Onu siz də tanıyırsız…

Xaqani Şirvaninin bir deyimi var:- “Nə pis adamlardan yaxşılıq gözlə, nə də yaxşı adamlardan pislik”…
Yaxşılıq içdən gəlir, onu təcrübəylə qazanmaq olmur. Dünya yaranandan çox insanlar gəlib-gedib, amma nə pislik tükənib, nə də yaxşılıq. Onun da taleyinə yaxşılıq düşüb. Bəlkə də bu xislət ona dünyaya gəldiyi Laçın rayonunun təmiz havasından, ya da ki, dağ çeşmələrindən içdiyi saf sulardan keçib, bilmirəm. Amma bir şeyi dəqiq bilirəm ki, o, yaxşı əməllər üçün doğulub…
Haqqında söhbət açdığım insan sadə, təvazökar, mehriban bir xanımdır. Bütün fəaliyətini televiziyaya həsr edib, bir sıra verilişlər hazırlayaraq insanları maarifləndirməyə çalışıb. Səyləri hədər getməyib, bir neçə təşkilatın birgə keçirdiyi “Azərbaycan ailəsi – 2010” kino festivalı müsabiqəsinin “Ən yaxşı televiziya proqramı” nominasiyasında qalib olub. 2010-cu ildə aparıcısı olduğu “Ortaq məxrəc” tok-şousu Yaponiya, Meksika, Kuba, İran, Türkiyə, o cümlədən bir sıra ölkələrdən hazırladığı verilişlər və müxtəlif sənədli filmlər İTV-nin qızıl fondundadır. Qarabağ müharibəsindən bəhs edən- “54 gün mühasirədə”, “İgidliyin zirvəsi”, “Məhv edilmiş gələcək-Aygün”, “Şamaxı soyqırımı” və bir neçə sənədli filmlərin ssenari müəllifidir.
2011-ci ildə İctimai Televiziyadakı fəaliyyətinə görə Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatını alıb. Azad, məsuliyyətli və peşəkar jurnalist fəaliyyətinə görə dövlət və qeyri-hökumət təşkilatlarının, jurnalist birliklərinin onlarla diplom və mükafatına layiq görülüb. 
2015-ci ildə ölkədə kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəridir. Eyni zamanda İTV-də yayımlanan “Vətən uzaqda deyil” diaspor proqramının müəllifi və aparıcısıdır…
Deyir ki,- “Mənim iki ən böyük arzum var, Qarabağın azad olunması və övladımı xoşbəxt görmək”…
…Ömür-gün yoldaşı Hikmət Sabiroğlu əslən Şuşadandır. Orada doğulub, boya-başa çatıb. İxtisasca jurnalistdir. Oğlu Tural 23 yaşındadır. Neft Sənayesi Universitetini bitirib, elektrik mühəndisi ixtisasına yiyələnib…
Onun “sehirli qutudan” yayımlanan verilişlərini çox izləmişəm. Ciddi görkəmi, davranışı həmişə xoşuma gəlib. Əsl Azərbaycan xanımına xas olan keyfiyyətləri ilə yaddaşlarda yuva qurub, rəğbət qazanıb. Bir müdrikdən nümunə gətirib, söyləyir ki,- “Yaşamaq asan olsun deyə, arzuları kiçiltməlisən. Ömür elə də uzun deyil, böyük arzular çin olsa da belə, ömürdən öz payını götürür”…
Onu siz də tanıyırsız- Vəsilə Vahidqızını deyirəm. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini fərqlənmə diplomu ilə bitirib. Bəlkə də ona görədir ki, insanpərvərliyi, əsl Azərbaycan xanımına xas olan keyfiyyətləri ilə bir çoxlarından fərqlənir. Nə yaxşı ki, dünyada belə insanlar da var…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Görüntünün olası içeriği: 1 kişi, ayakta

216 Baxılıb