Rusiya-ABŞ müharibəsi – Qazanan kim olacaq?

“Rusiya Federasiyası tammiqyaslı müharibənin başladılması və aparılmasına yönəlik daha fəal məşq edir”.

Bu barədə İsveç Müdafiə Tədqiqatları İnstitutunun ekspertlərinin yaydığı məqalədə bildirilir.Müəlliflərin fikrincə, əgər əvvəl Rusiya kiçik lokal münaqişələrin tənzimlənməsinə daha çox diqqət ayırırdısa, indi strateji hərbi təlimlər daha genişmiqyaslı olub.Buna misal olaraq, ekspertlər “Qərb-2017″ təlimlərini göstərib.Burada 100 min hərbçi iştirak edib.”Şərq – 2018” təlimləri isə daha genişmiqyaslı olub və 300 min nəfəri əhatə edib.

Qeyd edilir ki, 2013-cü ildən etibarən Rusiya Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə sistematik olaraq nəzarət edilir. Bu proses davamlı olaraq ali baş komandan Vladimir Putinin şəxsi nəzarətindədir. Rusiyanın və ABŞ-ın Yaxın və Orta Mənzilli Raketlərdən İstifadənin Ləğvinə dair müqavilədən çıxmasından sonra başlanan silahlanma yarışması bu iki ölkə arasında qlobal və regional miqyaslı böyük müharibələrin baş verməsi təhlükəsini artırıb.Ona görə də ekspertlər son vaxtlar Rusiyanın ABŞ və NATO ilə hərbi münaqişənin yaranması ehtimalları üzərində təhlil aparır.

“Reuters” agentliyinin məlumatına görə, Vaşinqtonun nüvə silahına nəzarət haqqında son dərəcə əhəmiyyətli sazişdən çıxmasına cavab olaraq Rusiya 2021-ci ilədək iki ədəd yer bazalı raket kompleksi hazırlayacaq.Rusiya prezidenti Vladimir Putin ötən həftə ölkəsinin “Orta və kiçik mənzilli raketlərin ləğvinə dair” (OKRL) sazişdə iştirakını dayandırdığını elan edib.Putin Vaşinqton yeni raket sistemlərinin araşdırılması, hazırlanması və layihələndirilməsinə başlamağı planlaşdırdığını bildirib və Moskvanın da analoji şəkildə hərəkət edəcəyini deyib.

Onun sözlərinə görə, rusiyalı hərbçilər “Kalibr” qanadlı raketi üçün yer bazalı buraxılış sistemləri və səs sürətindən beş dəfə artıq, uzaq mənzilli raketlərin istehsalına başlamalıdır. Rusiya müdafiə naziri Sergey Şoyqu yeni sistemin hazırlanması üzrə işə başlamaq tapşırığı verib.Şoyqu yeni sistemlərin 2021-ci ilədək hazır olması üçün işin gələn ilin sonunadək başa çatacağına ümid edir.

Şoyqu müdafiə strukturlarının rəhbərləri ilə görüşdə ABŞ-ın sazişdəki məhdudiyyət hüdudlarını aşan, 500 kilometrdən çox radius məsafəsinə malik yer bazalı raketlərin üzərində aktiv işlədiklərini bildirib.Bununla əlaqədar Rusiya prezidenti Müdafiə Nazirliyi qarşısında cavab tədbirləri həyata keçirmək tapşırığı qoyub.

Yaranmış vəziyyəti şərh edən politoloq Nəzakət Məmmədova hesab edir ki, Rusiya genişmiqyaslı müharibə aparmağa qadir olan ölkədir.Lakin rəsmi Moskvanın belə bir addım atacağı inandırıcı görünmür. Belə bir müharibənin baş verməsi nəinki Rusiya, hətta bəşəriyyət üçün fəlakətlə nəticələnə bilər: 

“Rusiyanın nüvə silahı, güclü ordusu var. Rusiya özünün siyasi ambisiyalarını beynəlxalq miqyasda hərbi yolla müdafiə etmək qabiliyyətinə malikdir. Lakin Rusiyanın keçirdiyi böyük hərbi təlimlər daha çox özünümüdafiə xarakteri daşıyır.Rusiya NATO-nun genişlənməsinə, ABŞ-ın yeni dünya düzəni qurub, onu istədiyi kimi yönləndirməsinə, Çinin iqtisadi işğalçılıq yolu ilə dünyanı nəzarətə götürmək siyasətinə qarşı müdafiə planı qurur.Rusiya başa düşür ki, SSRİ deyil və ABŞ kimi fövqəldövlətlə bir çəkiyə gələ bilməz.Beynəlxalq münasibətlər sistemində yeganə fövqəldövlət ABŞ-dır.Rusiya, Çin isə regional böyük dövlətlərdir.Rusiyanın həmişə imperiya olmaq ambisiyaları onu həmişə mümkün qədər çox ərazilər zəbt etməyə, müharibə aparmağa təhrik edir.Amma Rusiya irimiqyaslı təlimlər keçirməklə həm müdafiə olunmağa çalışır, həm də qorxudur.ABŞ-ın vaxtilə SSRİ-nin nüfuz dairəsinə daxil olmuş regionlardan Rusiyanı sıxışdırıb çıxartması müşahidə olunur.Bu prosesi Balkanlarda, Yuqoslaviyada, Şərqi Avropada, Baltikyanı bölgədə, Afrikada gördük. Latın Amerikasından, Venesueladan, Yaxın Şərqdən, Cənubi Qafqazdan Rusiyanın sıxışdırılması baş verir. Artıq təhlükə Rusiyanın birbaşa sərhədlərinə çatıb.Ukraynada Rusiyanın pravoslav birliyinə zərbə vurulub.Yəni, Rusiyanın mənəvi dəyərlərinə, sivilizasiyasına zərbə vurulub.Rusiya artıq Ermənistandan çıxarılır.Rusiya hərtərəfli mühasirəyə alınıb.Artıq mübarizə Rusiyanın sərhədlərində gedir.Bundan sonra savaş Rusiyanın ərazisində gedə bilər.Ona görə də Rusiya hərbi təlimlər keçirməklə, yeni silah növlərini təntənəli surətdə təqdim etməklə özününün müdafiə strategiyasını nümayiş etdirir.Eyni zamanda, Rusiya özünün nüfuz dairələrini asanlıqla əldən vermək istəmir və SSRİ-nin vaxtilə sahib olduğu mövqeləri geri qaytarmaq istəyir.Yəni, Kreml həm hücum, həm müdafiə siyasətini həyata keçirir”.

Nəzakət Məmmədovanın sözlərinə görə, Yaxın və Orta Mənzilli Raketlərdən İstifadənin Ləğvinə dair sazişin pozulması qlobal müharibə riskini artırır. Amma ABŞ-la Rusiyanın beynəlxalq səviyyədə toqquşacağı real görünmür və bu sayaq məlumatlar sensasiya xarakteri daşıyır: 

“Amerika və Rusiya nüvə dövlətləridir. Nüvə silahının tətbiqi hər iki tərəfə ziyan vura bilər.Onlar dünyanın ayrı-ayrı bölgələrində müxtəlif dövlətlərin, təşkilatların, terror qruplarından istifadə etməklə, lokal səviyyədə toqquşa bilər.Məsələn, ABŞ Suriyada Rusiyanın “Vaqner” qrupunu məhv etdi.Vaxtilə belə qarşıdurmalar olub.Lakin heç vaxt iki böyük dövlət arasında açıq müharibə olmayacaq.Burada Çin amilini də nəzərdən qaçırmaq olmaz.ABŞ da, Rusiya da yaxşı başa düşür ki, onlar müharibə edib bir-birini məğlub etsələr, qalib gələn Çin olacaq.Ona görə də ABŞ və Rusiya bir-biri ilə toqquşmayacaq.Yeni raket növlərinin sınaqdan keçirilməsi, müxtəlif regionları özünə birləşdirmək uğrunda mübarizə davam edəcək”.     /Cebhe.info/

377 Baxılıb