“Bədən Tərbiyəsi və İdman günü” Sumqayıtda qeyd edildi

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Bədən Tərbiyəsi və İdman günü” münasibəti ilə şəhərin idman təşkilatlarının rəhbərləri, bədən tərbiyəsi və idman veteranları, Əməkdar məşqçilər, Dünya və Avropa yarışlarının mükafatçıları, idman növləri üzrə baş məşqçilərin iştirakı ilə tədbir keçirilmişdir.

Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin Sumqayıt şəhərindəki abidəsinin önünə gül dəstələri qoymuşlar.

Əlamətdar gün münasibətilə Heydər Əliyev Mərkəzində iştirakçılar Gənclər Evinin uşaq və yeniyetmələrinin rəsmləri ilə tanış olmuşlar. 

Tədbirdə çıxış edən  Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov bayram münasibəti ilə iştirakçıları təbrik edib, dövlətin digər sahələrə olduğu kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin idman sahəsində gördüyü əvəzsiz işlərdən və onun layiqli davamçısı olan, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən, idmançılarımızın iştirak etdiyi mötəbər yarışlardan, ölkəmizdə təşkil edilən Beynəlxalq miqyaslı tədbirlərdən, əldə etdiyi yüksək nailiyyətlərdən və bu nailiyyətlərin qazanılmasında Sumqayıt idmançılarının özünəməxsus payı olmasından danışıb.

Sonra “Əməkdar Bədən Tərbiyəsi və idman xadim”ləri Məmməd Eyvazov, Əhməddin Rəcəbli, Qərib Əliyev, cüdo üzrə iki qat paralimpiya çempionu İlham Zəkiyev və Azərbaycan Qol Güləşi Federasiyasının Sumqayıt şəhəri üzrə yerli nümayəndəsi Zöhrab Mənsimov Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, şəhər icra Hakimiyyəti və adiyyatı üzrə idman Federasiyaları tərəfindən bədən tərbiyəsi və idman sahəsində gördüyü məqsədyönlü işlər və bu işlərin şəhərdə uğurla davam etdirilməsini vurğulayıblar. 

Daha sonra çıxış edən şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü işlər, uğurlu idman siyasətinin nəticəsində Azərbaycanın bütün bölgələrində möhtəşəm İdman Komplekslərinin tikilməsi, ölkəmizin hərtərəfli və dinamik inkişafı, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlar və s. haqqında geniş məlumat verib, İlham Zəkiyevi anadan olması və “Azərbaycan Respublikasının Əməkdar Məşqçisi” fəxri adının alması münasibətilə təbrik edib.

Sonda Sumqayıt şəhərində bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə görə bir qrup məşqçi-müəllimlər Baş İdarənin Plaketi, rəsm sərgisinin iştirakçıları sertifikatlarla təltif edilblər.

Qeyd edək ki, Sumqayıtda bayram münasibəti ilə idmanın futbol, cüdo və sərbəst güləş növləri üzrə müxtəlif yaş qruplarında yarışlar keçirilmişdir ki, bu yarışlara 500-ə yaxın iştirakçı cəlb olunmuşdur.

134 Baxılıb