Bakı-Nursultan münasibətləri necə olacaq? – Yeni dövr

Qazaxıstanın yeni Prezidenti Qasım-Comərd Tokayev təcrübəli mütəxəssisdir və uzun illər Qazaxıstan diplomatiyasında aparıcı rol oynayıb.

Turkustan.info bildirir ki. bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Tokayevin diplomatik təcrübəsi hazırda Qazaxıstan üçün çox önəmlidir:

“1990-cı illərin əvvələrində Tokayev xarici işlər naziri olarkən Azərbaycan-Qazaxıstan münasibətlərinin bünövrəsinin qoyulmasında bilavasitə iştirak edib. Düşünürəm ki, o, bu təcrübəsindən kifayət qədər yararlanacaq. Bu mənada Qazaxıstanın xarici siyasət kursu dəyişməz olaraq qalacaq”.

Politoloq qeyd edib ki, Nazarbayev də siyasətdən uzaqlaşmayacaq, Təhlükəsizlik Şurasının sədri kimi həm daxili, həm də xarici siyasi kursu müəyyən edəcək və ölkədə gedən proseslərə nəzarət edəcək.

İ.Vəlizadənin sözlərinə görə, hazırda Qazaxıstanda hakimiyyət tranziti davam etsə də, bir neçə ildən sonra vəziyyət dəyişə bilər:

“Qazaxıstanın hazırkı prezidenti Tokayev bu vəzifədə 2020-ci ilə qədər qalacaq. 2020-ci ildə Qazaxıstanda növbəti prezident seçkiləri keçiriləcək. Seçkilərdə iştirak edəcək namizədlərdən və onların şansından çox şey asılı olacaq. Bu mənada Tokayevin 2020-ci ildən sonra da Qazaxıstanın prezident olacağını birmənalı söyləmək çətindir”.

Qeyd edək ki, martın 19-da Nursultan Nazarbayevin istefasından sonra prezident səlahiyyətlərinin icrası Senatın sədri Tokayeva keçib.

188 Baxılıb