Azərbaycanlı-çeçen insidentinə millət vəkilindən – Reaksiya

Moskvada azərbaycanlılar və çeçenlər arasında baş verənlər narahatedici məsələdir.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, çeçen və Azərbaycan xalqı arasındakı münasibətlər tarixin sınağından keçib:

“Çeçen və azərbaycanlı icmaları arasında bu cür hadisələrin təkrarlanmaması üçün danışıqlar aparılmalıdır. Hər hansı bir şəkildə bu iki millətin nümayəndələrinin toqquşması xoşagələn hal deyil. Bu, hər iki xalq üçün də utandırıcı hadisədir. Ona görə də bu məsələ ilə bağlı hər iki toplumun üzvləri, ağsaqqalları bir araya gəlməlidir. Çünki baş vermiş insidentdən sui-istifadə edərək xalqlarımız arasında düşmənçilik toxumu səpmək istəyən qüvvələr ola bilər. Onların bu istəklərinə çatmasının qarşısı alınmalıdır”.

Millət vəkili qeyd edib ki, çeçenlərlə bizi həm də din amili birləşdirir:

“Dini nöqteyi-nəzərdən də bu məsələləri həll etməyə borcluyuq. Bu cür halların qarşısını dərhal almalıyıq”.

Qeyd edək ki, fevralın 15-də Moskvadakı “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında insident baş verib.

412 Baxılıb