlik məktəbində oxuyan Mübariz xidmətini gizir kimi davam etdirib. 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Erməni hərbçilərinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir. Beş saat təkbaşına döyüşür. Qeyri-bərabər döyüşdə Mübariz qəhrəmancasına şəhid olur. Şəhidimizin cəsədi 141 gün düşmən tərəfində qalır. Noyabrın 6-da Mübarizin nəşi düşmən tərəfdən alınaraq İkinci Fəxri xiyabanda böyük izdihamla dəfn edilir. Prezident İlham Əliyevin sərəncamı ilə şəhid İbrahimov Mübariz Ağakərim oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür. 

Digər çıxış edənlər də Mübariz İbrahimovun qəhrəmanlığından danışıb, onun adının Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını və heç zaman unudulmayacağını söyləyiblər.

223 Baxılıb