“Heç şəm ilə ram olmaz pərvanələriz bizlər…” Paşa Əlioğlu Kərimov-60

      Hələ məktəb illərindən şeirlərini sevə-sevə oxuduğum, bir şeirini isə (“Qaytar ana borcunu” ) əzbərdən dönə-dönə söylədiyim şairin oğludur o. İllər öncə Əlyazmalar İnstitutunda  işə başlayanda  da  onu, əvvəlcə,  şair Əli Kərimin oğlu kimi tanıdım. Hətta bir neçə dəfə institutun dəhlizində hörmətlə salamlaşanda  bilmədən “salam, Əli müəllim” də demişəm  ona…  Amma o Əli Kərim – Əli Paşa oğlu deyil, Paşa Əli oğludur. Sözdən, poeziyadan özünə əbədi səltənət quran,  bənzərsiz  poeziyasının cazibəsiylə təkcə dünənin deyil, bu günün, hətta  “gələcək zamanların şairi”  olan  Əli Kərimin Sözlə, ədəbiyyatla nəfəs alan layiqli varisi, əziz övladıdır Paşa müəllim. Görkəmli mətnşünas alim, ədəbiyyat tarixinin tədqiqatçısı, filologiya elmləri doktoru, dosent Paşa  Əli oğlu Kərimov 1959-cu ildə Bakı şəhərində anadan olub. 1982-ci ildən,  Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirəndən AMEA Füzuli adına Əlyazmalar İnstitutunda çalışır.  Hal-hazırda Əlyazmalar İnstitutunun elmi işlər üzrə  direktor müavini, Multidistiplinar əlyazmalar və çap kitabları şöbəsinin müdiridir. 1991-ci ildə “Əlican Qövsi Təbrizinin “Divan”ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni” mövzusunda fəlsəfə doktorluğu, 2012-ci ildə isə  “XVII əsr anadilli Azərbaycan lirikası” mövzusunda  elmlər doktorluğu dissertasiyasını müdafiə edib. Uzun illərdir, klassik ədəbi abidələrimizin filoloji, tekstoloji araşdırılması və nəşrə hazırlanması işi ilə məşğuldur. İlk dəfə olaraq XVI-XVII əsr Azərbaycan şairlərindən Qövsi Təbrizi, Mürtəzaqulu xan Şamlu, Vəhid Qəzvini, Sadiq bəy Əfşar, Yusif bəy Ustaclu və b. türkcə divanlarını, XIX əsr şairi Mirzə İsmayıl Qasirin şeirlərini və bir sıra başqa abidələrimizi çap etdirib. Bu günədək 30-a yaxın kitabı, 400- dən artıq elmi və elmi-kütləvi məqaləsi işıq üzü görüb. Dünyanın müxtəlif  kitabxana və arxivlərində saxlanılan, Azərbaycan tarixində əhəmiyyətli rola malik bir çox qiymətli əlyazmaların AMEA Əlyazmalar İnstitutuna gətirilməsinə nail olub. Özbəkstan, Türkmənistan, Türkiyə, Əfqanıstan, İtaliya və b. ölkələrdə keçirilən  çoxsaylı  beynəlxalq konfransların iştirakçısıdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ədəbi yaradıcılığa şeirlə başlayan Paşa Əlioğlu bədii tərcümə ilə də məşguldur. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin elmi-bədii şurasının üzvüdür. “Azərbaycan”, “Filologiya məsələləri”, “Multikulturalizm” jurnallarının redaksiya heyətinin üzvüdür. Bu səmərəli elmi-ədəbi yaradıcılığı həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə bir sıra mükafatlara layiq görülüb.  Kamal Tahirin “Yorğun Savaşçı”  romanının tərcüməsinə görə Azərbaycan Yazıçılar Birliyinin  “Tofiq Bayram” adına mükafatına  (2001) , məhsuldar elmi fəaliyyətinə görə  Azərbaycan Milli Elmlər Akademiyasının “Fəxri Fərman”ına (2010)  , Ümumtürk ədəbiyyatına xidmətlərinə görə Türk Ədəbiyyatı Vəqfinin “Türk ədəbiyyatına xidmət baratı” mükafatına (2012)  və  Azərbaycan elminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının “Tərəqqi” medalına ( 2015) layiq görülüb.

    Paşa Kərimovu mətnşünas alim kimi dəyərləndirərkən,  hər şeydən öncə, onun  “Əlican Qövsi Təbrizi “Divan”ının  tekstoloji tədqiqi” monoqrafiyasının ön sözündə görkəmli şərqşünas Y.E.Bertelsdən mətnşünaslıqla əlaqədar gətirdiyi sitatı xatırlatmaq  istərdim. “Belə düşünmək lazım deyildir ki, klassik mətni nəşr etmək üçün bir neçə qədim əlyazma seçib, sonra onlardan bir mətn tərtib etmək kifayətdir. Abidənin nəşri nə mexaniki, nə də texniki işdir. Bu, mürəkkəb tədqiqat işinin xüsusi növüdür. Bu işə girişmədən öncə nəşr edilən müəllifi öyrənməyə çalışmaq, onun ədəbiyyat tarixindəki yerini və hazırlanan abidənin onun bütün yaradıcılığındakı yerini müəyyən etmək, həmin müəllifin lüğət tərkibi, onun üçün səciyyəvi üslub haqqında təsəvvür əldə etmək lazımdır. …Filoloq həm tarixçi, həm ədəbiyyatçı, həm də dilçi olmalıdır”. Zənnimcə, təkcə Bertelsin bu qiymətli fikirlərləri belə, uzun illər əlyazma mətnləri üzərində yorulmadan çalışan, zəhmətkeş bir alimin   elmi fəaliyyətini düzgün dəyərləndirməkdə  hörmətli oxucularımıza  kömək edər.

       Bu gün artıq 60 yaşı tamam olan Paşa müəllimi  “yazılı abidələrimizim yorulmaz tədqiqatçısı”, “elm fədaisi “, “fədakar əlyazmaçı”  adlandıranlar haqlıdır. Ömrünün 30 ildən çoxunu  böyük bir sevgiylə, yorulmadan əlyazma  abidələri üzərində çalışmaqla keçirən bu gözəl alim də atası, sevimli şairimiz Əli Kərim kimi Söz adlı sönməz bir  şamın cazibədar işiğının  pərvanəsidir. Sözə aşiq olan, onun işığına can atanlar –  Söz  şəminin pərvanələrindən danışarkən, Paşa müəllimin tədqiq və nəşr etdirdiyi Qövsi Təbrizi  “Divan”ından bir beyti xatırladım:

                “Heç şəm ilə ram olmaz  pərvanələriz  bizlər,

                  Zəncirə baş əydirmən, divanələriz bizlər”.

       Paşa Əlioğlu gözəl alim olmaqla yanaşı, həm də gözəl insandır. Yaşından və vəzifəsindən asılı olmayaraq, demək olar ki, bütün həmkarlarına  böyük həssaslıq və qayğıkeşliklə yanaşan  bu sadə və səmimi insanı yubiley  günlərində  bütün əzizləri, dostları, həmkarları təbrik edir, ona ən gözəl arzularını çatdırmağa tələsirlər. Mətbuat səhifələrində də haqqında dəyərli yazılar dərc olunmaqdadır. İnşallah, hələ qarşıda nə qədər görüləcək işlər, yazılacaq kitablar var. Nə qədər ki, tədqiqini gözləyən  qiymətli əlyazmalarımız var, “Yorğun savaşçı”nın tərcüməçisi, “yazılı abidələrimizim yorulmaz tədqiqatçısı” yorulmadan savaşmaqda, Söz cəbhəsində döyüşməkdədir. Bu yorulmaz fəaliyyətin isə mükafatı, sözsüz ki, böyükdür. Hər şeydən öncə, gözünün nuru, ürəyinin işığı bahasına  tədqiq etdiyi , gün işığına çıxardığı mənəvi xəzinəmizi – əlyazmalarımızı bizə miras qoyan   müəlliflərin, klassiklərimizin – Qövsi Təbrizinin, Mürtəzaqulu xan Şamlunun, Nəcəfqulu bəy Şeydanın, Vəhid Qəzvinin, Sadiq bəy Əfşarın və b. xeyir-duaları onunladır. Bir də ki, şeirlərini, kitablarını nəşrə hazırlayıb yenidən həyat verdiyi o əziz  və unudulmaz  atanın –  Əli Kərimin  əvəzsiz xeyir-duaları da var, axı. Paşa Əlioğlunun bu günəcən aldığı mükafatlar içində  ona həyat eşqi, yaşamaq həvəsi verən bir mükafatı da var  – Nəvəsi balaca Süleyman! Onu gənclik illərindəki kimi yenidən şeir yazmağa ruhlandıran,

                        “Gəlişi baharın xoş sədasıdır,

                        Mənim ilk balamın ilk balasıdır.

                        Sardı qəlbimizi sevinc dənizi,

                        Ruhumuz onunla sağalasıdır”, –

deyə  sevindirən balaca Süleyman  hələ  yenicə dil açmağa başlayıb. Babasını həmişə kitablar işində görən nəvə ona  “Tab( yəni, Kitab) baba”, – deyir.

                                               “Əl-qol atanda sanki

                                               Deyir: – Baba, mən balam!

                                               Kitabları çox sevir

                                              Mənim Süleyman balam…

                                               Işdən evə qayıdır

                                               Əlində kitab baba

                                               Ona görə adını

                                              O, qoyubdur “Tab baba”,

                                               Yəni ki, kitab baba!”

        “Göyərçin “ jurnalının builki ilk sayında uşaqlar  Paşa Əlioğlu adlı yeni bir uşaq şairi ilə tanış oldular. O şeirləri yazdıran, o şeirlərin qəhrəmanı isə  balaca Süleymandır. Paşa müəllimin şeir yaradıcılığıyla  ilk  tanışlığım  “Qar”  şeiriylə  olub. Vaxtilə Azərbaycan Radiosunun “Şəbəkə”  bədii-informasiya proqramında  haqqında hazırladığım reportajın sonunda çox xoşladığım həmin şeiri  də səsləndirmişdim.  Bu günsə  balaca nəvəsinin dünyaya gəlişiylə şair babanın könlündə, ruhunda  çiçəklər açıb:

                                  “Balaca nəvəsindən

                                   Sanki ilham alır o.

                                   Deyir: – Sevimli nəvəm,

                                  Kaş ki, tez boy ataydın,

                                  Kitabları oxuyub,

                                  Zirvələrə çataydın!”

    Yazımın əvvəlini   sevimli şairimiz  Əli Kərimlə başladım – Paşa Əlioğlunun atası  Əli Kərimlə. Yazımın sonunu isə  Süleymanla – Paşa müəllimin balaca nəvəsi haqqında şeiri ilə bitirirəm. Beləcə, bu kiçik təbrik yazım sona çatır. Ömürsə davam edir! Dəyərli alim qardaşım, gözəl mətnşünas alim, ədəbiyyat tarixçisi  filologiya elmləri doktoru , dosent Paşa Əli oğlu Kərimova  böyük hörmət, 60-dan sonra daha bir 60 il və hər zaman zirvələr  arzusuyla

 Dos.dr.  Şəlalə ANA Hümmətli                   

                                            

76 Baxılıb