Ça. İyl 16th, 2019

Bayramqabağı nəqliyyatın qiyməti artacaqmı?

Novruz bayramı qabağı sərnişinlərin daşınmasına tələbat artır. Bayramqabağı sosial mediada rayonlara gedən avtobusların bahalaşması ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Bu dönəmdə ən çox da tələbələr bölgələrə üz tuturlar. Yeni ili ailələri ilə qarşılamağı kim istəməz ki? Bəs qiymətlər necə olacaq? Bayramqabağı qatar, avtobus qiymətlərində artım olacaqmı?

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katib Sevinc Qədimova bizimyol.info-ya bildirib ki, Bakı-Tbilisi-Bakı və Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına tələbat artıb: “Bakı-Tbilisi-Bakı marşrutu üzrə reysə tələbat artsa da, qiymətlər dəyişməyib.

Amma Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədi ilə gediş haqqı 50 manatdan 25 manata endirilib. Standart və Birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılıb”.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova bizimyol.info-ya bildirib ki biletlərin qiymətlərində dəyişiklik müşahidə olunmayacaq: “Sərnişin sıxlığı ilə bağlı reyslərin saatlarında dəyişiklik ola bilər. Sərnişinlərin daşınmasına artan tələbatı qarşılamaq üçün əlavə avtobuslar ayrılıb. Əvvəlki günlərə nisbətən martın 16-ı və 17-də sərnişin sıxlığı artıb, 450 reysimiz olub.

Bakı-Gəncə, Bakı-Tərtər, Bakı-Quba-Qusar istiqamətində sərnişinlərin daşınmasına tələbat artıb”.