Biz nədən Paşinyanşünas olduq?

Bahəddin Həziyev

Və bir daha Qarabağda, Qarabağ ətrafında baş verənlər və baş verəcəklər haqqında

Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avronest, ATƏT Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası,Avropa İnsan Hüquqları Məhkəməsi…… Bir sözlə, Avropa. Azərbaycanda da Avropa var sanki. Və sanki Azərbaycan da Avropadadır. Avropa İttifaqı ilə ikitərəfli ilişkilər var. Qalanlarında da “tamhüquqlu” üzv kimiyik. Coğrafi baxımdan da Avropanın sərhəddi Saray qəsəbəsindən keçir.

Hər nə qədər Bakı Mərkəzi Asiyanın küncü də olsa belə, ərazisinin əksərinin Avropa qitəsində yerləşdiyi bir ölkənin paytaxtıdır. Azərbaycanın işğal olunmuş əraziləri də Avropa sayılır. Başqa sözlə, Avropanın içində bir qocaman münaqişə ocağı var. Qalanları – Abxaziya da, Cənibi Osetiya da, Dnestryanı da, Donbas da, Krım da – hamısı Qarabağdan sonra yaranıb. Qarabağdakı yanğın zamanında söndürülsəydi, başqa evlərə də sıçramazdı. Ancaq hər şey başqa cür oldu və bu gün yanğın Avropanın içərilərinə doğru gedir. Ancaq Qoca Qitə bu yanğınları söndürməkdə ya maraqlı deyil, ya da qadir deyil. Bu gün, sadəcə, bizim evimizdəki yanğına qızınmaq, sözün bütün neqativ anlamlarında əllərini isitmək üçün yanaşırlar. Azərbaycanın ərazilərini işğal etmiş bir ölkənin – Ermənistanın baş naziri də bunu görürü və arın-arxayın gəlir, bizim olan torpaqlarda öz ölkəsinin Təhlükəsizlik Şurasının iclasını keçirir (bu, Bbakıya endirilmiş raket zərbəsinə bərabərdir – özümüzü o yerə qoymuruq, nə olsu ki?!). Bu təxribatçı addıma Xarici İşlər Nazirliyimiz növbət(ç)i bəyanatı silkələməklə, Müdafiə Nazirliyimiz isə Novruz tonqalının üstündən atlanmaqla cavab verdi. Deyəcəksiniz ki, başqa nə edə bilərdik ki?! Bu münaqişənin tənzimlənməsi missiyasını (həlli deyil, məhz tənzimlənməsi – bu anlayışlar arasında böyük fərq var) üzərinə götürmüş böyük dövlətlər, həmin o beynəlxalq dediyimiz təşkilatlar da susqunluq nümayiş etdirdilər. Bunlar öz yerində. Mən məsələnin başqa tərəfinə toxunmaq istərdim.

Özümüzdən asılı olmadan, hamımız Paşinyanşünas olmuşuq. Bu da səbəbsiz deyil; hazırda bölgədə situasiyanı bu adam yaradır – xoşunuza gəlsə də, gəlməsə də. Biz: “Hücum diplomatiyası yeridəcəyik, ən yaxşı müdafiə – hücumdur” demişdik (təbii, hərbi anlamda deyil, siyasi anlamda). Ancaq bu gün bizə olunan hücumlardan müdafiə də oluna bilmirik sanki. Bunun bizdən asılı olmayan səbəbləri də var; Ermənistanın aşkar v gizli dəstəkçiləri ortada. Bunlar bəlli. Niyə Paşinyan özünü belə apara bilir? Bu gücü hardan alır? Bunları çox dərindən təhlil etmək gərək. Çünki biz düşmənin gücünün gerçək qaynağını tapa bilməsək, ona qarşı hücumu və ya hətta müdafiəni də doğru-düzgün qura bilməyəcəyik. Bu, əlbəttə ki, çox dərin və geniş təhlilin mövzusudur. İndiyədək ictimai səviyyədə belə bir arqumentimiz vardı ki, ermənilər xristian olduğu üçün həmin dinə mənsub olan xalqların seçdiyi hökumətlər Ermənistanın Azərbaycanı işğal etməsinə göz yumurlar. Burda, təbii ki, həqiqət payı da vardı – bunu heç düşmən ölkədə də danmırlar. Ancaq , baxın ki, həmin ölkədə hakimiyyət dəyişikliyi zamanı 10 nəfər erməni öldürüldü, həmin “sivil” dediyimiz dünya susdusa, burda münasibətləri dəyərlərdən çox maraqlar bəlirləyir. Bax, həmin o maraqlar bu gün Ermənstanı təkcə xristian cəmiyyət deyil, həm də demokratik bir dövlət kimi qəbullanmağa başlayıb – bu, bizim üçün ikiqat çətinlik yaradır. Təbii, düşmənin gücünün qaynaqları bunlarla da bitmir. Bu üzdən özünü çox rahat hiss edir, bizə qarşı necə istəyir, elə də hərəkət edir.

O, Qarabağa qalmaqallı, beynəlxalq hüquqa meydan oxuyan səfərindən dönəndən sonra: “Mən təkcə Azərbaycan dövləti ilə deyil, xalqı ilə də dialoqa hazıram” deyə yazdı. Bu, Paşinyanın hakimiyyətə gələndən bəri ortaya atdığı yeni siyasətin tərkib hissəsidir. Mən düşünürəm ki, ən azı “xalqları sülhə hazırlamaq” ətrafında Ermənistan xarici işlər naziri ilə danışıqlardan sonra Elmar Məmmədyarov istefaya getməli (və ya göndərilməli) idi. Bəli, deyəcəksiniz ki, bu çağırış beynəlxalq qurumlardan gəldi. Amma bu ifadə Ermənistanın xeyrinəydi. Bizim həmin ifadəni ən azı öz içimizdə dartışmaya qəbul etməyimiz düşmən tərəfi o qədər ruhlandırıb ki, hətta onun hökuməti bizim xalqımızı “yola gətirmək” iddiasına düşüb, xalqımızla danışmaq sevdasına qapılıb.

Bəli, “biz bu anlayışı rədd etsəydik, dünyada sülh tərəfdarı kimi görünməyəcəkdik” deyə düşünənləriniz var. Ancaq “hökumətlər özləri sülhə hazır deyilkən, xalqları nəyə hazırlayacaqdılar? Deyə qarşılıqlı sual verərdim. Düşmən yeni bir hiylə işlədib; “xalq diplomatiyası”, “xalqların sülhə hazırlanması” ifadələri Ermənistanın xeyrinə deyilmi?! Axı i Ermənistan tərəfi , konkret olaraq Paşinyan “xalq” deyəndə həm də Dağlıq Qarabağda yaşayan erməniləri ayrıca bir “dövlət”in xalqı kimi nəzərdə tutur. Və Azərbaycanin həmin bu Dağlıq Qarabağdakı “xalq”la danışıqlar aparmasını – sülhyaratma, daha doğrusu, tənzimləmə formatına bu “xalq”ın da cəlb olunmasını istəyir. Bu, qısamüddətli stratejidə danışıqların yavaşıdımasına, hətta dayandırılmasına yönəlib, uzunmüddətli perspektivdə isə Dağlıq Qarabağı de-yure tanıtmaq, yaxud bu, mümkün olmasa, ilhaqını başa çatdırmaq üçün vaxt qazanmaq, eləcə də, böyük güclərdən susqun razılıq qoparmaq kimi çox qorxulu ssenarilərə hesablanıb. Onsuz da indi masada olan tənzimlənmə paketi bizim xeyrimizə deyil; Qarabağı mərhələ-mərhələ Azərbaycanın yurisdiksiyasından qoparmağa yönəlib. Ancaq Ermənistanın yeni baş naziri hakimiyyətdə möhkəmlənmək üçün bu prosesi sürətlndirməyə də, onun planı işləmədiyi halda isə, danışıqları dayandırmağa hesablanmış strategiyalar qurub. Bu zaman hər iki variantda özünü və ölkəsini mümkün zərbələrdən yayındırmağa çalışır. Bu planların içində hansısa mərhələdə (böyük ehtimalla öz ölkəsində daxili siyasi və ya sosial-iqtisadi durumlara görə) Azərbaycanı hərbi əməliyyatları birnci başlatmağa sövq etmək də var (biz də bir çox hallarda düşmən tərəfin ortaya atdığl anlayışlara qapılıb gedirik – fərqinə varanda bəzən çox gec olur). Və ən başlıcası: bizim planlarımız varmı?! Tonqal qalayıb, rəqs eləməkdən başqa…

82 Baxılıb