Azərbaycanlı samboçu Rusiyada bir zərbəylə adam öldürdü

Rusiyanın Volqoqrad vilayətində 23 yaşlı azərbaycanlı samboçu Ruslan İsayev saxlanılıb. 

Rambler.ru-nun yaydığı məlumata görə, o, Aleksandr Babareviçin ölümündə şübhəli bilinir. 

Məlumata görə, hadisə fevralın 16-da “Loft” klubunun qarşısında baş verib. Belə ki, 19 yaşlı Aleksandr söyüş söydüyü Ruslanla danışmaq qərarına gəlib. Fiziki cəhətdən güclü olan İsayev Aleksandrın başına bir zərbə vurub. 19 yaşlı oğlan aldığı zərbədən dünyasını dəyişib. 

Saxlanılan zaman R.İsayev əməlini etiraf edib. Cinayət işi araşdırmalar başa çatdıqdan sonra məhkəməyə göndərilib. 

İlk məhkəmə iclası dünən baş tutub. Məhkəmədə bildirilib ki, R.İsayevin əvvəllər məhkumluğu olmayıb. Cinayət məcəlləsinə görə, İsayevi 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Hakimlər zalı tərk etməzdən əvvəl İsayev söz istəyib: 

“Mənim istintaqdan qaçmaq və ya gizlənmək fikrim yoxdur. Xahiş edirəm, məni ev dustaqlığına buraxasınız. Sonda təəssüf etdiyimi bildirmək istəyirəm”.

İclasda bildirilib ki, aparılan araşdırmalar zamanı A.Babareviçin aldığı kəllə-beyin travması nəticəsində öldüyü məlum olub. 

Cinayətin sosial riskini və saxlanılan şəxsin tibbi müayinədən keçməməsini nəzərə alaraq, hakimlər R.İsayevin iki ay müddətinə həbsdə qalması ilə bağlı qərar qəbul edib. 

577 Baxılıb