“Hansısa erməninin Bakı küçələrində nə edəcəyini…” – Politoloq

“Rusiya-Azərbaycan münasibətləri üzdə göründüyü kimi deyil. Azərbaycan ərazilərinin işğal edilməsində, Xocalı soyqırımının törədilməsində Rusiyanın bir dövlət kimi məsuliyyəti var. Bunu Rusiyada da, Azərbaycanda da hər kəs bilir”.

Turkustan.info bildirir ki. Teleqraf.com-a açıqlamasında politoloq Sədrəddin Soltan belə deyib.

Ekspertin fikrincə, Ermənistan-Rusiya münasibətlərində “strateji müttəfiqlik” ifadələri işlədilsə də, zaman-zaman bu münasibətlərdə qalxma-enmələr baş verir:

“Son dövrlərdə isə Rusiya-Azərbaycan münasibətlərində mülayimlik hiss olunur, qarşılıqlı xoşməramlı bəyanatlar verilir. Habelə iqtisadi və digər sahələrdə addımlar atılır. Amma Ermənistandakı hakimiyyət dəyişikliyi Rusiyanın Azərbaycana münasibətinə təsir göstərdi. İndi də Rusiya Ermənistanın yeni hakimiyyətini Azərbaycan vasitəsilə yola gətirməyə cəhd edir.

Rusiya Xarici İşlər Nazirliyinin erməni əsilli Rusiya vətəndaşlarına Azərbaycana gəlməmək barədə tövsiyə xarakterli açıqlamasına gəlincə, digər dövlətlər arasında da bu kimi xəbərdarlıqlar edilir. Çünki Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal edilib. Bu erməni etnik qrupunun təmsilçilərinə də sirayət edə bilər. Məsələn, bir erməninin Bakı küçələrində hansısa tapşırığı yerinə yetirməyəcəyi ilə bağlı təminat yoxdur. Yəni, Rusiya Azərbaycana o təminatı verə bilməz ki, erməni əsilli Rusiya vətəndaşları Ermənistanın hansısa təhlükəsizlik qurumlarına bağlı deyil.

Bu baxımdan da, Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün erməni etnik qrupunun bəlli olmayan nümayəndələrinin öz ərazilərinə daxil olmasına qarşı addımlar atır. Təkcə Azərbaycan yox, bütün dövlətlər belə məsələlərdə diqqətlidir”.

Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə ermənilərin iştirak etməsinə gəlincə, Sədrəddin Soltan bildirib ki, bu zaman həmin tədbirlərə kimlərin qatıldığı bəlli olur:

“Belə məqamlarda onların təhlükəsizliyi təmin olunur. Amma şəxsiyyəti, tutduğu vəzifəsi bəlli olmayan bir erməninin Bakıya gəlməsinin təhlükəsizliyinə təminat yoxdur. Buna görə də, Azərbaycan belə insanların öz ərazilərinə daxil olmasını məqbul saymır. Rusiya bu məsələni yaxşı başa düşür. Çünki Rusiyanın özü də dəfələrlə belə məsələlərlə üz-üzə qalıb. Buna görə də, məsələni bu formada həll etməyə çalışır.

Düzdür, Rusiya əvvəllər erməni əsilli vətəndaşlarının Azərbaycana buraxılmaması ilə bağlı hay-küy saldı, amma sonra Azərbaycan dövlətinin mövqeyinin doğru olduğunu başa düşdü. Nəticədə bu tip xəbərdarlığı etməklə kifayətləndi”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Azərbaycana səfər etməyi düşünən erməni əsilli vətəndaşlarına xəbərdarlıq edib. Xəbərdarlıqda erməni əsilli Rusiya vətəndaşlarına Azərbaycana səfər etməmək məsləhət görülüb.