Nəsimi ili zəngin tarixi-mədəni irsin təbliğinə böyük töhfədir

Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilməsi şairə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir. Eyni zamanda, bu sərəncam Azərbaycan mədəniyyətinin, zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir.

Bu fikirlər Azərbaycan Dövlət Aqrar Universitetin İctimai elmlər və multikulturalizm kafedrasının əməkdaşlarının Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Məndə sığar iki cahan, mən bu cahana sığmazam!” mövzusunda tələbələr arasında keçirdiyi debatda səsləndirilib.

Debatdan əvvəl kafedra müdiri professor Azad Bayramov qeyd edib ki, İmadəddin Nəsimi irsinin öyrənilməsi və təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar məhz ulu öndər Heydər Əliyev tərəfindən atılıb. Ümummilli Liderin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq səviyyədə qeyd edilib.

Azad Bayramov onu da deyib ki, türk dünyasının böyük mütəfəkkiri, şair İmadəddin Nəsiminin yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dinlinin inkişafında əvəzsiz rol oynayıb.  Nəsimi  Azərbaycan ədəbiyyatı tarixində ana dilində yazılan fəlsəfi qəzəl banisi olub. Dövrünün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat, astronomiya kimi elmləri mükəmməl öyrənib. Ən əsası Nəsimi  haqqı deyən, öz sözündən dönməyən şair kimi tarixə yazılıb.

Müəllimlərdən Azər Axundov, Sevda Abdullayeva, Çinarə Səfərova, tələbələdən Aysel Rzazadə,  Elxan Babayev Nəsimi yaradıcılığından danışıb, qəzəllərindən nümunələr səsləndirib.

4 komanda arasında keçirilən debat daha maraqla qarşılanıb. Maraqlı diskussiya şəklində keçən debatda Nəsiminin həyat və yaradıcılığı haqqında müzakirələr aparılıb. Debatın qalibi isə  “Mübarizlər” komandası olub.

200 Baxılıb