Bakı Atatürk Liseyinə sənəd qəbulu davam edir

Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyi 2019-2020-ci tədris ili üçün birinci siniflərə qəbul elan edir. 
Liseydən Turkustan.info-ya  verilən məlumata görə sənəd qəbulu may ayının 4-nə qədər davam edəcək. 
May ayının 11-də isə liseydə təhsil almaq  istəyən uşaqlar üçün zəka testi imtahanı keçiriləcək. İmtahanda ən yüksək nəticə göstərən uşaqlar liseyin birinci sinfinə qəbul olunacaqlar.
Xatırladaq ki, Bakı Atatürk Liseyi 27 il bundan öncə, 1992-ci ildə Türk Dünyası Araşdırmalar Vəqfinin qurucusu, mərhum professor Turan Yazqan tərəfindən açılıb. 
Lisey fəaliyyət göstərdiyi müddətdə minlərlə məzun verib. Hər il liseyin məzunlarının azı yüzdə 98 faizi Azərbaycanın, Türkiyənin, həmçinin dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunurlar.
Liseydə Türkiyə Cümhuriyyətinin Milli Təhsil Nazirliyinin tədris plan proqramı ilə Azərbaycan Təhsil Nazirliyinin tədris plan proqramı birləşdirilərək təlim-tərbiyə aparılır. Liseydə təhsil iki növbəlidir. 1-4-cü siniflər günortadan sonra, 5-11-ci siniflər isə səhər növbəsində oxuyur. 
Liseydə fizik-kimya-biologiya laboratoriyaları, zəngin kitabxana mövcuddur. 1-4-cü siniflərdə dərsləri Türkiyədən gəlmiş müəllimlər tədris edir. İlk dörd sinifdə Türkiyə Milli Təhsil Nazirliyinin dərslikləri və tədris proqramı tətbiq edilir. 
Bununla yanaşı, ilk dörd sinifdə Azərbaycan dili, ingilis dili və kompüter dərsləri də keçirilir. 5-11-ci siniflərdə başlıca olaraq Azərbaycan Təhsil Nazirliyinin dərslikləri və tədris plan proqramını tətbiq edilir. Ancaq 5-11-ci siniflərdə, həmçinin Türkiyə Milli Təhsil Nazirliyinin proqramına əsasən Türk dili fənni də tədris olunur. Türkiyə türkcəsində keçirilən dərslərin kitabları şagirdlərə lisey tərəfindən pulsuz verilir.
166 Baxılıb