Gəncə şəhər prokuroru Fazil Həsənəliyev ADAU-nun tələbələri ilə görüşüb

Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Fazil Həsənəliyev Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrlə görüşüb. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, ali təhsil müəssisəsinin müəllim və tələbələri iştirak ediblər.
Tədbiri ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb. Bildirib ki, stabil və güclü dövlətin vətəndaşı olmaq hər bir gənc üçün böyük xoşbəxtlikdir. Azərbaycan da belə dövlətlərdəndir və gənclərin qayğı ilə əhatə olunması bir gerçəklikdir.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova isə çıxışında qeyd edib ki, hər bir gənc bilməlidir ki, onun əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirmək, onu qorumaqdır.
Respublikada böyük ictimai rezonansa səbəb olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısına qarşı törədilən terror aktı üzrə 29 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində həbs qətimkan tədbirləri seçilib, 11 nəfər beynəlxalq axtarışa verilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Eləcə də radikal dini yönümlü bir qrup şəxs tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi ilə əlaqədar 59 nəfər təqsirləndirilən şəxs həbs edilib, 1 nəfər barəsində isə həbsli axtarış elan olunub. Bu fikirləri isə Gəncə şəhər Prokuroru, baş ədliyyə müşaviri Fazil Həsənəliyev çıxışı zamanı söyləyib
Respublikada həyata keçirilən sosial-iqtisadi və siyasi islahatlar fonunda prokurorluq orqanlarının fəaliyyətinə həsr edilən tədbirdə prokurorluq orqanlarında gəncləşmə siyasətinin aparıldığı, cinayətkarlığa qarşı mübarizə və qanunçuluğun möhkəmləndirilməsi ilə əlaqədar fəaliyyətin davam etdiyi də xüsusi vurğulanıb. Bildirilib ki, 2018-ci ildə 1021 vətəndaş şikayətlə əlaqədar Gəncə şəhər prokurorluğunda qəbulda olub.
Tələbələrlə görüşdə antimilli müxalifət düşərgəsinin təmsilçiləri və onların xaricdəki havadarlarının pozuculuq fəaliyyəti pislənib, bu cür cəhdlərin qarşısının xalq-dövlət birliyi tərəfindən qətiyyətlə alınacağı vurğulanıb.

289 Baxılıb