Azərbaycanda siqaret çəkənlərə yeni cərimə

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə tətbiq edcək orqan müəyyənləşib.

Turkustan.info-nun məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

İnzibati Xətalar Məcəlləsinə əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə əlli manat məbləğində cərimə tətbiq edilir. Bunu nəzərdə tutan maddə İnzibati Xətalar Məcəlləsinə 2018-ci il 2 noyabr tarixli qanunla əlavə edilib. Fərmana əsasən isə tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə inzibati xətalar haqqında işlərə Daxili İşlər Nazirliyi baxacaq.

Fərmana əsasən, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda edilən müvafiq dəyişikliyə görə, bu sahədə inzibati xətalar haqqında işlərə daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri və onun müavinləri, şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri, polis sahə rəisləri baxacaq.  /ONA/

348 Baxılıb