Novruz süfrəsi: Neçəyə başa gəlir?

“Novruz gəlir, yaz gəlir… Bir əlində xonçası..” Hazırda baharın, bayramın gəlişi həmin “xonçanın” qiyməti ilə daha çox xarakterizə olunur, desək, yanılmarıq. 

Daha çox müzakirəyə çevrilən başlıca mövzu qiymətlərin harada:bazarda, yoxsa, yarmarkalarda ucuz olmasıdır. Bu gün hamını düşündürən odur ki, görən, qozun, fındığın, ətin, yağın qiyməti neçəyədir. 

Bayram qiymətlərinin əlverişli olması üçün yarmarkalar təşkil olunsa da, burada da nəzərəçarpacaq ucuzluq müşahidə olunmur. “Cümhuriyət”in  yarmarkalardan hazırladığı reportaj zamanı üzə çıxan maraqlı bir məqamı xatırlatmaq istərdik. Belə ki, əməkdaşımızın suallarını cavablandıran satıcılar məhsulların haradan gətirilməsinin, yerli və ya idxal məhsulları olmasının onlara məlum olmadığını bildiriblər.

Bəs, bayram bazarlığı etmək üçün nə qədər vəsait xərcləməliyik? Qeyd edək ki, hesablamamızı “Altay” Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı ilə birlikdə aparmışıq. Öncə şəkərbura və paxlava üçün lazım olan əsas məlumatlardan başlayaq. Ləpə qiymətlərinə diqqət yetirdikdə məlum olur ki, bahalaşmanın qarşısını almaq üçün görülən tədbirlər nəticə verməyib. Belə ki, fevral ayının sonları və mart ayının əvvəllərində 11-12 manat civarında olan qoz və findıq ləpəsinin 1 kiloqramı indi 30-31 manatacan yüksəlib. Dana və qoyun ətinin qiymətində də 1-2 manat fərq var.  Mal əti 10-11 manatdan, qoyun  əti isə 14-15 kiloqramdan təklif olunur. Bazardan yaxşı kərə yağı almaq isə əsl problemdir. Yağın qiyməti bir tərəfə, kərə yağı adı altında satılan yağların keyfiyyətsizliyi qida sektorumuzun ən vacib probleminə çevirilib. Elçin Bayramlı da bazarda həqiqi kərə yağının demək olar ki, mövcud olmadığını deyir. Nisbətən keyfiyyətlisini isə kiloqramı  8-10 manatdan başlayaraq tapmaq olar. Bayramqabağı meyvələrin qiymətində də xeyli fəqr var. Qoz, fındıq  7-8 manatdan, portağal, naringi, üzüm, banan təxminən 3 manatdan, az əvvəl 0.50 -1 AZN-ə təklif olunan alma 1.50-2 manata  təklif olunur. Tərəvəzlərin qiymətində də artım hiss olunur. Novruz çərəzləri olan quru meyvələr də kifayət qədər bahadır. Qara xurmanın kiloqramı 10-12 manatdan, innabın, iydənin kiloqramı 4 manatdan, kişmişin kiloqramı  6 manatdan başlayır. Qeyd edək ki, həmişə olduğu kimi bazar və market qiymətləri arasında ciddi fərq mövcuddur. 
Bayram bazarlığında düyü, şəkər tozu və digər mühüm ərzaqların olduğunu da nəzərə aldıqda təqribi hesablama zamanı məlum olur ki, 4-5 nəfərlik ailə üçün bayram bazarlığının  xərci ən azı təqribən 200-250 manat edəcək. Xatırlatmaq yerinə düşərdi ki, ötən ilin sonlarına olan statistik göstəricilərə görə, ölkəmizdə orta aylıq əmək haqqı 540.1 manatdır. Minimum əmək haqqı isə 50 manat artırıldıqdan sonra 180 manat olub. 

Elçin Bayramlı  “Cümhuriyət”-ə açıqlamasında deyib ki, qiymətlərdə nəzərəçarpan  bahalıq müşahidə olunur: 

“Rusiyada yaşayan soydaşlarımız bildirir ki, orada qoz ləpəsini bizim pulla 6-7 manatdan almaq mümkündür. Yəni, müqayisə etdikdə məlum olur ki, bizdə qiymətlər qonşu ölkələrlə müqayisədə də xeyli bahadır”.

Bayram ərəfəsində bahalaşmanın bir tendensiyaya çevrildiyini qeyd edən iqtisadçı mövcud durumda bahalaşmanı yaradan səbəbin yalnız bayramla əlaqədar olmadığını deyib: 

“Bahalaşmanı yaradan amillərdən biri gömrük qiymətləridir. Rəsmi və qeyi-rəsmi gömrük qiymətləri həddindən artıq bahadır. Bahalaşmada idxalla məğul olan hüquqi şəxslərin vergilərinin artırılmasının da xüsusi çəkisi var. Böyük ticarət mərkəzlərində bahalaşma “gözə görünməmək” prinsipi ilə aparılır. Digər tərəfdən isə bazarlara fermerlərin buraxılmaması, alverçi ordusunun hakim olması bahalaşma yaradan başlıca səbəbdir ki, illərdir  buna qarşı mübarizə aparsaq da, durum dəyişmir. Kənd Təsərrüfatı Nazirliyinin yarmarka təşkil etməsi də bahalaşmanın qarşısını almır. Burada qiymətlər təxminən bazar qiymətinədir. Bəzi məhsullar isə ona görə ucuzdur ki, onların keyfiyyəti aşağıdır”. 

İqtisadçı deyir ki, bahaçılığın qarşısının alınması üçün Nazirlik daimi yarmarkalar təşkil etməli,  fermerlərə öz məhsullarını satmaq imkanı verilməlidir: 

“Yerli istehsalçıların öz məhsulunu satması həm istehsalçıların, həm də istehlakçıların xeyrinə olar. Belə olduqda ortada olan dəllallar sıradan çıxacaq. Bu istehsalın artırılmasına da stimul verəcək və idxaldan asılılığı azaldacaq. Bakıda təqribən 10, rayonlarda 1 yerdə bu cür yarmarkalar təşkil oluna bilər”.  /Cebhe.info/

142 Baxılıb