Saxta düyünü necə ayırd etmək olar?

Azərbaycan mətbəxində düyüdən çox istifadə olunur. Xüsusən də bayram və mərasimlərdə düyüdən plov bişirilir, küftəyə, dolmaya və digər yeməklərə vurulur.

Hazırda ölkə bazarında həm yerli, həm də İran, Hindistan, Pakistan və digər ölkələrdən gətirilmiş düyülər satılır. Bəzən xarici ölkələrdən gətirilən düyülərin saxta olduğu, onların plastikdən hazırlandığı barədə informasiyalar yayılır.

Bəzi alıcılar Pakistan, Hindistan düyüsü adı altında Çindən gətirilən saxta düyülərin bazara çıxarıldığını idda edirlər. Lakin bu cür tərəddüdlər də əsassız deyil, çünki Çində müxtəlif qidaların saxtası hazırlandığı artıq hər kəsə məlumdur.

Qida Təhlükəsizliyi Agentliyi bu haqda dəfələrlə açıqlama yayaraq bildirib ki, qurum ölkədə istehsal olunan və ölkəyə idxal edilən bütün qida məhsulları üzərində risk əsaslı nəzarət həyata keçirir. Həmçinin ölkəyə idxal edilən və düyü məhsulları ciddi yoxlamadan keçdikdən sonra satışa buraxılır. Yəni, satışda saxta düyünün olması mümkünsüzdür.

Ekspertlər isə bazarda daha ucuz qiymətə satılan Pakistan və Hindistan düyülərindənsə, yerli və İran düyülürinə üstünlük verilməsini tövsiyyə edir. Bu, bir faktdır ki, Astara və Şəki düyüsü həm keyfiyyətli, həm də daha həlimli olur. Eləcə də daha baha qiymətə satılan İran düyüsü bizim ağız dadımıza çox yaxındır.

Bəs ümumiyyətlə, saxta düyünü əslindən necə ayırd etmək olar?

Mütəxəssislər qeyd edir ki, ilk növbədə adi su ilə süni və yaxid əsl düyünü müəyyən etmək mümkündür. Belə ki, bir qaba azca düyü və üzərinə su əlavə olunur. Əgər düyülər suyun üzərinə çıxmazsa deməli əsl, çıxarsa saxtadır.

Daha bir üsul, düyünü yandırmaqdır. Az miqdarda düyü götürüb kibritlə yandırılır. Düyülər həmən alışarsa, deməli saxtadır.

Həmçinin düyünü əzməklə də onu müəyyən etmək mümkündür. Əgər düyünü əzdikdə ağ un formasını alırsa, deməli əsl, içərisində başqa, sarımtıl rəng olarsa, deməli saxtadır, tərkibinə başqa maddələr əlavə olunub.   (musavat.com)

260 Baxılıb