Akademik Həmid Araslının nizamişünaslıq fəaliyyəti

Əzizağa Nəcəfzadə

filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi

Azərbaycan ədəbiyyatı tarixini mənbələr əsasında, qaynaqlardan əldə olunan məlumatlara istinadən sistemli şəkildə araşdıran ilk ədəbiyyatşünaslarımızdan biri də akademik Həmid Araslıdır. O, “Kitabi Dədə-Qorqud” dastanını, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi dünyaca məşhur Azərbaycan şairlərini ilk dəfə geniş oxucu auditoriyasına tanıtmış, onların irsi ilə bağlı fundamental tədqiqatlar aparmış, XII-XVIII əsrlərdə yaşamış bir sıra Azərbaycan şairlərinin elmi bioqrafiyasının ortaya qoyulmasında müstəsna xidmət göstərmişdir. Onlarla elmi monoqrafiya və kitabın, yüzlərlə məqalə və elmi-publisistik yazının, dərslik və dərs vəsaitlərinin müəllifi olmuş, böyük bir alim ordusunun yetişməsində yaxından iştirak etmiş bu böyük alimin bu yaxınlarda 110 illik yubileyi tamam oldu. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev sadalananlardan çıxış edərək 11 fevral 2019-cu il tarixində görkəmli ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həmid Araslının 110 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haqqında xüsusi Sərəncam imzaladı.

Görkəmli ədəbiyyatşünas alimin elmi fəaliyyəti çoxşaxəlidir. Lakin o, əsasən qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının araşdırıcısı kimi tanınmışdır. Qeyd etməliyik ki, qədim və orta əsrlərdə Azərbaycanda yaşayıb, zamanın tələbi ilə farsca yazıb-yaratmış Gəncəli, Şirvanlı, Təbrizli, Marağalı şairlərin öz xalqına qaytarılması istiqamətində ilk cəhd göstərən, onların bədii fəaliyyətinin bu ərazilərin tarixi, folkloru, mədəni mühiti və ən əsası dili ilə bağlılığını elmi əsaslarla sübuta yetirən, farsdilli poeziyada Azərbaycan məktəbi anlayışını ədəbiyyat tarixçiliyimizə gətirən, Nizami Gəncəvi irsini də bu baxımdan tədqiqata cəlb edən ilk ədəbiyyatşünaslardan biri, bəlkə də birincisi Həmid Araslı idi.

Təzkirə və cünglərdəki məlumatlara, tarixi şəraiti əks etdirən mənbələrə yaxşı bələd olan tədqiqatçı şairin elmi tərcümeyi-halını onun “Xəmsə”sindəki qeydlərinə əsasən müəyyənləşdirən, onun azərbaycanlı olmasını sübuta yetirən ilk alimlərimizdəndir. Bu məsələ onun elmi irsində qızıl xətt kimi keçir. Türk, türkçülük sözlərini dilə gətirməyin belə mümkün olmadığı bir dövrdə alim tədqiqatlarında şairin öz soy-kökünə olan məhəbbətini, doğma xalqı və vətəni ilə bağlılığını ön plana çəkərək Nizami irsini ilk növbədə bu nöqteyi-nəzərindən tədqiqata cəlb etmişdir.

Azərbaycan ədəbiyyatını dövrlər üzrə tədqiq edən Həmid Araslı Nizami yaradıcılığını ilkin mənbələr əsasında, şairin dövrü, ədəbi mühiti və müasirləri ilə bağlı öyrənən və bunu klassik irsin tədrisi ilə uzlaşdırmaqla fərqlənmişdir (Qeyd edək ki, alim 1943-cü ildə “XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı” mövzusunda filologiya elmləri namizədi, 1954-cü ildə “XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi” mövzusunda filologiya elmləri doktoru alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir).

1935-ci ildən elmi yaradıcılığa başlayan Həmid Araslı bütün elmi fəaliyyəti boyu Azərbaycanda, hətta ondan kənarda bu istiqamətdə aparılan tədqiqatları  müasir terminlə desək, “azərbaycançılıq” məcrasına yönəldənlərdən biri olmuşdur. Heç də təəccüblü deyil ki, mühacir həyatının hər anını Azərbaycanla nəfəs alan Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan şairi Nizami” adlı tədqiqatında Nizami sənətinin “Kitabi-Dədə Qorqud”la bağlılığından bəhs edərkən dastanın Azərbaycanda ilk naşiri Həmid Araslının fikirlərinə istinad etmiş, müəllifin adını çəkmədən (təqiblərdən qorumaq məqsədi ilə), 1943-cü ildə Bakıda nəşr olunan “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” kitabının I cildindəki yazısından sitat gətirməklə təqdiredici münasibətini bildirmişdir.

Həmid Araslı SSRİ Xalq Komissarları Şurasının 8 may 1938-ci il tarixində qəbul etdiyi Nizami Gəncəvinin anadan olmasının 800 illiyinin təntənəli şəkildə bayram edilməsi haqqında tədbirlər planından dərhal sonra bu istiqamətdə tədqiqatlar aparmağa başlamışdır. 1939-cu ilin 24 fevral tarixində “Ədəbiyyat qəzeti”ndə alimin “Nizami və yaradıcılığı” adlı məqaləsi dərc olunmuşdur. Bu məqalədə o, ilk dəfə Nizaminin yaradıcılığının Azərbaycan şifahi xalq ədəbiyyatı ilə bağlılığı məsələsinə toxunur və şairin ana dilində olan bəzi ifadələrini tərcümə etməklə əsərlərində işlətdiyini göstərir: “Azərbaycan dilinin, Azərbaycan folklorunun xüsusiyyətlərini bilmədən Nizami yaradıcılığının mahiyyətini anlamaq, onun dil quruluşunu, ifadə tərzini təyin etmək, forma xüsusiyyətlərindən danışmaq mümkün deyildir. … Azərbaycan folklorunun ən incə əsərlərini zənginləşdirən Nizami, xalq dilini, xalq ifadə tərzini farsca tərcümə edərək əks etdirmişdir”.

Həmid Araslının 1940-cı ildə Bakıda, “Uşaqgəncnəşr”də işıq üzü görən “Şairin həyatı” kitabı dahi Nizaminin elmi tərcümeyi-halı istiqamətində atılan ilk addımlardan idi. Onu da qeyd edək ki, əsərdə elmi faktlar bədii-publisistik dillə, bioqrafik roman çərçivəsində qələmə alınmışdır. Müəllif bu kitabda ozan Nizaminin adını Xıdır Nəbi gecəsində doğulması ilə bağlı İlyas qoyub, gələcək şairin ilk müəlliminin adı əxilərdən olan Xoylu İmaddır, Nizami “Leyli və Məcnun” dastanını ərəb əfsanəsi olaraq ravidən eşidib, Afaq Muğanın Uluslu kəndində doğulub,  şairə “Xosrov və Şirin”in məzmununu Bərdəli qoca danışıb və başqa bu kimi hələ dəqiq müəyyən etmədiyi faktları təxəyyülünü işə salaraq bədii düşüncə timsalında oxucuya çatdırır. Lakin Nizaminin türklüyünə, adı gedən kitabda isə azərbaycanlı olmasına inam əsər boyu qırmızı xətt kimi keçir.

Alimin eyni mövzuda kütləvi oxucu üçün nəzərdə tutulan, lakin dəqiq elmi araşdırmalara söykənən “Nizami və Vətən” kitabı Alban ədəbiyyatının bizə bəlli olan yeganə nümayəndəsi Davdaq, Nizami sələfləri Qətran Təbrizi, Əbül-Üla Gəncə­vi, Xaqani Şirvani haqqında məlumatla başlayır və burada Azərbaycan ədəbi məktəbinin Nizamiyə qədər keçdiyi yolun özəllikləri diqqətə çatdırılır. Qeyd edək ki, ərəbdilli və farsdilli ədəbiyyatda “Azərbaycan ədəbi məktəbi” istilahını elmi ədəbiyyata gətirən ilk alimlərdən biri də Həmid Araslıdır.

Həmid Araslı Nizami sənətinin həyatiliyini, həmişəyaşarlığını, yazıldığı tarixi şəraitin fövqündə durmağı bacardığını göstərir. Nizaminin bu gün də həyati əhəmiyyətini itirməyən yüksək ideallarını dövrünün aktual problemləri ilə bağlayan müəllif İkinci Dünya müharibəsi zamanı yazılmış bu kitabçasında xalqımıza xas vətənpərvərlik, qəhrəmanlıq, azadsevərlik və başqa yüksək sifətləri Nizami qəhrəmanlarından istifadə yolu ilə oxucularına aşılayır. O, şairin əsərlərində yüksək vətənpərvərlik nümayiş etdirdiyini vurğulayaraq yazır: “Nizami poemalarında tərənnüm olunan məhəbbət də vətən ilə əlaqədardır… Nizami öz poemalarında vətənə, xalqa xəyanət edən namussuz insanlara şiddətli nifrət bəsləyir. Şairin müsbət qəhrəmanları həmişə onlarla mübarizədə verilir”.

Şairin 800 illik yubileyinin qeyd olunduğu illərdə Həmid Araslının Nizami irsinin tədqiqi ilə bağlı nəşr etdirdiyi “Böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı” kitabı da eyni mövzunun davamı idi. Burada alim Nizaminin həyatı, yetişdiyi ədəbi-mədəni mühit haqqında daha geniş məlumat verir, Nizami və müasirlərinin əsərlərinə əsasən ədəbi təfəkkürdəki intibahı əsas alaraq şairin yaşadığı XII əsri Azərbaycan mədəniyyətinin qızıl dövrü adlandırır. Əvvəlki əsərlərində olduğu kimi, adıgedən kitabda da Nizaminin “Xətib Təbrizi və Qətran Təbrizi kimi məşhur şairlərin yaratdığı ədəbi məktəb”in davamçısı olduğunu əsaslandırır. Müəllif şairin müasirləri haqqında məlumat verərək onun dövrü,  mühiti barədə də mükəmməl təsəvvür yaradır. Nizaminin lirik irsinə, xüsusən də qəzəl yaradıcılığına münasibət bildirərkən şairin Azərbaycan lirikasının inkişafında mühüm rol oynadığını xüsusilə diqqətə çatdırır. Nizami poemalarının ümumi məzmununu verib təhlilə cəlb etdikdən sonra alim “Nizami və vətən” başlığı altında Nizami vətənpərvərliyinin mənbəyini açıqlayır: “Nizami Azərbaycanın tarixini yaxşı bilirdi. O, xalqının mərd, mübariz keçmişini, namuslu həyatını, şərəfli əməyini, nəcib sifətlərini, gözəl ənənələrini hərarətlə tərənnüm edirdi. Nizami xalqın bütün yüksək mənəvi zənginlikləri ilə tərbiyələnmiş və bu mənəvi zənginliklərə bağlı bir insan idi. O, bu zənginlikləri dastanlarda, nağıllarda dinləmiş, mahnılarda, laylalarda eşitmiş, tarixi kitablarda oxumuş, qocaların söhbətində, xalq sənətkarlarının məclislərində öyrənmişdi”.

Alimin fikrincə, Nizaminin həqiqi vətənpərvər kimi ayrı-ayrı xalqların tarixindən, tarixi şəxsiyyətlərindən bəhs edərkən öz vətəninin gözəlliklərindən danışması, hadisələri mümkün olduqca öz yurdu ilə bağlaması, öz millətinin tarixindən  bəhs edən hadisələri canlandırması doğma xalqına, öz vətəninə sonsuz məhəbbətindən irəli gəlir. “Şair təbii gözəlliklərini təsvir etdiyi ana vətənin qüdrətli tarixini və adamlarını da iftixarla tərənnüm edir”, – deyən alim Məhinbanu, Şirin, Nüşabə kimi mərd, cəngavər qadınların obrazını yaratmaqla müasirlərini ölkəsinin şərəfli tarixindən örnək almağa çağırırdı.

Həmid Araslı monoqrafik tədqiqatları ilə yanaşı, bir çox məqalələrində də Nizami yaradıcılığına münasibət bildirmiş, dahi sənətkarın  ayrı-ayrı əsərlərini, onun yaradıcılığına təsir göstərən amilləri, şairin ədəbi mühitini, özündən sonrakı ədəbiyyata təsirini və bir çox digər məsələləri araşdırmışdır. Alimin 1940-cı ildə nəşr olunan “Nizami” toplusunun 1-ci kitabındakı “Şərqdə “Leyli və Məcnun” əsərləri” məqaləsi də bu qəbildəndir. Burada orta əsr təzkirəçilərinin və alimin müasirləri olan digər müəlliflərin əsərlərində Məcnunun (Qeysin) tarixi şəxs kimi təqdim olunmasına münasibət bildirilir. Həmid Araslı Taha Hüseynin Qahirədə nəşr olunun “Əməvilər dövründə qəzəliyyat” məqaləsinə istinadən “Leyli və Məcnun” mövzusunun şifahi xalq yaradıcılığının məhsulu olduğu fikri ilə razılaşır. O, Məcnun haqqında rəvayətlərin müxtəlif dövrlərdə yarandığını və Məcnunun xalq təfəkküründə konkret real şəxsiyyətdən daha çox, aşiqlərin ümumiləşmiş obrazı kimi canlandığını qeyd edir. 

Məhz bu məqalədə Dunayevskiy adlı bir alimin qeydlərində “Leyli və Məcnun” haqqında rəvayətin eramızdan 6 əsr əvvəl  Babildə yaranması versiyasına rast gəlirik. Lakin Həmid Araslı Leylinin – Lilaqs, Qeysin – Qis, İbn Salamın isə Salamonun oğlu adı ilə verilən bir abidənin mövcudluq faktının şübhəli olduğunu söyləmişdir. Məqalədə əsərin yazılma səbəbi, mövzunun Nizami xələfləri tərəfindən inkişaf etdirilməsi və zənginləşdirilməsi məsələləri də hərtərəfli şərh olunmuşdur.

Alim “Nizami” toplusunun 2-ci kitabında da “Şərqdə “Leyli və Məcnun” teması” məqaləsi ilə çıxış etmişdir. O, burada əvvəlki məqalənin davamı olaraq ana dilində yazılan “Leyli və Məcnun”ları tədqiqata cəlb edərək ərəb şifahi ədəbiyyatından alınan bu mövzunun böyük Azərbaycan şairi Nizami qələmilə XII əsrdən məşhurlaşaraq, nəhayət, Füzuli əsərində ən yüksək səviyyəyə çatdığını bildirmişdir.

Həmid Araslı müqayisəli tədqiqat sahəsində işini davam etdirərək Nizami və Füzuli yaradıcılığındakı mövcud bənzərliklərə nəzər yetirir. O, “Nizami” toplusunun 3-cü kitabında çap edilən ““Yeddi gözəl” və “Yeddi cam” əsərlərinin müqayisəsi” adlı məqaləsində Nizaminin türklüyü ilə bağlı bir qeyd verir. Alim Nizaminin türklüyünü dövrün tələbinə uyğun olaraq heç bir şərh vermədən, yalnız şairin özünə istinadən çatdırmağa müvəffəq olur: “Sənətinə inanan sənətkar “türklüyünü bəyənməyən həbəşilərin türklərin gözəl dovğasından məhrum olduqlarını” söylədikdən sonra, “dəmiri qızıl adına satanları” gələcəyin mühakiməsinə tərk edir”.

Nizami Gəncəvinin doğma xalqına, qədim Azərbaycan mədəniyyəti və əski türk ədəbi qaynaqlarına bağlılığını elmi əsaslarla sübuta yetirən ən dəyərli əsərlərdən biri də alimin 1942-ci ildə qələmə aldığı “Nizamidə xalq sözləri, xalq ifadələri və zərbül-məsəllər” məqaləsidir. Həcmcə və mövzu əhatəliliyinə görə geniş olan bu yazıda Həmid Araslı şairin azərbaycanlı kimi düşünməsini, “Xəmsə”də maddiləşən bədii düşüncənin canlı xalq dili ilə bağlılığını müvafiq nümunələrə dayanaraq əsaslandırır. O, Nizami əsərlərində “xatun”, “sancaq”, “muncuq”, “gərdək”, “vusaq”, “tutuq” və başqa bu kimi türk mənşəli sözlərin tez-tez özünü göstərdiyindən, şairin yeri gəldikcə dilimizə aid leksik sonluqlardan yaradıcı şəkildə bəhrələndiyindən, bəzən də xalqımıza məxsus atalar sözü və məsəlləri sadəcə kalka yolu ilə çevirərək oxuculara fars dilində çatdırdığından söz açır. Müəllif cəsarətlə yazır: “Xalq ifadələri Nizami yaradıcılığının əsas ruhunu, qanını təşkil etmişdir.  Azərbaycanın zəngin təbiəti, mədəni nailiyyətləri və rəngarəng məişəti bu əsərlərdə əks olunduğu kimi, dili də bacarıqla işlənilmişdir. Sonrakı katiblərin kəlmələri təhrif edib Azərbaycan sözlərinin çoxunu farslaşdırmağa çalışmalarına baxmayaraq, biz Nizaminin dilində bir çox Azərbaycan kəlmələri olduğunu görürük”.

Alimin qızı Nüşabə Araslının 2011-ci ildə çap etdirdiyi “Azərbaycan nizamişünaslığının ilk mərhələsi və H.Araslı” adlı məqaləsindən Həmid Araslının şairin əsərlərində aşkar etdiyi onlarla belə Azərbaycan sözləri, ifadə və məsəlləri haqqında çap olunmamış qeydlərinin mövcudluğunu da öyrənirik.

Həmid müəllimin 1947-ci ildə dərc olunan “Nizami və Azərbaycan xalq ədəbiyyatı” adlı əsəri də böyük şairin Azərbaycan xalqına mənsubluğunu, onun əsərlərinin başlıca ideya-bədii qaynaqlarını milli dastan, nağıl və lətifələrimiz kimi xalq yaradıcılığı nümunələrinin təşkil etdiyini müqayisəli filoloji təhlil əsasında göstərən, bu gün də elmi əhəmiyyətini qoruyan, aktual bir araşdırmadır. Alimin mövcud araşdırmasında gəldiyi son qənaət belədir: “Yuxarıda verdiyimiz məlumat Nizami sənətinin Azərbaycan xalqının şifahi yaradıcılığı ilə üzvi surətdə bağlı olduğunu müəyyənləşdirir”.

Həmid Araslı Nizami Gəncəvinin ilk dəfə 1940-cı ildə nəşr olunan (Bu kitab 1956-cı ildə yenidən nəşr olunub.) “Qəzəllər” kitabına yazdığı “Nizami qəzəlləri haqqında” adlı ön sözdə də Nizaminin hətta qəzəl yaradıcılığında da xalqa bağlı olduğunu incəliklə ifadə edir: “Qədim şairlərin gözəl ənənələrini davam etdirən, onu yeni və yüksək bir pilləyə qaldırıb, yüksək sənət nümunəsi kimi səsləndirən Nizami Gəncəvi öz müasirlərindən fərqli olaraq, xalq mahnılarından, şifahi xalq ədəbiyyatından bacarıqla istifadə edərək, qəzələ bir yenilik gətirmişdir”.

Onun 40-cı illərdə nəşr olunan “Nizaminin lirik şeirləri haqqında” yazısı da alimin prinsipiallığını və tədqiqatının dəqiqliyini göstərir. Adıgedən məqalədə alim Nizaminin lirik şeirlərində təriqət ifadələrinin olmasını inkar etmir, müasirlərindən fərqli olaraq, qəzəlin Azərbaycan ədəbiyyatında Nizami ilə başlaması fikrini isə əsassız sayır. Sonuncu fikir alimin Nizaminin “Qəzəllər” kitabına yazdığı ön sözdə də (1956) təkrarlanır: “Qəzəl Nizami ilə başlamır. Nizamidən çox-çox əvvəl yaşamış şairlər qəzəl yazdıqları kimi, Nizami müasirləri də qəzələ biganə olmamışlar. Lakin Nizami qəzəlləri Nizami müasirlərinin qəzəllərindən çox fərqlənir”.

Həmid Araslı 1968-ci ildə Türkiyədə dərc olunan “Gülşəhri və Gəncəli Nizami” adlı məqaləsində də Nizami irsinin türk dilinə tərcümə tarixinə nəzər salmazdan öncə şairin türkcə düşünüb farsca yazdığını söyləmiş, onun əsərlərindəki “türk qoxusu”nun türk xalqlarını ona məhəbbətlə yanaşmağa sövq etdiyini fərəhlə qeyd etmişdir. Alim Nizaminin dilində türk sözləri və ifadələrinin işlədilmə tərzi haqqında yazır: “Nizami Gəncəvi şeir tarixində böyük Azərbaycan şairi Xaqanidən sonra Qaraxan, Qədirxan, Toğrul və Məlikşah adlarını qüdrətli hökmdar rəmzi kimi işlətmiş, Azərbaycan hökmdarlarını Əfrasiyab soyu kimi qeyd etmişdir. O, ilkin orta əsrlər türk dünyasının ən böyük mütəfəkkirlərindən biri Yusif Xas Hacibin 1069-cu ildə Qaraxanlılar dövlətinin hökmdahı Tabğaç Buğra xaqana ərmağan etdiyi “Qutadqu bilik” əsərindən faydalanmış, türk ata sözlərini fars dilinə çevirərək əsərlərini məna və bədii baxımdan zənginləşdirmişdir. Türk xalqının qısa, lakin mənaca dərin hikmətli ifadələrindən, xalq zəkasından çox faydalanmış və özü də belə mənalı aforizmlər yaratmışdır”.

Həmid Araslının Nizami poemaları barədə əsərlərində səsləndirdiyi fikirlər bu gün də nizamişünaslar üçün əhəmiyyətlidir. O, 1981-ci ildə “Sirlər xəzinəsi” əsəri haqqında qələmə aldığı məqaləsində səri bəhrinin ədəbiyyatımıza məhz bu əsərlə gəldiyini söyləməklə yanaşı, bizi maraqlandıran bəzi digər məsələlərə də toxunmuşdur. Məqalədə Nizaminin öz soy-kökünə olan rəğbətini açıq ifadə edərək o, poemanın dördüncü məqalətindən sonra verilən “Qarı və sultan Səncərin hekayəti”ndən sitat gətirib, qarının dili ilə şairin türklərin ədaləti haqqındakı fikrini eynilə oxucuya çatdırmaqla bu məsələyə diqqəti yönəltməyə çalışmışdır.

Alim şairin məqalətlərdə qoyduğu ictimai-siyasi düşüncələrini milli folklorumuzdan, şifahi ədəbiyyatdan aldığı hekayələrlə şərh etməsinə, xalq aforizmləri, məsəl və atalar sözləri ilə əsaslandırmasına da geniş yer verir. O, adı gedən əsərdə milli kökə bağlı sənətkarın xalq ədəbiyyatından bəhrələnməsi barədə fikrini belə ümumiləşdirir: “Əsərin canını iyirmi məqalət təşkil edir. Nizami hər məqalətdə bir məsələ qoyub, irəli sürdüyü fikri atalar sözləri kimi dərin mənalı beytlərlə canlandıraraq, sonra məişətdən, tarix və xalq ədəbiyyatından istifadə ilə yaratdığı hekayələrdə öz mütərəqqi görüşlərini daha bədii bir tərzdə aydınlaşdırır”.

Hələ 1953-cü ildə qələmə aldığı “Nizaminin yaradıcılığında xalqlar dostluğu” adlı məqaləsində isə, alim Nizaminin başqa millətlərdən olan qəhrəmanlarını Vətəninə gətirməklə onların ətrafında baş verən hadisələri təsvir edib Azərbaycanın  gözəlliklər və mərdlər yurdu olduğunu göstərdiyini, həmin əcnəbi qəhrəmanların dili ilə el-obalarımızı tərənnüm etdiyini bir daha nəzərə çatdırır: “O əsərlərinin qəhrəmanlarını dəfələrlə vətəninə gətirir, burada hakimiyyət sürən ağıllı hökmdarlarla qarşılaşdırır. Xosrov atasından qaçdığı zaman Bərdə şəhərinə gəlir. Nizami Şapurun dili ilə Bərdə hökmdarı Əfrasiyab nəsilli Məhinbanunun qüdrət və qüvvətini tərif edir. … Nizami həmin əsərində Məhinbanunu böyük bir dövlət xadimi kimi tərənnüm edərək, onun yaşadığı ölkənin gözəlliklərini də təsvir edir”.

1982-ci ildə təkrar nəşr olunan “Xosrov və Şirin” poemasına yenidən yazdığı “Ölməz məhəbbət dastanı” adlı ön sözdə də Həmid Araslı bu poemada Azərbaycan təbiətinin gözəlliklərinin verilməsini, əsərdə Bərdə çəmənlikləri, Kəpəz dağı, Göy göl mənzərəsinin təsvirinin yer almasını da şairin vətənpərvərliyi ilə bağlayır.

Həmid Araslının Nizami Gəncəvi yaradıcılığı ilə bağlı tədqiqatı alimin elmi fəaliyyətinin 50 ildən artıq bir dövrünü əhatə edir. Onun “Gülşəhri və Nizami Gəncəvi”, “Nizami və özbək ədəbiyyatı”, “Nəvai və Azərbaycan ədəbiyyatı” kimi klassik ədəbiyyatda ədəbi əlaqələrin rolunu və Nizami ədəbi məktəbinin arealını öyrənən xüsusi tədqiqat əsərlərində də Nizaminin ümumtürk zəmininə bağlılığı məsələsi özünün aydın əksini tapır. Məqalədə onların hər birinə ayrıca yer ayıra bilməsək də, alimin bu problemə həsr olunan araşdırmalarının bu gün də elmi əhəmiyyətini itirmədiyini, baş verən hadisələrlə yaxından səsləşərək müasir həyatın tələblərinə tam cavab verdiyini və dünya nizamişünaslığında mötəbər mənbə sayıldığını söyləməyi özümüzə borc bilirik.

Azadə Rüstəmova Həmid Araslının ədəbi-elmi fəaliyyəti haqqında 1999-cu ildə qələmə aldığı “İnad və səy, zəhmət və məhəbbətin vəhdəti”  adlı məqaləsində alimin çoxşaxəli yaradıcılığında Nizamidə millilik və türklük məsələlərini işıqlandırması sahəsində xidmətlərini belə yekunlaşdırır: “Həmid müəllim səy və zəhmət, inad və məhəbbətlə şairin emalatxanasına müdaxilə etmiş, tutarlı dəlillərlə böyük sənətkarımızın öz doğma dilində düşünüb, tarixi-ictimai-siyasi olaylardan çıxış edərək farsca yazdığını sübuta yetirmişdir. …Alim konkret faktlar və müqayisələr yolu ilə ilk dəfə olaraq Nizami poeziyası ilə Azərbaycan nağıl və dastanları, xüsusən, “Kitabi-Dədə Qorqud” arasındakı səsləşmələri qələmə almış, Nizami şeirində Azərbaycan türkünün həyat və məişət tərzini, xalqımıza dair bir sıra xarakterik cizgiləri, mərasimləri, adət və ənənələri təsvir edən bədii lövhələri tədqiqat mövzusuna çevirmişdir”.

Həmid Araslının 110 illik yubileyi ilə əlaqəda qələmə aldığımız bu məqalədə biz alimin Nizami ilə bağlı əsərlərinin yalnız müəyyən bir qismini nəzərdən keçirdik. Şərh edib, haqqında danışdığımız araşdırmalardan isə belə bir ümumi qənaətə gəlmək olur ki, Nizami əsərlərini ana dilində yazmasa da, həmişə vətəni Azərbaycana və doğma xalqına cani-qəlbdən bağlı olmuş, həmişə bir azərbaycanlı kimi düşünmüş, öz milli mənsubiyyəti, xalqı, onun tarixi və adət-ənənələri ilə qürur duymuş, əsərlərində çoxlu türk mənşəli sözlər, xalq ifadələri işlətmiş, Azərbaycan xalq məsəlləri, atalar sözlərinə müraciətlə fars sələflərindən fərqlənmişdir. Şairin ədəbi fəaliyyətini özünə yaradıcılıq etalonu kimi qəbul etmiş qeyri-türk xələfləri belə Nizami irsindəki millilik və xəlqilik ənənəsini sonralar da öz əsərlərində yaşatmışlar.

73 Baxılıb