Ca. İyl 18th, 2019

Üzümçü fermerlər yenidən ADAU-da bir araya toplandı

Azərbaycan Dövlət Aqrar Universitetinin alimləri artıq xeyli vaxtdır fermer və torpaq mülkiyyətçiləri ilə ardıcıl görüşür, kənd təsərrüfatının elmi əsaslara inkişafı üçün təklif və tövsiyyələrini bildirir, bu sahənin adamlarını maraqlandıran sualları cavablandırırlar. Yəni, ADAU-nun alimləri indi fermerlərlə daha intensiv əlaqə saxlayır, onlara gərəkən istiqaməti verirlər.

  Təhsil müəssisəsinin mətbuat xidmətindən verilən xəbərə görə daha bir seminar Universitetin Bağçılıq kafedrasının əməkdaşları tərəfindən keçirilib. “Azərbaycanda üzümçülüyün innovativ becərmə texnologiyası və qarşıda duran problemlər” mövzusunda keçirilən seminarda Cəlilabad, Tərtər, Goranboy, Samux, Şəmkir və Qazax rayonundan olan üzümçü fermerlər iştirak edib. Əvvəlcə Aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov və kafedra müdiri Hüseyn İdrisov seminarın məqsədi barədə iştirakçılara məlumat verib və onları fəal olmağa çağırıb. Sonra kafedranın müəllimi, dosent əvəzi Sevil Abdullayeva Azərbaycanda üzümçülüyün hazırkı vəziyyəti və gələcək inkişaf yollarında ətraflı söhbət açıb. Bildirib ki, son zamanlar müxtəlif ölkələrdən gətirilərək, həmçinin respublikamızın müxtəlif bölgələrində yayılan yerli və introduksiya olunan üzüm sortlarının elmi əsaslar tətbiq olunmadan, sınaqdan keçirilmədən bəzi fermer və şəxsi təsərrüfatlarda əkilməsi halları müşahidə olunur.

 Dosent əvəzi Məhsəti Ələkbərova isə “ Üzükçülükdə əkin materialı çatışmazlığı, onun yaratdığı fəsadlar və aradan qaldırılması yolları” haqqında ətraflı məlumat verib və bildirib ki, yerli ting bazasının olmaması səbəbindən yeni üzümlüklərin salınması üçün əkin materialı (əsasən calaq edilən tinglər) xaricdən gətirilir. Bu isə yerli sortların sıxışdırılması ilə nəticələnir.

 Seminarda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iştirak edib.

 Seminar qarşılıqlı diskusiya şəraitində başa çatıb, fermerlərin qaldırdığı suallar cavablandırılıb.