İlham Əliyevdən yeni ANONS: “2019 əvvəlki illərdən fərqlənən çox ciddi il olacaq”

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.

Turkustan.info xəbər verir ki, dövlət başçısı görüşdə çıxış edib. Prezidentin çıxışından bəzi hissləri təqdim edirik:

Mənim ölkəmizin görkəmli mədəniyyət xadimləri ilə bir çox görüşlərim olub, həm fərdi qaydada, həm müxtəlif tədbirlərdə, mərasimlərdə, mədəniyyət ocaqlarının açılışlarında. Bu gün isə biz daha geniş formatda görüşürük. Hesab edirəm ki, buna ehtiyac var. Çünki ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur, bütün sahələrdə çox ciddi islahatlar aparılır. İslahatların yeni mərhələsinin anonsu keçən il prezident seçkilərindən sonra verilmişdir. Ciddi islahatların hazırlanması üçün keçən ilin ikinci yarısında çox fəal iş aparılırdı və bu ilin əvvəlindən genişmiqyaslı islahatlara start verildi. Bu islahatlar bütün sahələri əhatə edəcək. Buna ehtiyac var. Hətta inkişaf etmiş ölkələrdə daim islahatlar aparılır. İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Bu baxımdan 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaqdır. 
İqtisadi islahatlar imkan verdi ki, sosial sahədə çox ciddi addımlar atılsın. Bu ilin əvvəlindən keçən il ərzində hazırlanmış sosial layihələr icra edilməyə başlanmışdır. Azərbaycan vətəndaşları bunu yaxşı bilirlər. Minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz artırılması 830 minə yaxın insanı əhatə edir. Sosial müavinətlərin orta hesabla 100 faiz artırılması təxminən 600 min insanı əhatə edir. Çoxmənzilli binaların sənədləşdirilməsi təxminən 350-400 min insanı əhatə edir. Şəhid ailələrinin problemlərinin həlli, müavinətlərin artırılması və ödənişlərin verilməsi minlərlə insanı əhatə edir. Tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırıldı, bu da 100 mindən çox tələbənin maliyyə vəziyyətini yaxşılaşdırır. Digər sosialyönümlü addımlar, dünən imzaladığım Fərman 800 min insanı əhatə edir və deyə bilərəm ki, bu Fərmanın dünyada analoqu yoxdur. Fərmanı oxuyan, onu təhlil edən hər bir vətəndaş bunu görə bilər. Bu, çox ciddi bir sosial təşəbbüsdür. Dövlət bir daha göstərir ki, öz vətəndaşının yanındadır. Bizim iqtisadi imkanlarımız yarandıqca, ilk növbədə, problemli kreditlər məsələsini həll etməyə qərar verdik və bunu bacardıq. Onu da bildirməliyəm ki, ciddi devalvasiyadan əziyyət çəkən ölkələrin sayı kifayət qədər çoxdur və bizdən də dərin devalvasiyaya uğramış ölkələr vardır. Ancaq heç bir ölkədə bu dərəcədə sosialyönümlü, vətəndaşın marağını güdən addım olmamışdır. Yəni, bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir və bir daha bizim niyyətimizi göstərir.


Mən düz bir ay bundan əvvəl gənclərlə görüşdə dedim ki, bizim gənc nəslimiz milli ruhda tərbiyə olunmalıdır. Ancaq bu halda Azərbaycan əbədi müstəqillik yolu ilə gedə bilər. Buna nail olmaq üçün, əlbəttə ki, əsas amil bizim mədəniyyətimizdir, incəsənətimizdir, ədəbiyyatımızdır, ana dilimizdir, milli təfəkkürümüzdür. 

1. 323 Baxılıb