Deputat Məlahət İbrahimqızı:«Dövlət Departamentinin hesabatı bizim üçün doqma deyil»

«Dövlət Departamentinin hesabatı bizim üçün doqma deyil», – hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, deputat Məlahət İbrahimqızı ABŞ Dövlət Departamentinin insan haqlarının vəziyyətinə dair hesabatınnda Azərbaycanla bağlı tənqidlərə münasibət bildirirkən deyir.

Onun sözlərinə görə, ölkədə insan hüquq və azadlıqları sahəsində hər hansı ciddi problem yoxdur. Deputat sənəddə Azərbaycanda siyasi fəal və dindarlara qarşı sərt cəzalar tətbiq edilməsi haqda fikirləri də rədd edir: ««Dindar» deyəndə kimi nəzərdə tuturlar, başa düşmürəm. Azərbaycanda insanların 99 faizi müsəlmandır, Allaha da, kitaba da inanır. Azərbaycanda barmaqla sayıla biləcək insan ateist ola bilər, əstafürullah, Quran, peyğəmbəri iqnor edə bilər. Ona görə «Azərbaycanda dindarların hüquqları pozulur» deyəndə mənə gülməli gəlir. Şükür Allaha, eşitməmişəm hansısa axundun, imamın hüququ pozulsun, bütün savadlı, savadsız mollalar da məscidlərdə iştirak edirlər. Bununla bağlı tənqidi qətiyyən qəbul etmirəm».

M.İbrahimqızı ölkədə sərbəst toplaşmaq azadlığının da təmin edildiyini, müxalif qüvvələrin aksiyalar keçirməsinə əngəl olmadığını söyləyir, «istədikləri vaxt aksiya keçirirlər» deyə bildirir.

Deputat Dövlət Departamentini Azərbaycana qarşı qərəzli olmaqda, qaralama kampaniyası aparmaqda ittiham edir. Beynəlxalq qurumların hesabatlarına artıq inanmadığını söyləyən M.İbrahimqızı buna səbəb kimi əslən Səudiyyədən olan jurnalist Camal Xaşuqcinin ölümünə Qərbin, ABŞ-ın etinasız münasibətini göstərir.

Xatırladaq ki, 59 yaşlı C.Qaşıqçı ötən il oktyabrın 2-də Səudiyyənin Türkiyədəki konsulluğunda öldürülüb. Səudiyyə hökuməti bu qətli bir dəstə əməliyyatçının gerçəkləşdirdiyini, vəliəhd şahzadə Məhəmməd bin Salmanın onda əli olmadığını deyib. Konqresin təkidiylə prezident Tramp Qaşıqçının qətlinin araşdırılmasına göstəriş versə də, hələlik, Ağ ev Konqresə hesabat təqdim etməyib.

«Buna görə də belə dövlətlərdən ədalətli mövqe gözləmirəm… Amerikanın özündə də insan haqları pozulur, Meksikayla sərhəddə divar çəkirlər və ya uşaqları valideynlərdən ayırırlar. Bunun haqqında yazırlar, yazmırlar, məni maraqlandırmır da», – M.İbrahimqızı söyləyir.  (azadliq.org)

60 Baxılıb