Əgər məndən soruşsalar ki, Elçin Şıxlınski kimdir, düşünmədən deyərəm, keçmişdən miras qalmış ən yaxşı dəyərləri içində gələcəyə daşıyan kişilərdən biri…
Deyir ki,- “Mənə vəzifə təklif olunmayıb. Bircə məsələni qeyd edə bilərəm ki, Ayaz Mütəllibovun zamanında atam gəlib dedi ki, “oğul, sənin Mərkəzi Komitədə şöbələrin birinə təyin olunmağınla bağlı vəzifə təklif ediblər. Bağışla, incimə məndən, sənin əvəzindən o vəzifədən imtina etdim”. “Çox yaxşı edib, imtina etmisən ata. Vəzifə mənlik deyil”- dedim”. Odur-budur tilsimə düşüb. O, vəzifədən, vəzifə də ondan uzaq gəzir…
Ola bilsin ki, jurnalistikada peşəkarlıq əsas amillərdən biridir, amma səmimiyyət, istedad və dürüstlük ondan da əsasdır. Elçin Şıxlınskidə bunların hamısı var. Amma mən onun necə jurnalist olduğundan yox, şəxsiyyət kimi necə göründüyündən söhbət açmaq istəyirəm. Onun kimin oğlu olduğu, hansı mühitdə böyüdüyü elə də önəmli deyil, önəmli olanı odur ki, özünə xəyanət etmir. “Ot kökü üstə bitər”i çox söyləmişik, amma yaddaşımızda- “Oddan kül törəyər”, ehtiyat kəlamımız da var. Deməli, kimin oğlu olmaq əsas deyil, əsas odur ki, sən hansı dəyərləri özündə ehtiva edə bilmisən…
…Elçin Şıxlınski 1957–ci il oktyabrın 4-də Bakı şəhərində dünyaya gəlib. 1974-cü ildə 190 nömrəli orta məktəbi bitirib. Həmin il indiki Azərbaycan Dillər Universitetinə qəbul olunub. 1979-cu ildə orada ingilis və alman dilləri müəllimi ixtisasına yiyələnib. 2016-cı ildə ayna.az saytı və Ayna TV-ni təsis edənədək hərbi xidmətdə və bir sıra inzibati işlərdə, eləcə də mətbuatda çalışıb. Evlidir, iki övladı var…
…Ömür qəribə bir möhlətdir. Əvvəlindən baxanda uzun görünür, sonundan baxanda qısa. Nə az, nə çox 62 yaşın içindədir…
Deyir ki,- “Heç vaxt köklü şəkildə ölkəni tərk etmək barədə düşünməmişəm. Arada insanın beynindən “bezdim, yoruldum” kimi hallar keçir. Dəqiq deyə bilərəm ki, ölkədən harasa getsəm, ürəyim partlayar və ölərəm. Azərbaycandan uzaqda yaşaya bilmərəm”…
Bunu ancaq vətən aşiqləri söyləyə bilər. Onlara vətəndaş da deyirlər və tən daş. Yəni Elçin Şıxlınski kimi…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

120 Baxılıb