Dövlət Sosial Müdafiə Fonduna ödənişlər artacaq – EKSPERT

“Prezident sərəncamla minimum əməkhaqqını 130 manatdan 180 manata qaldırdı, artım 40 faiz civarındadır. Təbii ki, müsbət addımdır, amma bəzi başqa nüanslar da var”.

Dövlət Sosial Müdafiə Fonduna ödənişlər artacaq - EKSPERT

Turkustan.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Ekspert hesab edir ki, minimum əməkhaqqının işəgötürənlər üçün də, işçilər üçün də ciddi əhəmiyyəti yox idi:

“Minimum əməkhaqqı bəzi hesablamalara təsir edirdi. Yeganə olaraq biznes rəsmi müqavilədə minimum əməkhaqqından az maaş göstərə bilməzdi, zatən ölkədə heç kim özəl sektorda aylıq 130 manata çalışmırdı. Dövlət sektorunda isə bütün müqavilələr rəsmi idi və maaşlar 130 manatdan çox idi, indi 180 manatdan çox olacaq, yəni bunun dövlət sektorunda çalışanlara daha çox xeyri dəyəcək”.

Bəs, əsas nüans nədir?

Natiq Cəfərli deyib ki, minimum əməkhaqqının ciddi artırılması yaxşı xəbər olsa da, DSMF-yə ödənişləri də artıracaq:

“Vergi Məcəlləsinə və İcbari Sosial Müdafiə ödənişləri qaydalarına edilən yeni dəyişikliklərə görə, VÖEN-lə və ya xidməti müqavilə ilə çalışanlar, fərdi sahibkarlar DSMF-na minimum əməkhaqqının 20 faizdən 50 faizə qədər (fəaliyyət növünə və yaşayış yerinə görə, formula uyğun) ödəməlidirlər. Əslində, DSMF çoxdan özünümaliyyələşməyə keçməli idi, amma buna imkan olmadı. Prezidentin verdiyi sərəncam fonda əlavə vəsait cəlb olunmasına səbəb olacaq, amma kiçik biznesin üzərinə də əlavə yük gətirəcək. Qərarın daha bir əhəmiyyəti odur ki, başqa ölkələrlə müqayisəli statistikada vəziyyətimiz bir az yaxşılaşacaq, daha 100 dollardan az minimum əməkhaqqı olan ölkələrin siyahasından çıxacağıq”.    /Cebhe.info/

284 Baxılıb