Ç. İyl 17th, 2019

Azərbaycanlı şair: Oğlumu tabutuma yaxın qoymayın

Azərbaycanın tanınmış şəxsiyyətləri haqqında xoşagəlməz ifadələr işlədərək gündəmə gələn yazıçı Kəramət Böyükçöl sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub. Əvvəlcə Əbülfəs Elçibəy, daha sonra Xəlil Rza Ulutürk haqqında ağır ifadələr səsləndirərək, onları təhqir edən Kəramət Böyükçöl bu dəfə isə meyxana sənəti və meyxana ustadlarına qarşı hörmətsizlik edib.

Turkustan.info xəbər verir ki, şair Qəşəm Nəcəfzadənin oğlu, qalmaqalları ilə gündəm düşməyən gənc yazar Kəramət Böyükçöl bu dəfə də dünyasını dəyişən meyxanaçı Aydın Xırdalanlı haqqında yazdığı statusla müzakirələrə səbəb olub. 

Belə ki, o statusunda Aydın Xırdalanlı ilə birgə meyxana sənətinin də ölüb getməsini istədiyini yazıb:

“Aydın Xırdalanlı vəfat edib. İnsan olaraq Aydına bir sözüm yoxdur, onu nə sevirdim, nə də sevmirdim. Allah rəhmət eləsin. Amma arzu edirəm, Aydınla birlikdə Azərbaycanda adına sənət dedikləri o meyxana da ölüb getsin, rədd olsun, efirlər meyxanaya qadağa qoysun. Meyxanaçılar nə qədər çox yox olarsa, xalqımız o qədər aydınlığa çıxacaq”.

Onun bu fikirləri sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. 

Atası şair Qəşəm Nəcəfzadə onun bu davranışlarına cavab olaraq dəfələrlə televiziyalarda onun adına cəmiyyətdən üzr istəyib. Bu dəfə isə Q.Nəcəfzadə özünün “Facebook” səhifəsində bir gün ölərsə, oğlunu onun tabutuna yaxın buraxmamağı rica edib:

“Əlacsızam deyə yüz dəfə düşünüb yazıram. Deməyin, ağlını itirib yazır. Kəramətin alçaq hərəkətlərindən son doqquz gündə təzyiqim 250-dən düşmür. Hərdən 270-ə qalxır. Üstəlik, ürək əməliyyatından qalan problem, şəkər…

Ovuc-ovuc dərman yeyirəm, analizlər, MRT-lər, kompüter tomoqrafiya və sair. Əhəmiyyətsiz bir şey… Halıma göylə uçan quş da ağlayar… Aprelin 1-i ad günüm. 60 yaşım. Yəqin ki, tezliklə öləcəyəm.

Demişəm, Kəraməti tabutuma yaxın qoymayın. Onu zülümlə böyütmüşdüm… Məni o alçaq öldürdü. Ona nifrət edirəm. Azərbaycanda təhqir etmədiyi və məni söydürmədiyi adam qalmadı…”   /Oxu.Az/