Ça. İyl 16th, 2019

Ermənistan azərbaycanlı girovu Karen Kazaryana dəyişmək istəyir

Ermənistan girovluğunda saxlanılan Azərbaycan vətəndaşı Elvin İbrahimov barədə xəbər var.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, erməni ombudsman Arman Tatoyan azərbaycanlı girovu ziyarət edib.

Qırmızı Xaç Cəmiyyətininin Ermənistan ofisinin rəhbəri Zara Amatuni isə humanitar təşkilatın azərbaycanlı girovla görüşmədiyini, lakin ziyarətin təşkil olunması üçün çalışdıqlarını bildirib.

Xatırladaq ki, bəzi Ermənistan saytları Elvin İbrahimovun Azərbaycanda təxribat törətməyi planlaşdıran Berdavan kənd sakini Karen Kazaryanla dəyişdirmək planlarını açıqlayıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, Azərbaycanın Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari il mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Respublikası Noyanberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.

E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb.

Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər. 

Dövlət Komissiyası tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olub ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır. 

Dövlət Komissiyası E.İbrahimovun azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edib.