Ça. İyn 25th, 2019

“Şirvanşahlar yurdu”nun baharı

“Şirvanşahlar yurdu” –  Bu günlərdə Beynəlxalq Mətbuat Mərkəzində  təqdimatı keçirilən  bu dəyərli  kitabın nəşrini   mühacir  ziyalımız  Cahangir Zeynaloğlunun  vətənə yenidən “dönüş”ü də adlandırmaq olar. Kitabın Cahangir bəyin  doğma vətənində işıq üzü görməsi onun vətəninə  ilk  “dönüş”ündən – 1992-ci ildə “Müxtəsər Azərbaycan tarixi” nin  nəşr olunmasından keçən illər ərzində mühacirlərimizin həyat və yaradıcılığının araşdırılması sahəsində görülən mühüm  işlərdən biridir.

İlk dəfə  1931-ci ildə Türkiyədə, İstanbulda nəşr edilən “Şirvanşahlar yurdu” əsərini  Azərbaycan türkcəsinə tərcümə edən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Şəhla Xəlilli, nəşrə hazırlayan və redaktoru  tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir. Kitabda Fariz bəyin “Redaktordan”  imzalı geniş təqdimat yazısında, eləcə də Cahangir bəyin nəvəsi Selcuk Akat bəyin yazdığı “Ön söz”də əsər və müəllifi barədə dəyərli məlumatlar öz əksini tapıb. Gənc olmasına rəğmən, respublikamızda və  xaricdə mədəni irsimizin tədqiqi və təbliği yolunda gördüyü  dəyərli işlərlə kifayət qədər tanınan,  “Miras” – Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarixçi-alim Fariz Xəlillinin  kitabda, bu nəşrin ərsəyə gəlməsi prosesindən bəhs edərkən  C.Zeynaloğlu barədə aparılan tədqiqatlardan ( T.Kərimova, T.Nəcəfli, D.Əhməd və başqalarının araşdırmaları) söz açması, xüsusilə “Şirvanşahlar yurdu”nun Azərbaycan dilində nəşr etməyi  vaxtilə ona   tövsiyyə edən mərhum ziyalımız Maarif Teymuru  hörmətlə yad edərək  kitabı onun əziz xatirəsinə ithaf etməsi də təqdirəlayiqdir.

     Yurdumuzun tarixindən bəhs edən, ən qədim dövrlərdən başlamış XIX əsrin sonlarınadək böyük bir dövrü əhatə edən bu dəyərli əsərin əsas qayəsi istiqlaldır! Fariz bəyin də  haqlı olaraq vurğuladığı kimi, “Cahangir Zeynaloğlu əsərlərində də istiqlal aşiqidir, əsərin əvvəldən-axıra əsas mövzusunu istiqlal amalı təşkil edir.” Təsadüfi deyil ki, kitabdakı yarımfəsillərdən birini “Müstəqil yaşamaq ləyaqəti”adlandıran müəllif  istila edilmiş vətəninin yenidən azadlığına, müstəqilliyinə qovuşması  arzusunu belə qələmə almışdır: “Şirvanşahlar müstəqil yaşamaq müvəffəqiyyətini millətin milli hissiyatından alırdı. Əcdadlarımzın daima qüvvətli vətənpərvərlik hissiyatına malik olduğunu görməklə nə qədər iftixar etsək, yeri var. Arzu edək ki, bu hissiyyat yetişən nəsillərə də bir örnək olsun, öz yurdlarını və milli mövcudiyyətlərini heç olmasa babaları qədər yaşatmağa müvəffəq olsunlar.”

      Cahangir Zeynaloğlu barədə qısa arayış: Cahangir Zeynal oğlu Nəsirbəyov 1892-ci ildə doğma Qarabağ diyarımızda,   Şuşada dünyaya göz açıb. İlk təhsilini də Şuşada   alıb. (Yeri gəlmişkən qeyd edək ki, Cahangir bəy doğma Şuşamızın  daha bir nakam taleli övladı, onun kimi ömrü qürbətdə sona yetən görkəmli ictimai xadim və ədib Yusif bəy Vəzirovla (Y.V.Çəmənzəminli ilə) məktəb yoldaşı və yaxın dost olub. Yusif Vəzirin bu gün AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan zəngin arxivində saxlanılan gündəliyinin səhifələrində məktəb yoldaşı Cahangir bəyə ünvanlanan dörd məktubu da öz əksini tapıb. Bu məktubların hər biri onların səmimi dostluğundan və vətənə, millətə son dərəcə bağlı vətənpərvər gənclər olmasından soraq verir.)Varlı  zadəgan ailəsindən olan Cahangir  bəy Birinci Dünya müharibəsi başlayanda  hərbi xidmətə çağırılıb, əvvəlcə podporuçik, sonra isə poruçik rütbəsində  Qafqaz cəbhəsində vuruşub.   Hələ Azərbaycan Xalq Cümhuriyyəti yaradılmamışdan Azərbaycan  Zaqafqaziya Federasiyasının tərkibində olarkən milli hərbi kadrların yaradılmasında iştirak edib. Tiflisdə yerləşən unter zabit məktəbinin – “Müsəlman praporşiklər məktəbi”nin rəisi təyin edilib. Hərbi rütbəsi də artırılaraq əvvəlcə ştabs-kapitan, sonra isə kapitan rütbəsinək yüksəlib. Cümhuriyyət elan edildikdən sonra Gəncəyə köçürülən və türkiyəli hərbçilərin köməyi ilə fəaliyyətini bərpa edən hərbi məktəbdə tərcüməçi və rəis köməkçisi kimi xidmət edib. 1920-ci ilin dekabrında  onu gözləyən həbs və ölüm təhlükəsindən qurtulmaq üçün  vətənini tərk etmək məcburiyyətində qalan  Cahangir bəy Türkiyəyə köçüb. İki övladı – oğlu Baykal və qızı Maral burada dünyaya gəlib. İkinci Dünya müharibəsi başlananadək Türkiyədə  yaşayan mühacir ziyalımız həmin illərdə müxtəlif məktəblərdə rus, alman, fransız və italyan dillərini tədris edib. Sonra ticarətlə məşğul olub, Sivasda “Vətən”  fabrikini yaradıb. Türkiyədə yaşayan azərbaycanlı mühacir dostlarından bəziləri Avropaya və Amerikaya köçdükdən sonra  Cahangir bəy də bir neçə dostu ilə birgə Almaniyaya köçüb. Burada “Könüllülər ordusu”nun sıralarına daxil olub. Almaniyada olarkən ailəsinə göndərdiyi məktubların birində, “tezliklə Azərbaycan azad olacaq, müstəqilliyini qaytaracaq və biz hamımız birlikdə Vətənimizə gedəcəyik”, – deyə yazan Cahangir bəy bu böyük ümidlə yaşasa da, təəssüf ki,  arzusuna qovuşa bilməyib. 1944-cü ildə qürbət ellərdə, Almaniyada doğmalarına, ailəsinə və bütün varlığı ilə sevdiyi vətəninə qovuşmadan  ömrü başa çatıb.

      Füziki ömrü başa çatsa da, Cahangir Zeynaloğlunun mənəvi ömrü onun övladlarında, nəvələrində və yazıb-yaratdığı, nəşr etdirdiyi əsərlərində yaşamaqdadır. Elmi fəaliyyəti  ilə mədəniyyət tariximizdə şərəfli  iz qoymuş bu vətənpərvər ziyalı İstanbulda çap olunmuş dörd kitabın – “Müxtəsər Azərbaycan tarixi”, “Şirvanşahlar yurdu”, “Tariximizin xanlıqlar dövrü”  və “Atalar sözü (Xalqın sözü, haqqın sözü)”  əsərlərinin müəllifidir. Zəngin mütaliə, fitri istedad, geniş dünyagörüşü sayəsində və ən başlıcası, böyük vətən sevgisindən yaranan bu əsərlər Cahangir bəyin ömrünün davamıdır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki,  mühacirətdə yaranan əsərləri, xüsusilə elmi əsərləri  dəyərləndirərkən onların yazıldığı dövrü, mövcud şəraiti, vətəndən uzaqda hansı çətinliklərlə qələmə alınmasını, bəhrələnməli və istinad edilməli əksər  mənbələrin əlçatmazlığını nəzərə almaq önəmlidir. Ən önəmlisi isə,  həmin əsərlərin yaranma səbəbini və  müəllüfin əsas məqsədini unutmamaqdır:  Vətəndən uzaqlarda vətənin bir parçası olaraq onu təmsil etmək, onu dünyaya tanıtmaq! Vətən övladlarının, gələcək nəsillərin bu qiymətli əmanətə  sahib çıxması  üçün var qüvvələri ilə çalışmaq! Sözü ilə, qələmi ilə bir mücahid kimi döyüşərək tariximizi, ədəbiyyatımızı, mənəvi dəyərimiz olan folklorumuzu təbliğ etməklə, yaşatmaqla, əslində  Azərbaycanımızı, istiqlal ümidini, müstəqillik arzusunu  yaşatmaq! Vaxtilə bu müqəddəs məqsədlə yazılıb 1931-ci ildə Türkiyədə nəşr olunan   “Şirvanşahlar yurdu” nun uzun illərdən sonra  Cahangir Zeynaloğlunun öz vətənində  ana dilində çapı  da  “istiqlal  sevdalısı”  mühacir ziyalımızın arzularının həyata keçməsi, həyatının davamıdır!

        “Mənim babam (anamın atası) Azərbaycanın  istiqlal sevdalısı Cahangir bəy Zeynal bəy oğlu Nəsirbəyovdur. Bütün uşaqlığım və gəncliyim Cahangir bəy haqqında hekayələrlə keçdi. Hər zaman babamın Vətən sevgisinə heyran oldum. Azərbaycan müstəqil olduqdan sonra Azərbaycanda yaşadım, Azərbaycanla bağlı işlər gördüm, Azərbaycanı vətənim Türkiyə qədər sevdim. Azərbaycan üçün əlimdən gələn bütün xeyirxah işləri görməyə özümü borclu hesab etdim. Bütün bunlar babamın bizə qoyub getdiyi dəyər, mirasdır.” – Cahangir Zeynaloğlunun nəvəsi Səlcuk Akatın  “Şirvanşahlar yurdu”nun  yeni nəşrinə yazdığı  “Ön söz”  bu sətirlərlə başlayır. Əziz babasından ona miras qalan dəyərlərə – ən önəmlisi Azərbaycan sevgisinə böyük hörmətlə sahib  çıxan Səlcuk bəy bu gün Azərbaycanla Türkiyə arasında qardaşlıq körpüsü quran önəmli insanlardandır. ADCO Petrol şirkətinin sahibi, DEİK Türkiyə – Azərbaycan İş Komitəsinin sədri, Qara dəniz İqtisadi Əməkdaşlığı Təşkilatının İşçi komitəsində Türkiyə təmsilçisidir.

      “Şirvanşahlar yurdu” kitabının təqdimat mərasimində “Miras” İctimai Birliyinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin, tanınmış tarixçi alimlərin (AMEA-nın müxbir üzvü Vəli Əliyev, professorlar Kübra Əliyeva, Şikar Qasımov), müəllifin nəvəsi Səlcuk Akatın, gənc tədqiqatçı-jurnalist Dilqəm Əhmədin, kitabın tərcüməçisi Şəhla Xəlillinin iş yoldaşları – Əlyazmalar İnstitutunun əməkdaşlarının və b.  çıxışları böyük maraqla qarşılandı. Kitab və müəllifi barədə, eləcə də bu kitaba ikinci həyat bəxş edən iki gözəl gənc – Fariz və Şəhla Xəlillilər barədə   dəyərli fikirlər söylənildi. Bahar bayramımız – Novruz bayramı ərəfəsində  “Şirvanşahlar yurdu” kitabı ilə vətəninə  “dönən”, arzuları çiçək açan mühacir alimimiz Cahangir Zeynaloğlunun əziz  ruhunu şad edən gözəl insanlara biz də “var olun!” – deyirik. Yurdumuza bahar gəlib! Bu bahar  yenidən həyat bəxş edilən “Şirvanşahlar yurdu”nun da baharıdır!

     Cahangir Zeynaloğlunun əziz ruhunun daim şad olması,  digər əsərlərinin də vətənində nəşr edilməsi  və təqdimat mərasimlərinin  də doğma Şuşamızda  keçirilməsi arzusuyla

Dos.dr. Şəlalə  Ana  Hümmətli