Kamal Abdulla qalmaqallı dekanı işdən çıxardı

Azərbaycan Dillər Universitetinin filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli vəzifəsindən azad olunub.

Turkustan.info bildirir ki, bu barədə Oxu.Az-a universitetdən məlumat verilib.

Universitetin rektoru, akademik Kamal Abdulla Vüsalə Ağabəylinin 0.5 ştat üzrə baş müəllim vəzifəsində saxlanılmaqla dekan vəzifəsindən azad olunması haqqında əmr imzalayıb.

ADU-dan qeyd edilib ki, aparılmış müvafiq araşdırma zamanı qeyd olunan fakültədə tədris fəaliyyətinin gedişinə, tədris prosesi iştirakçılarının fəaliyyətinə və tədris sənədlərinin tərtibatına nəzarətdə və onların uçotunda bir sıra ciddi nöqsan və boşluqların mövcud olduğu, akademik qrup jurnallarının yarıtmaz vəziyyətdə aparıldığı müəyyən olunub.

Müraciətləri qanun çərçivəsində həllini tapmayan 31 tələbə universitetin rəhbərliyinə təkrar müraciət etmək məcburiyyətində qalıblar.

Bundan əlavə, keçmiş dekan tutduğu vəzifəsindən istifadə edərək onun səlahiyyətlərinə aid olmadığı halda 10 tələbəyə yazılmış qaiblərın nəzərə alınmasına dair qanunazidd qərarlar qəbul etməklə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərini pozub.

163 Baxılıb