Şura deputatların rəhbəri olduğu QHT-lərin layihələrini ona görə dəstəkləyir ki… Əliməmməd Nuriyevdən ŞƏRH

Son günlər Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından təsisçilərindən biri AR Milli Məclisi üzvü olan QHT-lərin qrant almasının maraqlar toqquşması olması barədə səslənən fikirlər ətrafında müzakirələr açılıb. Maraqlar toqquşması dedikdə – vəzifəli şəxsin özü və ya ailə üzvləri ilə bağlı olan və ya vəzifəli şəxsin şəxsi marağının olduğu və bu marağın onun xidməti vəzifələrinin obyektiv və qərəzsiz icrаsınа təsir göstərdiyi və ya təsir göstərə biləcəyi vəziyyət nəzərdə tutulur. 
Bununla əlaqədar aşağıdakıları qeyd etmək istərdim:
1. Qanunvericilik millət vəkillərinin QHT-lərin təsisçi olmasına qadağan qoymur. Belə olan halda, QHT-lərin təsisçilərindən birinin ( yaxud təsisçilərin) millət vəkili olması onun QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi Qrant müsabiqələrində iştirak etməsi üçün əngəl ola bilməz. QHT-lərə Dövlət Dəstəyi Şurası açıq elan verir və müsabiqə şərtlərinə uyğun gələn hər bir təşkilat bu müsabiqəyə layihə təklifi təqdim edə bilər.
2. Təsisçilərindən biri (yaxud təsisçiləri) millət vəkili olan QHT-lərin təqdim etdiyi layihə təklifləri müsabiqədə iştirak edərək, texniki seleksiyadan və ekspert qiymətləndirməsindən keçirlər. Ekspertlər qiymətləndirən zaman yalnız layihə təklifini qiymətləndirirlər. Layihə təklifinin hansı təşkilata aid olması onlar üçün məlum olmur. Bununla bağlı müsabiqə qaydlarında sərt tələblər nəzərdə tutulub. Yəni konkret olaraq layihə təklifi qiymətləndirilir. Yəni hər hansı imtiyaz və güzəştdən söhbət getmir.
3. Bu QHT-lərin təsisçiləri bu layihələrdə haqqı ödənilən vəzifə tutmurlar, həmçinin xidmət göstərmilər
4. Nəzəri baxımdan millət vəkillərinin səsverməsində iştirak etdiyi bütün məsələlərdə maraqlar toqquşması halı aşkarlamaq olar.
5. QHT-lərə Dövlət Dəstəyi Şurasına hər il dövlət büdcəsindən konkret məbləğdə maliyyə vəsaiti ayrılır və millət vəkilləri büdcə zərfinə bütövlükdə səs verirlər.
6. QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi Qrant müsabiqələrində qalib olan və təsisçilərindən biri (yaxud təsisçiləri) millət vəkili olan QHT-lərin layihələri ilə bağlı şəffaflıq təmin olunub. Onların təsisçiləri anonim deyil və bu məlumatlar ictimaiyyət üçün açıqdır.
7. Bu layihələr əksər hallarda sosial xarakterlidir, yaxud milli-mədəni irsin təbliği ilə bağlı layihələrdir və heç bir halda millət vəkillərinin vəzifələrinin obyektiv və qərəzsiz icrаsınа təsir göstərdiyi və ya təsir göstərə biləcəyi vəziyyət yarada bilməz.
8. Şura Əsasnaməsinə uyğun olaraq Şura üzvlərinin təsisçi, yaxud rəhbər olduğu QHT-lərin layihə təklifləri qiymətləndirilən zaman onlar səsvermədə iştirak etmirlər.
9. QHT Şurası milli donor olaraq qrant müsabiqələrinin təşkili və keçirilməsi üçün şəffaflığı, obyektivliyi, hesabatlılığı təmin etməkdən ötürü bütün prosedur qaydalara malikdir. Şəffaf, aydın, işlək Appelyasiya mexanizmi yaradılıb. “Qaynar xətt” yaradılıb. Qrant alan və almayan təşkilatların adları, aldığı ballar dərc olunur, saytlarda yerləşdirilir. Çox effektiv seleksiya və ekspert qiymətləndirilməsi sisteminə malikdir. Hər bir şəxs üçün bu məlumatlar əlçatandır.
Sonda qeyd edim ki, bu cür iddialar və iftiralar sırf şəxsi qərəzdən qaynaqlanır və məsələlərin mahiyyəti hay-küy yaratmaq üçün təhrif edilir. Çox zaman nümunə kimi qeyd edilən beynəlxalq donorlar Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün bir layihə belə dəstəkləməyiblər. Amma özlərini obyektivlik mücəssiməsi sayanlar heç bu barədə bir dəfə də olsun səslərini çıxarmayıblar. Bəziləri isə beynəlxalq donorların qrant vəsaitlərindən əmlak zənginliklərini artırmaq üçün yararlanıblar.
Əliməmməd Nuriyev
Tanınmış hüquqşunas
99 Baxılıb