Manatla olan problemli kreditlər üzrə də güzəşt nəzərdə tutulur

“Hökumət banklara 682 milyon manat pul təklif edir ki, həmin vəsait məhz problemli kreditlərin restrukturizasiyası üçün istifadə edilsin”

 “Problemli kreditlərin restrukturizasiyası üzrə, yəni yeni müddətlərin uzadılması, faizlərin silinməsi üzrə tədbirlər manatla kreditlərə də şamil olunacaq. Yəni məbləği 17 min manata qədər olan kreditlər də eyni şərtlərlə restrukturizasiya olunacaq”.

Bunu ötən günlərdə Mərkəzi Bankın baş direktoru Rəşad Orucov dövlət başçısının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanını şərh edərkən deyib. O bildirib ki, kreditin qalıq məbləği 17 min manatdırsa və onun vaxtı 1 ildən çox, yəni 365 gündən çox keçibsə, o zaman banklar bu qrup əhalinin də borclarını restrukturizasiya edəcək.

Turkustan.info bildirir ki, məsələ ilə bağlı Sputnik Azərbaycan-a şərh verən iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, sözügedən fərman əsasən iki istiqamətlidir: “Birinci istiqamət xarici valyutada olan kreditlər üzrə devalvasiyadan dəymiş zərərin kompensasiya olunmasıdır. İkinci istiqamət isə problemli kreditlərlə bağlı yaranmış vəziyyətə müəyyən qədər dəstəyin təmin edilməsidir”.

“Birinci istiqamət artıq məlumdur. İkinci istiqamət üzrə isə 17 min manat ekvivalentində olan problemli kreditlər üzrə yenidən restrukturizasiya nəzərdə tutulur. Yəni faizlərin, dəbbələrin silinməsi, bu kreditlərin 5 il müddətində 1-ci il heç bir faiz ödəmədən, 1-ci ildən sonra isə il ərzində 1 faiz ödəmək şərtilə bu vəsaitin əsas borc qalığının geri qaytarılması nəzərdə tutulur” – deyə iqtisadçı bildirib.

O, bunu nümunə ilə də izah edib: “Məsələn, şəxsin 10 min manat kredit borcu varsa, məbləğ, təxminən 5 ilə bölünür. 1-ci ildə faiz tətbiq edilmir. Növbəti 4 il üçün 1 faiz tətbiq edilməklə krediti geri qaytarmış olur. Burada vətəndaş nə əldə edir? Birincisi, fərman qüvvəyə minən günədək olan bütün dəbbələr, faizlər silinir. İkincisi, iş problemli kredit siyahısından çıxarılır, məhkəmələrdən iş geri çəkilir”.

“Üçüncüsü, bundan sonra artırılan müddətdə, yəni 5 il üçün 1-ci il faiz olmadan, qalan illərdə isə 1 faiz tətbiq edilməklə kredit qaytarılmış olur. Adətən isə Azərbaycanda ortalama illik 20-25 faiz hesablanırdı. Bu faizlər hesablanmır, sadəcə əsas borcun geri qaytarılması nəzərdə tutulur” – deyə R.Həsənov əlavə edib.

Onu da vurğulayıb ki, Fərmanda problemli kreditin konkret olaraq tərifi verilir, yəni 360 gündən çox gecikdirilmiş borclar problemli hesab olunur.

İqtisadçının sözlərinə görə, hökumət banklara 682 milyon manat pul təklif edir ki, həmin vəsait məhz problemli kreditlərin restrukturizasiyası üçün istifadə edilsin: “Burada 10 min manatadək kreditlərin əhatə olunması problemin daha geniş miqyaslı həlli üçün optimal şərait yaradır. Bundan başqa, problemli kreditlərlə yanaşı, devalvasiyanın vurduğu zərərin müəyyən bir qisminin kompensasiya edilməsi normaldır. Çünki burada ayrı-seçkilik olmur. Hətta ödəniş etmiş şəxslərə belə, kompensasiyalar verilir”.

R.Həsənovun fikrincə, Fərman problemli kreditlərin həllinə müsbət təsir göstərəcək.

 

449 Baxılıb