Bu yol Qarabağın Ermənistana birləşdirilməsinə aparır

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
 

Ermənilərin bu qədər “oyununun” qarşısında Azərbaycanın bütün odunu-közünü ATƏT elçilərinin üstünə atı, özü isə küllə oynaması heç anlaşılan deyil

Ermənistan Təhlükəsizlik Şurasının iclasını Dağlıq Qarabağda keçirməklə bütün dünya ölkələri və beynəlxalq təşkilatların qərarlarına “vız” atmaqla Azərbaycanın bu əzəli bölgəsini öz ərazisi hesab etdiyini hamıya göstərdi. Doğrudur, Qarabağda ilk belə bir iclasın keçirilməsinin əsl səbəbini haylar özləri açıq mətnlə açıqlamasalar da, amma “görünən dağa nə bələdçi?”. Onlar bununla “Yar mənim, xal mənim, ixtiyar mənim” – deyib özləri üçün istədikləri kimi çalıb-oynadılar.

Artıq 30 ildir bu “oyuna” düşən Azərbaycan sülh deyib dayanıb, amma ermənilər Qarabağı legitimləşdirmək üçün dayanmadan min-bir oyundan çıxırlar.

Baxın, Azərbaycan siyasətşünasları bu utancverici hala – “Dağlıq Qarabağın iclasın məkanı kimi seçilməsi ilə Nikol Paşinyan vasitəçilərə öz rəyinin yetərli olmamasını göstərmək istəyir” dedikləri təqdirdə, “dqr prezidentinin mətbuat katibi” David Babayan jurnalistlərə burada heç bir qeyri-adilik olmadığını – “Bu, adi planlaşdırılmış, necə deyərlər, işçi səfərdir və bunun səbəbi heç bir böhranlı problemlə bağlı deyil” – deyib, bununla Azərbaycana dolayısı ilə “get kimə şikayət edirsən, et” söyləyir.

Əslində rəsmi Bakının şikayətlənməli yer qalmayıb. Çünki illərdir ki, Azərbaycan bütün dünyaya elə dünyanın özündən şikayət edir, amma dünyanın nə kar qulaqları eşidir, nə də kor gözləri açılır.

Hələ görün erməni qızı Naira Ayrumyan nə yazır? Şərhçi qız yazır ki, Paşinyanın Xankəndində Təhlükəsizlik Şurasının iclasını keçirməkdə məqsədi Qarabağ danışıqlarını aparmaq üçün xüsusi razılıq mandatını əldə etmək olub. Amma Qarabağ belə bir mandatı ona verməkdən imtina edib. Hətta, güya Paşinyan deyib ki, “Mən dəfələrlə demişəm Ermənistanın baş naziri “Artsax xalqının təmsilçisi kimi” bu öhdəliyi yerinə yetirə bilməz. Çünki “Artsax xalqı” Ermənistanda keçirilən seçkilərdə iştirak etmir və buna görə də Ermənistan baş naziri belə bir səlahiyyət daşıyanların sırasına daxil olmur”.

Cənablar indi siz deyin, məgər bundan sonra Qarabağla bağlı siyasət çəkicini gah özünə, gah da Bako Saakyanın başına vuran Paşinyanın Qarabağı sülh yolu ilə geri qaytarmasına inanmaq, rəsmi Bakı üçün ən azı sadəlöhvlük olmazmı?

Bu boyda oyunbazlığın qarşısında Azərbaycan Xarici İşlər Nazirliyi isə yenə də  həmişəki kimi – “Münaqişənin həlli beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü heç bir şəkildə müzakirə predmeti ola bilməz” deyərək, “çevir tatı, vur tatı”dan başqa tutarlı bir söz söyləmir.

Maraqlıdır ki, neçə illərdir ATƏT “elçilərinin” bu məsələ ilə bağlı gəlib İrəvanın elçi daşının üstündə oturub sonra suyu süzülə-süzülə getmələrinə baxmayaraq, nədənsə Azərbaycan özünü toparlayıb bu “daşı” götürüb birdəfəlik İrəvanın başına vurmur ki, vurmur.

Artıq ermənilər illərdir ki, rəsmi Bakının hər hansı bir sözünə çürük qoz qədər qiymət vermirlər, əksinə, sanki acığa, gedib özləri üçün qoz bağları salıb istədikləri qədər qozlayırlar, elə həm də “qozlanırlar”. 

Qoz demişkən, Azərbaycan gücü qoz-fındığa verib Novruz bayramı keçirdiyi bu günlərdə ermənilər Təl-Əvivdə “Abraham Hostel Bar” mərkəzində “Qarabağa həsr olunmuş” Azərbaycan əleyhinə saxtakarlıqlarla dolu foto-sərgi keçirirlər. Azərbaycanla münasibəti yüksək səviyyədə olan İsrayıl oğulları çox güman ki, elə İran rəsmilərinin “Ararat” klubundakı hoqqadan sonra dedikləri kimi – “bu oyundan xəbərimiz olmayıb” söyləsə, şübhəsiz ki, Azərbaycan da “eybi yox, olan şeydir” deməklə kifayətlənəcək.

Amma əslində güman etmək olar ki, hayların tutduğu bu hiylədolu yol, bütün açıqlığı ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə aparır.

Məgər Xankəndidə keçirilən Şuradan sonra Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” partiyasından olan “üzvi birləşmələri” ürəklənib “Mən – Artsaxam!”, “Artsax bizlərdən biridir!” şüarlarını səsləndirməklə parlamentin növbədənkənar iclasına separatçı rejimin “bayrağı” ilə daxil olmadılarmı?

Bu azmış kimiartıq işğal altında olan torpaqlarda xüsusi şöbəsi təsis edilmiş “Sasna Tsrer” müxalifət partiyası Dağlıq Qarabağın təcili olaraq Ermənistana birləşdirilməsi barədə bəyanat yayıb, Xankəndi, Şuşa və digər rayonlarda yaşayan ermənilərdən işğalçı ölkəyə birləşmək barədə imza toplamağa başlamadımı?

“Sasna Tsrer”in yaradıcılarından biri Varujan Avetisyanın jurnalistlərə bildirdiyinə görə, bu işdə əvvəlcə əsas məqsəd Qarabağ ermənilərinin Ermənistan parlament seçkilərində iştirak etmək hüquqlarını əldə etməkdir. Bunun ardınca isə separatçı rejimin və işğalçı ölkənin parlamentləri birləşmək barədə qərar verməlidir. 

Əslində hələ 1988-ci ildən başlanan separatçı erməni hərəkatının ilk və əsas şüarı elə “Miatsum” yəni, “birləşmək” idi və bu gün onlar artıq bu “birləşməni” həyata keçirmək üçün ən yaxşı siyasi şəraitin yetişdiyini düşünürlər.

Ermənilərin bu qədər “oyununun” qarşısında Azərbaycanın bütün odu-közü ATƏT elçilərinin üstünə atıb özü isə küllə oynaması heç anlaşılan deyil. Çünki külü nə qədər üfürsən də, ondan od alınmayacaq. Küllə oynayanın üzünə-gözünə yalnız kül dolar.

Novruz bayramında ocaq çatıb üstündən atılaraq ağırlıqlarını-uğurluqlarını odda yandıranlar görəsən heç düşündülərmi ki, girovluqda azad olunacaqları günü hər an gözləyən qız-gəlinlər ağırdan da ağır gündədirlər, bəs onların üstlərindəki “ağırlıqların” odda yandırılmasının vaxtı çatmadımı?  /modern.az/

568 Baxılıb