Türkmənsəhra fəlakəti: İranda nələr baş verir?

Bu faciəyə dövlət zərrə qədər diqqət, maddi yardım göstərmir. Bütün yardımlar məhz Güney azərbaycanlılardan gəlir. Qeyri-iş günüdür deyə millət qırılıb ölməlidir?!

Turkustan.info bildirir ki, bu sözləri Güney azərbaycanlı milli-mədəni fəal Elyar Qaffari Türkmənsəhradakı vəziyyətlə bağlı Axar.az-a danışarkən deyib.

O, İran mediasını sözügedən problemi ictimaiyyətə çatdırmamaqda da qınayıb:

“Bunun səbəbini bilmirik, bilsəydik, çarə qılardıq. Burada rasist münasibət var. 9 nəfərin öldüyü bildirilir, amma 2 nəfərin ölməsi barədə rəsmi məlumat yayılır. Axı niyə fars mediası bu məsələ haqda heç nə yazmır? Onlar üçün də qeyri-iş günüdür? Millət orda məhv olur, media nə edir? Suriyanın, İraqın olaylarını xəbər edəndə işləyirlər, türklərə gələndə yox?!”

Türkmənsəhradakı vəziyyətlə bağlı danışan türkmən sakin isə azərbaycanlıların köməyi ilə həyatda qaldıqlarını bildirib:

“Güney azərbaycanlılarının yardımından sonra vəziyyət bir qədər yaxşılaşıb. Bu fəlakətə səbəb sədlərin vaxtında boşaldılmamasıdır. Evlərimiz uçub, başqa şəhərlərdən bizə çörək gətirirlər. Şəhərin suyunun 2-3 günə boşaldılacağı bildirilir. Ən acısı da odur ki, 2 uşaq bu fəlakətin qurbanı oldu”.

Qeyd edək ki, təbii fəlakət Günbəd Kavus, Ağ Qala, Qaimşəhr kimi şəhərlərdə yüzlərlə evi dağıdıb, infrastrukturu tamamilə məhv edib. Sel fəlakətinə görə minlərlə insan çıxılmaz vəziyyətdə qalıb.

758 Baxılıb