Bəhram Bağırzadəni maraqlandıran “Rəsulzadə sualları”na CAVAB: Abidəyə dair Prezident sərəncamı, mərmər sifarişi və yarımçıq qalan iş…

“Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərilə görüşündə ölkə başçısından Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılmasını sadəcə xahiş etdim. Çıxışımdan sonra dərhal dəstək aldım və təklif qəbul edildi. Hazırda heykəl üçün təklif etdiyim bir neçə yerə baxış keçirilir”. 

Bu sözləri yerli mediaya açıqlamasında əməkdar artist Bəhram Bağırzadə deyib. O bildirib ki, daha sonra Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva ilə Heydər Əliyev Fondunda konstruktiv görüş olub: 

“Orada da öz təkliflərimi irəli sürdüm. Ölkə başçısı ilə görüşdə uşaqlıq arzumu səsləndirmişdim və həmin an emosional olaraq bir yer təklif etmişdim. Halbuki paytaxtın bir neçə yerində heykəl qoyulması mümkün idi. Mehriban xanım Əliyeva ilə görüşdə ətraflı müzakirə aparıldı. Artıq bir neçə yer təklif etmişəm və hazırda həmin yerlərə baxılır, üzərində iş gedir. Heykəltəraşlar arasında müsabiqə elan olunacaq və onlar öz işlərini təqdim edəcəklər. Komissiya yaradılacaq, ən yaxşı iş seçiləcək. Müsabiqədə tələbələrdən tutmuş ən tanınmış peşəkarlara qədər hər kəs iştirak edə biləcək. Əlimdə olsaydı, beynəlxalq müsabiqə təşkil edərdim ki, xarici heykəltəraşlar da ölkəmizin tanıdılması istiqamətində töhfə vermiş olsunlar”. 

Məlumata görə, hazırda müvafiq qurumlarla birgə 4-ə yaxın mərkəzi küçə nəzərdən keçirilir və baxılan yerlərdən biri də Bəhram Bağırzadənin təklifdə səsləndiyi Kukla teatrı ilə üzbəüz bağdır. Söhbət Neftçilər prospektilə Əziz Əliyev küçəsinin kəsişməsindən gedir ki, orada illərdir M.Ə.Rəsulzadənin heykəlinin ucaldılması gözlənilirdi. 

Bununla əlaqədar əməkdar artist Bəhram Bağırzadə ilə əlaqə saxladıq. B.Bağırzadə Cebhe.info-nun “Həmin ərazidə Rəsulzadınin heykəlinin qoyulacağını bilirdinizmi?” sualına suallarla cavab verdi. 

Bildirdi ki, ancaq bağda Rəsulzadənin heykəlinin ucaldılacağına dair lövhənin nə vaxt və kim tərəfindən qoyulması ilə bağlı suallara cavab aldıqdan sonra məsələyə münasibət bildirəcək. 
B.Bağırzadəni maraqlandıran suallara cavab hazırladıq və onları bir-bir əməkdar artistin diqqətinə çatdırdıq. Ancaq bu dəfə də Bağırzadə çəkilişə gedəcəyini bildirərək  daha sonra zəng etməyimizi istədi. 

B.Bağırzadəni və yəqin ki, ictimaiyyəti də maraqlandıran suallara bir daha cavab veririk. 

1992-ci il dekabrın 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy “Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında” Sərəncam imzalayıb.

Daha sonra Şərqdəki ilk Demokratik Respublikanın qurucularından olan Rəsulzadınin heykəlinin qoyulması üçün dövlət səviyyəsində göstəriş olub. Həmçinin o vaxt dövlət başçısı olan Heydər Əliyev Məhəmməd Əmin Rəsulzadənin heykəlinin hazırlanması ilə bağlı Sərəncam imzalayıb. Sərəncamda hətta heykəlin qoyulacağı yer də göstərilib. Abidənin ucaldılması üçün təklif olunan yer Bəhram Bağırzadənin H.Z.Tağıyevin heykəlinin ucaldılması üçün təklif etdiyi yerdir – Kukla teatrı ilə üzbəüz bağ. Hətta bağda abidə ucaldılacağı barədə məlumat  lövhəsi də qoyulur. Daha sonra bütün işlərin həyata keçirilməsi üçün Məhəmməd Əmin Rəsulzadənin adına fond yaradılır. Və fonda yığılmış vəsait hesabına sərəncamın həyata keçirilməsinə başlanılır. Heykəlin hazırlanması xalq rəssamı Ömər Eldarova tapşırılır. Ömər Eldarov tez bir zamanda heykəlin eskiz layihəsini düzəldir. Ümumi uzunluğu 11 metr olacaq heykəl üçün Rusiyanın Ural vilayətindən ağ mərmər sifariş verilir. Lakin sonradan fondda pulun bitməsi əsas gətirilir və iş həmin mərhələdə yarımçıq qalır. O dövrdən illər keçməsinə baxmayaraq Şərqdə ilk demokratik respublikanın qurucusunun heykəli hələ də sözügedən bağda qoyulmayıb və lövhə 2007-ci ildə götürülərək, yerində fəvvarə quraşdırılıb. 

Xatırladaq ki, Cebhe.info vasitəsilə M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə və Rəsulzadə irsinin araşdırmaçısı, tarixçi alim Nəsiman Yaqublu da sözügedən məsələ ilə bağlı etirazını bildirib. Onların fikrincə, həmin küçə Rəsulzadənin adını daşıyır və ərazi bunun üçün nəzərdə tutulub. Bu səbəbdən də həmin ərazidə M.Ə.Rəsulzadənin heykəli ucaldılmalı və H.Z.Tağıyevin abidəsi üçün başqa mərkəzi küçələr nəzərdən keçirilməlidir.  /Cebhe.info/

187 Baxılıb