Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında yubiley tədbirləri keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə “Fəqət ölən deyil onun sənəti” adlı ədəbi-bədii gecə keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” müvafiq sərəncamına əsasən keçirilən tədbiri giriş sözü ilə açan multimedia mütəxəssisi Leyla Mahmudova əvvəlcə iştirakçılara C.Cabbarlının həyatı və zəngin yaradıcılığı haqqında məlumat verib, ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb,  “Mən bir solmaz duyğuyam ki…” başlıqlı sərgi haqqında xülasə verib. Sonra Cəfər Cabbarlının həyat və yaradıcılığını əks etdirən qısa sənədli film və  “Almaz” pyesi əsasında hazırlanmış kompozisiya nümayiş olunub. Daha sonra ədibin qələmə aldığı şeirləri oxucular Jalə Həsənli (Olsun qoy), Fatma Həsənli (Mənim tanrım), Rəsul Vəliyev (Salam), Nihad Mustafayev (Ölkəm), Fidan Şahvələdova (Ana), Nərmin Hüseynova (Azərbaycan bayrağına), Nənəş İsmayılova (Mən bir susmaz duyğuyam ki…), Rəhman Kişiyev (Olmasın) həzin musiqi sədaları altında ifa ediblər.

Kitabxanada daha bir tədbir  azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilib. “Nəsillərə yadigar əfsanəvi qəhrəmanlıq” adlı tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova İsrafil Məmmədovun şanlı həyat və döyüş yolu haqqında məlumat verib. Sonra oxuculardan Yusif Abbaszadə, Məhəmməd Məhərrəmli, Xədicə Xələfova, Arzu Ayadzadə, Dəniz Məmişova, Leyla Bayramovanın və digərlərinin ifasında Səməd Vurğunun, Mirmehdi Seyidzadənin və Osman Sarıvəllinin İsrafil Məmmədova həsr edilmiş şeirləri əsasında hazırlanmış bədii kompozisiya dinlənilib, qəhrəmanın şərəfli həyat yolundan bəhs edən sənədli film nümayiş olunub. Sonda kitabxananın fondunda olan tarixi, sənədli və bədii ədəbiyyatları özündə əks etdirən “Odlu illərin səlnaməsi” adlı kitab sərgisi haqqında xülasə verilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

58 Baxılıb