Ça. İyl 16th, 2019

KİVDF-nin 10 illik yubileyi qeyd edildi

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 10 illik yubileyi münasibətilə tədbir keçirilib.

Turkustan.info xəbər verir ki, tədbirdə yubiley münasibətilə elan edilən yazı müsabiqəsinin qalibləri də mükafatlandırılıb.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra Fondun 10 illik fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Fondun icraçı direktoru Vüqar Səfərli KİVDF-nin müxtəlif dövlət qurumları ilə birgə həyata keçirdiyi işlərdən danışıb. Bildirib ki, ötən 10 il ərzində Fond tərəfindən xeyli iş görülüb. Fond ildə üç dəfə yazı müsabiqələri təşkil edib. Budəfəki müsabiqədə 54 KİV-dən 145 jurnalist iştirak edib. Onlardan 114-ü mükafatlara layiq görülüb. İcraçı direktor bütün KİV nümayəndələri adından dövlətimizin başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək KİVDF-nin milli mətbuatımızın həyatında əhəmiyyətli rol oynadığını bildirib. Əli Həsənov qeyd edib ki, Fondun yaradılması birbaşa Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu, dövlətimizin mediaya dəstəyinin bariz nümunəsidir. On il müddətində Fond tərəfindən mətbuata və jurnalistlərə ədalətli şəkildə, şəffaf qaydada yardımlar edilib.

Prezidentin köməkçisi Azərbaycan mediasına dəstəyinə görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkür edib.

Sonra fərdi jurnalist yazılarının qalibləri mükafatlandırılıb.

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək jurnalist peşəsinin şərəfli peşə olduğunu bildirib. O, ulu öndər Heydər Əliyevin hələ keçmiş Sovet İttifaqı dövründə Azərbaycanın və onun mediasının inkişafı üçün gördüyü işlərdən danışıb. Bildirib ki, bu gün Azərbaycanın qazandığı uğurları gələcək nəsillərə çatdırmaq vəzifəsi mətbuatın üzərinə düşür. F.Heydərov Azərbaycan mediasının bu şərəfli missiyanı layiqincə yerinə yetirəcəyinə əmin olduğunu bildirib.  /Teleqraf.com/